Həyata
keçirilən sosial siyasət hər bir vətəndaşın mənafeyinə
xidmət edir
Prezident İlham Əliyev ötən 9 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf edən dövlətlərindən biri kimi tanınır.
Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivə hesablanan dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Ölkənin iqtisadi inkişafının uğurlu göstəricilərindən biri də məhz budur ki, ÜDM-in artımı məhz qeyri-neft sektoru hesabına təmin olunur. Təkcə 2011-ci ildə qeyri-neft sektorunun 9,4 faiz, 2012-ci ilin yanvar-mart aylarında isə 7,7 faiz artması ölkə iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə atılan addımların müsbət nəticələr verdiyini göstərir. Belə ki, son 8 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 9,7 dəfə, daxili investisiyalar 10,9 dəfə artmışdır.
Hər bir vətəndaşın mənafeyinə cavab verən, təminatlı gələcəyə etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi Azərbaycanın bugünkü uğurlarını şərtləndirmişdir. Ölkəmizin son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. Bir müddət əvvəl Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi, büdcənin mədaxil və məxaric hissəsinin artırılması respublikanın davamlı yüksəliş yolunda olduğunu bir daha təsdiqləyir. Bu maliyyə sənədi dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına əsaslı maliyyə təminatı yaradır.
Bu gün qeyri-neft sənayesi ölkə iqtisadiyyatının dinamik inkişaf edən sektoruna çevrilmiş, bu sahədə məhsul istehsalı 2003-2011-ci illər ərzində təxminən 1,5 dəfə və yaxud orta hesabla hər il 5,2 faiz artmışdır. Hazırda tikintisi davam edən 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi müasir texnologiyaların və innovasiyaların tətbiqinə əsaslanan qeyri-neft sənayesinin inkişafını daha da sürətləndirəcəkdir. Təsadüfi deyildir ki, bu ilin birinci rübündə qeyri-neft sənayesində məhsul istehsalının 16,5 faizlik artımına nail olunmuşdur.
Bütün bunlar həm də sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, son illərdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir.
Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır.
Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini sahibkarlığa göstərilən qayğının tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.
Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 82 faiz təşkil edir. Demokratikləşmə prosesinə keçid mərhələsində sahibkarlığın və xüsusi mülkiyyətçiliyin roluna verilən böyük qiymət iqtisadi cəhətdən inkişaf etmiş bir çox dövlətlərin uğurlu təcrübəsinə əsaslanır. İqtisadi cəhətdən fəal və azad, təşəbbüskar, mütərəqqi islahatlara meyilli təbəqə daim proqressiv ideyaları dəstəkləyir, inkişafı buxovlayan bürokratizmə, konservatizmə qarşı çıxır.
Prezident İlham
Əliyev 2012-ci ilin birinci
rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib: "Makroiqtisadi
göstəricilər müsbətdir. İnflyasiya
cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da,
ümumiyyətlə, son illər ərzində
ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı
on faiz, ondan da çox üstələyir.
Bütövlükdə bu onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin
dövlət büdcəsi
20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən
25 milyard dollara bərabərdir. Sosial proqramlar
uğurla icra edilir. Xüsusilə sovet dövründən
qalmış əmanətlərin
qaytarılması prosesi
başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq
çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması
istiqamətində yeni,
mühüm addımlar
atılır".
Sovet dövründən
qalan əmanətlərin
qaytarılması da sosial siyasətin bəhrəsidir və hazırda vətəndaşlarımız
bu imkanlardan istifadə edirlər. Məlumat üçün
bildirək ki, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. Əmanətlərin qaytarılması istiqamətində görülən
əməli tədbirlər
Azərbaycan dövlətinin
insan amilini daim diqqət mərkəzində saxladığını
bir daha sübut edir.
Sosial sahəyə
diqqətin ildən-ilə
artırılması ölkə
vətəndaşlarının rifah halının yüksəlməsi ilə
nəticələnir. Sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq,
kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün
üzvlərini layiqli
həyat səviyyəsi
ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir.
Son 9 ildə Azərbaycanda
həyata keçirilən
ən ciddi sosial layihələrdən
biri də aztəminatlı vətəndaşlara
ünvanlı sosial yardımları nəzərdə
tutan xüsusi Dövlət Proqramının
həyata keçirilməsidir.
Ünvanlı sosial yardım
sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul olunaraq qüvvəyə minmişdir. Ünvanlı sosial yardımların verilməsində dövlətin
məqsədi heç
də insanları ələbaxımlığa, dövlətin
himayəsinə öyrətmək
deyil, əksinə, işlə təmin etmək, maddi rifah halının yüksəldilməsinə nail olmaqdır.
Ölkəmizdə ünvanlı sosial
yardım proqramının
uğurla həyata keçirilməsi, respublikamızda
yeni açılan iş yerlərinin sayının ildən-ilə
artması sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir.
Bu ilin birinci rübü ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, işləyənlərin
orta aylıq əməkhaqqı ötən
ilin müvafiq dövrünə nisbətən
8,5 faiz yüksələrək
368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 miylon manat təşkil
etmiş, hər nəfərə düşən
gəlirlər isə
12,3 faiz artmışdır.
Ötən il
orta pensiya təxminən 40 faiz artırılmışdır. Hazırda Azərbaycanda
orta pensiyanın səviyyəsi 150 manatdır.
Prezident
İlham Əliyevin yürütdüyü sosial
islahatların əsas
istiqamətləri əhalinin
məşğulluğunun təmin
edilməsi, yeni iş yerlərinin açılması və
paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq
prinsipinə üstünlük
verilməsi, aztəminatlı
ailələrin, əlillərin,
ailə başçısını
itirənlərin, şəhid
ailələrinin və
bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından,
onların həyat səviyyəsinin yüksəldilməsinə
şərait yaradılmasından
ibarətdir.
Ölkəmizdə uğurla aparılan iqtisadi islahatlar kompleks inkişafımıza
gətirib çıxarıb. Azərbaycanın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm
qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə
gəlirlərinin ildən-ilə
əhəmiyyətli dərəcədə
çoxalması iqtisadi
sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə
imkan yaradıb.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 3 avqust.- S. 1; 2.