Peru Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rafael Roncagliolo ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Roncagliolo azərbaycanlı həmkarının səfərindən məmnunluğunu və Qafqaz regionunda dinamik inkişaf edən ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir. Azərbaycanı regionun "qapısı" adlandıran perulu nazir ikitərəfli münasibətlərin genişləndirilməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.

Nazir E.Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə qısa məlumat vermiş və Azərbaycanın qitənin digər ölkələrlə yanaşı, Peru ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Peru Prezidentinə ünvanladığı məktubu perulu həmkarından ölkə başçısına çatdırılmasını xahiş etmişdir.

Ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdirilməsinin iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradacağını qeyd edən E.Məmmədyarov bunun üçün qarşılıqlı rəsmi səfərlərin, biznes forumların təşkil olunmasının və mədəniyyət tədbirlərinin keçirilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir.

Sonda nazir perulu həmkarını Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.