Daxili Qoşunların orta
ixtisas hərbi məktəbinin üçüncü mərhələ məzunlarının
buraxılış mərasimi
keçirilmişdir
Avqustun 2-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Ali Hərbi Məktəbində Daxili Qoşunların orta ixtisas hərbi məktəbinin üçüncü mərhələ məzunlarının buraxılış mərasimi keçirilmişdir.
Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Türkiyənin ölkəmizdəki səfirliyinin hərbi attaşesi, general-mayor Yüzel Karauz və məzunların valideynləri iştirak etmişlər.
Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırmışdır.
Nazir bildirmişdir ki, Daxili Qoşunlarda xidmət etmək lazımlı və müqəddəs bir peşədir. Zabit korpusuna yeni gənc zabitlərin gəlməsi Daxili Qoşunlarda peşəkarlığın daha da artırılmasına, şəxsi heyətin nizam-intizamının möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Daxili Qoşunlar Azərbaycanın müstəqilliyi illərində yüksək peşə, döyüş, fiziki-psixoloji hazırlığa malik hərbi və hüquq-mühafizə qurumu kimi formalaşmışdır.
Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 1990-cı illərin əvvəllərində formalaşması, mətinləşməsi davamlı surətdə bu gün də çox sürətlə gedir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daim Daxili Qoşunların inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, son illər Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilmişdir. Yeni hərbi şəhərciklər, əsgər və zabit yataqxanaları tikilib istifadəyə verilmiş, xidməti vəzifələrin daha səmərəli icrası üçün müasir texnika, döyüş və müdafiə vasitələri alınmışdır.
Qoşunların şəxsi heyətinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, Jandarma Komandanlığının rolu xüsusi qeyd edilmişdir.
Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirmişdir ki, qoşunların tarixində 3-cü dəfədir ki, müdavimlər leytenant kimi orta ixtisas hərbi məktəbini bitirirlər. Bu, qoşunların sıralarında peşəkar, hazırlıqlı zabit kadrlarının artması deməkdir.
Altı il əvvəl Prezident İlham Əliyevin göstərişi ilə Daxili Qoşunlarda orta ixtisas hərbi məktəbi yaradılmışdır. Daxili Qoşunlara göstərilən diqqət və qayğı ilə bərabər tələbkarlığın, nizam-intizamın gücləndirilməsi nəticəsində şəxsi heyət qarşıya qoyulan bütün döyüş, xidməti tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.
Sonra məzunlara
diplomlar təqdim olunmuşdur.
Yaş kötüyünə
rəmzi xatirə lövhəsi vurulmuşdur.
Şəxsi heyət hərbi marşın sədaları
altında tribunanın
önündən keçmişdir.
"Bakı-Ankara qardaşlıq
marşı" ifa edilmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.