İŞĞALIN İÇ ÜZÜ

 

Hər şeyin öz adı var!

 

Hamının bildiyi həqiqəti başqa cürə qələmə vermək olar, amma insanları ona inandırmaq mümkün deyildir!

Bəzən hamının bildiyi, amma özünü bilməzliyə qoyduğu məsələlər də olur!

Dünyada yüksək səviyyəli, kütləvi riyakarlıqların da mövcudluğu heç kəsə sirr deyildir!

Bunlardan biri də Qarabağ düyünüdür!

 

Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Buraya Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) daxildir.

İki məqama diqqət yetirək: Birincisi, işğal nə deməkdir, ikincisi, Ermənistan təkbaşına Azərbaycan torpaqlarını işğal edə bilərdimi?

Bizim üçün çox sadə və aydın görünən məsələdir. Odur ki, cavabı çox asandır.

İşğal zor gücünə (müharibə yolu ilə, yəni silah işlətməklə) başqa dövlətin ərazisini ələ keçirmək, müqavimət göstərən əli silahlıları öldürmək, yerli əhalini qovub çıxarmaq, ələ keçənləri girov götürmək, sonra qalan əmlakı çapıb-talamaq, yandırıb dağıtmaq və torpaqları silah gücünə saxlayaraq geriyə qaytarmamaqdır!

Ermənistan qonşusu Azərbaycana qarşı bütün bu addımları atıb və əməllərini bu gün də davam etdirməkdədir.

Sualın ikinci hissəsində də qaranlıq heç nə yoxdur! SSRİ-nin dağıldığı vaxtda təqribən eyni gücə malik (o vaxt heç bir müttəfiq respublikanın ordusu yox idi) iki "qardaş respublika"dan biri digərinin ərazisini tuta bilməzdi! Ən azı hərbin çox sadə bir qanununa görə: hücuma keçən müdafiə olunandan bir neçə dəfə güclü olmalıdır, yoxsa qələbə mümkün deyil!

Üstəlik, dilənçi kökündə yaşayan Ermənistan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə malik Azərbaycanın torpaqlarını işğalda saxlaya bilməz!

Bəs paradoks nədir?

Dünyada gedən proseslərlə və dünyanın taleyi ilə məşğul olan heç bir qurum Ermənistana işğalçı, Azərbaycan torpaqlarını zorla zəbt etmiş dövlət demir? Niyə, Ermənistandan qorxur?

İkincisi, heç ona qonşu dövlətin "BMT tərəfindən tanınmış ərazilərindən çıxmalısan" deyən və buna görə müddət qoyan da yoxdur! Ola bilər ki, kiminsə bu işğal faktından indiyədək xəbəri olmasın! Amma BMT Təhlükəsizlik Şurasının son 20 il ərzində məsələ ilə bağlı qəbul etdiyi 4 qətnaməsini oxuyub hali ola bilər.

BMT-dən sonra belə bir faktın mövcudluğunu qəbul edən ATƏT onu çözməkdən ötəri məxsusi bir qurum - Minsk qrupu yaradaraq artıq bir qərinəyə yaxındır ki, bu işlə məşğuldur. Şübhə yoxdur ki, bu sayaq bir əsr də "çalışsa", yenə heç nəyə nail olmayacaq! Əslində ATƏT-in Minsk qrupu indiyədək qarşısına qoyduğu "əsas məqsədə" çatıb, müharibənin yenidən alovlanmasına imkan verməyib və status-kvonu qoruyub! Bu, tərəflərdən birini, işğalçı tərəfi qane edir. Möhkəm və etibarlı sülh üçün isə hər iki tərəfin razılığı gərəkdir!

Bax, məsələni qəlizləşdirən də "hər iki tərəfin razılığı" kimi ilk baxışdan sadə və "ədalətli" görünən prinsipin qoyulmasıdır! Əgər hərə öz ərazisində olsaydı, bu prinsipi ədalətli sayıb, razılığa gəlmək olardı. Çapqınçı ilə razılığa gəlmək isə yalnız onun  oğurlayıb taladığının bir hissəsindən keçmək, "ərazi bağışlamaq" formasında gedə bilər. Bu məsələdə Azərbaycanın mövqeyi qəti və konkretdir: bir qarış torpağını belə işğalçıya güzəştə getməyəcəkdir!

