The Hillqəzeti: Amerika təhsili xarici ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələri getdikcə daha çox cəlb edir

 

Amerikada çıxan nüfuzlu "The Hill" qəzeti yazır: "Amerikada təhsil almağa çalışan əcnəbi tələbələrin sayı misli görünməmiş dərəcədə artmışdır və proqnozlara görə, onların sayı daha da artacaqdır. Birləşmiş Ştatlardakı əcnəbi diplomatların, demək olar ki, dörddə bir hissəsi Amerikada təhsil almışdır".

Məqalədə qeyd edilir ki, son onillikdə ABŞ-ın kollec və universitetlərində təhsil alan xarici tələbələrin sayı təqribən 32 faiz artmışdır.

2010-2011-ci tədris ilində ABŞ-da texniki peşə məktəblərində dünyanın 80-dən çox ölkəsindən 723.277 əcnəbi tələbə oxuyurdu.

Qəzet yazır: "Amerika ali məktəblərində akademik dərəcə almış şəxslərdən biri də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdur. E.Süleymanov öz vətənində, sonra isə Moskvada bakalavr dərəcəsi aldıqdan sonra Amerikanın Ohayo ştatının Toledo universitetinə "Edmund Muskie" proqramı üzrə qəbul edilmiş, 1994-cü ildə magistr dərəcəsi almışdır. E.Süleymanov Azərbaycandan olan tələbələr üçün proqramın ilk iştirakçılarından biridir. Təxminən 10 ildən sonra o, təhsilini davam etdirməyi qərara almış, Tafts Universiteti yanında Fletçer məktəbində magistr dərəcəsi almışdır.

E.Süleymanov Fletçer məktəbində oxuduğu dövrdə bu qənaətə gəlmişdir ki, Amerika təhsili qazanılmış bilikləri konkret həyati şəraitdə tətbiq etməyə yönəlmişdir".

Qəzet Azərbaycan səfirinin aşağıdakı sözlərini sitat gətirir: "Tələbə mübadiləsinin dəstəklənməsi, ABŞ-a bütün dünyadan insanların cəlb edilməsi Amerikanın uzunmüddətli təhlükəsizliyinə və bu ölkənin beynəlxalq nüfuzunun artırılmasına ən yaxşı investisiyadır. Axı insanlar buraya təkcə oxumaq üçün gəlmirlər, onlar həm də Amerika həyatı və Amerika xalqı ilə bilavasitə tanış olurlar".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.