Cənub bölgəsində yeni mədəniyyət və turizm obyektləri qurulur

 

   Prezident İlham Əliyev Lənkəran və Cəlilabadda görülən işlərlə tanış olub

  

   İyulun 31-də Prezident İlham Əliyev ölkənin Cənub bölgəsinə səfər edib. Təyyarə ilə Lənkərana gələn dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

   Sonra Prezident Lənkəranda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Yenidənqurmadan əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub, hazırda isə nəfis tərtibatda işlənmiş ikimərtəbəli binanın ümumi sahəsi 3 min kvadratmetrdir. Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Binada 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif var.

   Ölkə başçısı Lənkəranda Bayraq Meydanı ilə də tanış olub. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Burada Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb. Ərazidə geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb.

   Prezident daha sonra Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq hotel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib. 4,7 hektar ərazidə tikiləcək hotelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla, 22 kottec inşa ediləcək. Burada həmçinin disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaq.

   Dövlət başçısı Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində də iştirak edib. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq.

  

   * * *

 

   Prezident Cəlilabad rayonunda da həyata keçirilən quruculuq-abadlıq işləri ilə tanış olub. Dövlət başçısına Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında aparılan işlər barədə məlumat verilib. 1952-ci ildə salınan parkda ilk dəfə əsaslı yenidənqurma tədbirləri görülüb. Yenidənqurmadan sonra park füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, rəngarənglik və layihənin mükəmməlliyi ərazinin cəlbediciliyini daha da artırır.

   Dövlət başçısı Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında da iştirak edib. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. Birinci mərtəbədəki “Cənub palitrası” təsviri incəsənət studiyasında rayon gənclərinin rəsm və digər əl işləri nümayiş etdirilir.

   Xalçaçılıq studiyasında gənclərimiz Azərbaycan xalçaçılıq məktəblərinin ənənələri ilə yaxından tanış olacaqbu qədim sənətin sirlərinə yiyələnəcəklər. Muğam studiyasına da cəlilabadlı gənclər xüsusi maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və tanınmış bəstəkarlar haqqında geniş məlumat veriləcək, Azərbaycan muğamının incəlikləri tədris olunacaq.

   Prezident Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə də tanış olub. Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restorantikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik hoteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilmişdir. Parkda gənclər və rayon sakinləri üstüörtülü 22 istirahət guşəsindən istifadə edə biləcəklər.

 

 

   Mədəniyyət.- 2012.- 1 avqust.- S. 2.