Şahmat dili ilə desək bu artıq pat vəziyyətidir. Belə vəziyyətdə oyun yalnız yeni müharibə ilə başa çata bilər.

Öz ərazisini düşmən işğalından azad etmək niyyətində olan Azərbaycan müharibəyə hazırlaşır və bunu gizlətmir də! İqtisadi cəhətdən güclənir, ilbəil hərbi xərclərini artırır, yeni və müasir silahlar alır! Azərbaycan cəmiyyəti də psixoloji cəhətdən  müharibə variantına hazırdır. Ermənistan isə haray-həşir qopararaq "Azərbaycan sürətlə silahlanır, müharibəyə hazırlaşır" söyləməklə (erməni həyasızlığı buna deyilir) ölkəmizə təsir göstərilməsini tələb edir.

 

Bir qədər "Qarabağ dalanı"nda oturub düşüncələrimizi bölüşək.

 

"Qarabağ problemi" SSRİ dağılan vaxtı zəngin təbii sərvətlərə və geosiyasi mövqeyə malik Azərbaycanın itaət boyunduruğunda saxlanılması üçün irəlicədən hazırlanmış məkrli plan idi. Bu plan ulu öndər Heydər Əliyev ermənilərə (təkcə ermənilərəmi?) satılmış Qorbaçovun əli ilə Siyasi Bürodan kənarlaşdırıldıqdan on gün sonra işə salınmışdı. Planı başa çatdırmaqdan ötrü sovet ordusu hərbi əməliyyatlara müdaxilə etdi. Tərkibi 70 faiz erməniləşdirilmiş 366-cı polk Xocalı faciəsini törətdi, sonra hələ ordusu olmayan Azərbaycanın digər ərazilərinin işğalında ermənilərə kömək göstərdi. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev bu şərəfsiz planın sona çatmasına - Kür çayınadək ərazilərin işğalına yol vermədi. Odur ki, Azərbaycanı diz çökdürmək, danışıqsız və şərtsiz sülhə vadar etmək mümkün olmadı! Beynəlxalq səviyyəyə qaldırılmış sülh razılaşması isə qəribə məqamlarla davam etməkdədir.

Bəzi qəribəliklərə birlikdə nəzər salaq.

Hadisələr başlayandan "tarazlaşdırma" siyasəti aparılır. Məsələn, Sov.İKP MK  Siyasi Bürosunun üzvlərindən biri eyni vaxtda Yerevana, digəri Bakıya göndərilirdi. Yerevana gedən ermənilərə "Millətin öz müqəddəratını təyin etmək hüququ var, siz haqlısınız" söyləyirdi. Bakıdakı emissar isə "ərazi bütövlüyü pozulmazdır" deyirdi. Hadisələr isə "planlaşdırıldığı" qaydada davam  etdirilirdi.

"Tarazlaşdırma" bu gün də qüvvədə saxlanılır:

 

Ermənistana işğalçı, Azərbaycana isə işğala məruz qalan dövlət deyilmir!

 

İkibaşlı oyun olan yerdə isə ədalətdən söhbət gedə bilməz!

 

Əməldə birtərəfli mövqe nümayiş etdirilir!

 

Müharibənin başlanğıcında Ermənistanda ordu qurulduğu mərkəzi televiziyanın "Zaman" proqramında təqdir və nümayiş olunduğu vaxtda Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində və Aran Qarabağda əhalidəki ov tüfəngləri də yığılırdı.

Münaqişə başlayandan bugünədək beynəlxalq miqyasda azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, bərpası və onların geriyə qaytarılması barədə ciddi və prinsipial iş getmir. Həftə səkkiz, mən doqquz  Azərbaycanda insan hüquqları ilə bağlı açıqlamalar verən "Human Rights Watch", "Amnesty İnternational", "Freedom House" və başqaları öz hesabatlarında bir milyondan çox insanı nəinki "hüququ  pozulmuşlar" kimi göstərmir, heç yada salaraq adlarını belə çəkmirlər. Elə bil bu haqda anlayışları belə yoxdur!

Əlbəttə, beynəlxalq qurum və təşkilatların, hansısa siyasi xadimin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatsız, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalından xəbərsiz olduğunu düşünmək sadəlövhlük sayılar.

 

Hamı hər şeyi bilir!

 

Amma onu adı ilə çağırmaq istəmir!

 

Başlıca səbəb "ikili standart" adlandırılan riyakar yanaşmadadır. Başqa sözlə, eyni hadisə bir dövlətdə (yaxud bir dövlət tərəfindən) baş verdikdə bir cürə, başqa dövlətdə (yaxud başqa dövlət tərəfindən törədildikdə) ayrı cürə qiymətləndirilir!

İkili standart olan yerdə beynəlxalq normalar, qanunlar tapdalanır, prinsiplər işləmir!

Qanunlar işləməyəndə insanların hüquqları pozulur, onlar olmazın əziyyət və məşəqqətlərini çəkirlər!

Hərəyə bir gözlə baxan təşkilatlar da tezliklə hörmətdən düşür, nüfuzlarını itirirlər!

 

Guya dünyanın taleyini həll edən ən böyük qurum BMT-dir. BMT Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə Ağdamın işğalı ilə bağlı 853 nömrəli (sayca ikinci) qətnamə qəbul edib. Həmin qətnamədə "...Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək", "Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyib". Bütün bunlardan sonra "...münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb edib!

Nə olsun?! Ağdamın işğalının və BMT Təhlükəsizlik Şurasının 853 nömrəli qətnaməsinin qəbulunun iyirminci ili gedir. Dörd qətnaməsi adi kağız parçasına çevrilən BMT isə bundan narahatlıq duymur!

 

Amma Liviya hadisələri ilə bağlı qəbul edilən qətnamə dərhal icraya yönəldildi və nəticəsi də oldu! Çünki Liviyaya yanaşmada ikili standart yox idi!

 

Avropa Şurası bu məsələyə münasibətdə daha çarəsiz görünür. Aylarla və illərlə iclaslar keçirərək qəbul etdikləri tövsiyə və qərarlara məhəl qoyulmadığını görərək dözmək və susmaq, "Avropa dəyəri"nin  tapdalandığını sadəcə müşahidə etmək asan məsələ deyil! AŞ PA-nın Strasburqda 27 iyun 2002-ci ildə keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin o zamankı rəhbəri cənab İlham Əliyevin Avropa Şurasına ünvanladığı suallara indiyədək cavab verilməyib: "Mən istərdim ki, Avropa Şurası üzvlərinə birbaşa sual ünvanlayım: Ermənistan Avropa Şurasının üzvü ola-ola beynəlxalq hüququn əsas müddəalarına məhəl qoymaya bilərmi? Ermənistan Avropa Şurasının üzvü ola-ola digər Avropa Şurası üzvünün ərazilərini 10 ildən artıq bir müddətdə işğal altında saxlaya bilərmi? Ermənistan 10 ildən artıq bir müddətdə digər Avropa Şurası üzvünün qaçqın və köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının insan haqlarını açıq-aydın poza bilərmi? Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və bu ölkə Avropa Şurası üzvlüyündən çıxarılmalıdır".

Amma yenə də ikili standartlar bu qurumlara, onların təmsilçilərinə obyektiv və ədalətli olmağa, düz danışıb, düzgün addım atmağa imkan vermir. Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinə də! Əslində həmsədr dövlətlər münaqişənin həllindən çox, ermənilərin müdafiəsinə "daha böyük töhfələr" veriblər!

Rusiya Ermənistana iki dəfə - hər dəfə də bir milyard dollardan artıq pulsuz silah-sursat verib!

Fransa qondarma "erməni soyqırımı" tanımayanların cinayətkar elan edilməsi üçün əldən-ayaqdan gedir, dalbadal qanun layihələri hazırlayaraq senata göndərir!

ABŞ Azərbaycanın başı üzərindən Ermənistana və Dağlıq Qarabağa birbaşa yardımlar göstərir!

İyulun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda "prezident seçkiləri" keçirildi. Bütün dünya - beynəlxalq qurumlar və ayrı-ayrı siyasətçilər bu "seçki"ni pisləyərək tanımadıqlarını bəyan etdilər. Üç həmsədr də birləşərək "ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən heç birinin, habelə dünyanın istənilən ölkəsinin Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını" söylədi. Amma bu sözü deməzdən öncə "Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul etdiyini" söylədi.

Ermənilərə qarşı bu "ehtiyatlılıq", bu "həssaslıq" haradan və niyə qaynaqlanır?! Axı, tərəf tutmaqla münaqişə həll etmək, həm də ədalətli və obyektiv qərar vermək mümkün deyil! Bunu ATƏT-in Minsk qrupunun 20 illik səmərəsiz fəaliyyəti də təsdiqləyir!

Həmsədrlər tərəfindən bu cür əzizlənən Ermənistan heç onların konstruktivliyə çağırışlarına məhəl qoyarmı? Əlbəttə, yox!

Bəs, bu gün - iyirmi illik danışıqlardan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq cəhdində nə var, nə yox?

 

Yenə də:

 

İşğal faktı var, işğalçının adını açıq və ucadan deyən yox!

ATƏT-in Minsk qrupu, onun çoxsaylı və çoxillik səfərləri və danışıqları var, nəticə isə yox!

 

"Öz aranızda nə razılığa gəlsəniz biz onu qəbul edəcəyik" kimi məntiqsiz və səmərəsiz tezis var, ondan imtina etmək istəyən yox!

 

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, onu icraya yönəldən yox!

 

"Məsələnin həlli yalnız sülh yolu ilə mümkündür" - deyənlər var, Ermənistanı konstruktiv mövqeyə məcbur edən yox!

BMT-nin, ATƏT-in, AŞ-nin, AB-nin, İƏT-in Ermənistanın işğalçı olduğunu təsdiq edən qərarları var, işğala son qoymaqdan ötrü sanksiya tətbiq edən yox!

İnsan hüquqları ilə bağlı Azərbaycana vaxtaşırı "irad"lar tutaraq tövsiyələr verən beynəlxalq qurum və təşkilatlar var, bir milyondan çox qaçqının və məcburi köçkünün pozulmuş hüquqlarını yada salan və bərpa etməyə can atan yox!

İslam fundamentalizmi barədə danışanlar var, xristian təəssübkeşliyini yada salan yox!

Bu gün Ermənistan həqiqi müstəqilliyin nə olduğunu bilməyən forpost, strateji obyektləri başqa ölkəyə satılan vassal dövlətdir. Əhalisi dilənçi vəziyyətinə düşərək ölkədən qaçır, korrupsiya və haqsızlıq bataqlığında boğulur, ilboyu qapı-qapı düşərək kredit axtarır, ianələr hesabına yaşayır!

 

Nə Ermənistanı, nə də erməni millətini heç bir xoş gələcək gözləmir!

 

Amma erməni diasporu, dünya erməniliyi hələ ki  güclüdür və erməni xalqını öz məqsədlərinin icrasında alətə çeviriblər!

 

Seçkilər zamanı ABŞ və Fransa prezidentləri erməni diasporu ilə hesablaşırlar!

 

Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir!

 

İran isə bağrına basaraq hərtərəfli yardım göstərir!

 

İşğalın iç üzü belədir!

 

Biz güclü dövlətlərin diasporu ilə hesablaşdığı və himayə etdiyi zəif dövlətlə vuruşuruq!

 

Biz ikili standartlarla vuruşuruq!

 

Biz hamının görüb bildiyi, başqa ölkələrdə müdafiə etdiyi, bizə çatanda isə susduğu dəyərləri bərpa etmək, ədalətə nail olmaq uğrunda vuruşuruq!

 

Hələ ki qələbəmiz yoxdur - torpaqları azad edə bilməmişik!

 

Məğlub da deyilik - dünya qondarma respublikanı tanımır və bizim razılığımız olmadan  sərhədlər dəyişdirilə bilməz!

 

Hər halda inkişafda olan dövlətlə tənəzzülə gedənin mübarizəsi və bu mübarizənin aqibəti zamanla həll olunacaq!

 

Bir də həqiqi milli birliklə!

 

HƏLƏLİK İSƏ ALLAH BİZƏ SƏBİR VERSİN!

 

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 2.