Azərbaycan Kinosu Günü qeyd edilmişdir

 

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 114-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirə gələn qonaqlar mərkəzin qarşısında kino qəhrəmanlarının fotosurətləri ilə şəkil çəkdirmiş, foyedə isə uşaq rəqs ansamblının çıxışına tamaşa etmişlər.

Azərbaycan Kinosu Gününə həsr edilmiş tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində həyata keçirilən tədbirləri əks etdirən videomaterial nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün kino işçilərini peşə bayramları - 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə təbrik etmiş, son illər ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışmışdır.

Bildirilmişdir ki, bu il 114-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğıdan söz açan natiq vurğulamışdır ki, bu istiqamətdə işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu günlərdə Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə kino xadimlərinə verilən fəxri adlar deyilənlərə əyanı sübutdur.

Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülmüşdür.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətə başlamasından keçən qısa müddətdə gördüyü işləri yüksək qiymətləndirən Ə.Qarayev demişdir ki, yeni yaradılmış təşkilatın kinomuzun inkişafı naminə gördüyü hər bir iş dəstəklənəcəkdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti, Dövlət mükafatları laureatı, professor Şəfiqə Məmmədova da əlamətdar gün münasibətilə bütün kino işçilərini, həyatını bu sahəyə həsr edən həmkarlarını, eyni zamanda, kinonu sevən, onu daim baxımlı edən tamaşaçıları təbrik etmişdir.

Ş.Məmmədova demişdir ki, qısa müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün 270-dən çox yaradıcı insan müraciət etmişdir. Biz geniş fəaliyyət planı hazırlayırıq, müxtəlif layihələr üzərində işləyirik. Əsas məqsədlərimizdən biri də gənc kinematoqrafçılarla bağlıdır. Buna görə də müvafiq nazirliklərlə birgə layihələr nəzərdə tutmuşuq. Gənclərin kino təhsilini diqqətdə saxlayacağıq. Əsas amalımız peşəkar və istedadlı kino mütəxəssislərini bir araya gətirməklə milli kinomuzun inkişafına töhfə verməkdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı milli kinomuza verdiyi töhfələrə görə hər il bir kino xadimini təltif etmək qərarına gəlmiş və bu məqsədlə Milli Kino mükafatı təsis etmişdir. İdarə heyətinin yekdil qərarı ilə bu il ilk mükafata xalq artisti, görkəmli aktyorumuz Yaşar Nuri layiq görülmüşdür.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş bir qrup kino xadiminə fəxri adların vəsiqələri təqdim olunmuşdur.

Mərasimdə milli kinomuzun inkişafındakı xidmətlərinə görə bu sahədə çalışan bir qrup şəxsə nazirlik tərəfindən pul mükafatı verilmişdir. Həmçinin xalq artisti Yaşar Nuriyə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino mükafatı təqdim olunmuşdur. İttifaqın üzvü, rejissor Yalçın Əfəndiyevin 75 illik yubileyi təbrik edilmişdir.

Xalq artisti Yaşar Nuri Azərbaycan kinosunun inkişafı istiqamətində fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirmişdir.

Azərbaycan Kino Günü münasibətilə Bakıya gəlmiş Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini Klim Lavrentyev demişdir: "Məndə belə fikir yaranır ki, buradakı alqışlar Rusiyada kinematoqrafçılar arasında eşidilir. Kinematoqrafçılar üçün görüşmək, fikir mübadiləsi aparmaq, birgə işlədikləri, sənətin sirlərini öyrəndikləri adamları xatırlamaqdan əziz heç bir şey yoxdur. Sizin bugünkü bayramınız ölkənizdə kinematoqrafiya sahəsinə göstərilən yüksək diqqətdən xəbər verir. Azərbaycan  Prezidenti bu sahədə çalışanlara böyük diqqət və qayğı göstərir. Biz bu gün burada kino xadimlərinin əməyinin yüksək səviyyədə qiymətləndirilməsinin, onların təltif olunmasına şahidlik etdik və heyran qaldıq".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasını köhnə ittifaqın yenidən dirçəlməsi kimi qiymətləndirən Klim Lavrentyev vurğulamışdır ki, 20 il əvvəl bizim - Rusiya və Azərbaycan kinematoqrafiya ittifaqlarının əlaqələri kəsilmişdi. Bu əlaqələrin kəsilməsi bizim günahımız ucbatından olmamışdır. Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya ünvanladığı təbrik məktubunda da bunu qeyd etmişdir. Lakin ayrı-ayrı kinematoqraflar arasında əlaqələr davam edirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranması keçmiş Sovet İttifaqı ölkələri arasında ilk qaranquşdur. Ümidvarıq ki, Bakıdan 16 dövlətin kinematoqrafiya ailəsinin bərpasına başlanılacaqdır. Belə fikir yaranır ki, ilk böyük kinematoqrafiya toplantısı, yaxud festival da məhz Bakıda təşkil olunacaqdır. Ona görə ki, bütün kinematoqraflar bu atmosferin canlanmasını gözləyirlər. Kinokamera, montaj stolundan aralanan kimi yenidən bu mühitə qayıtmaq istəyirsən. Ona görə də siz çox böyük iş görmüsünüz. Sizin ölkənizdə kino sənəti üçün gözəl şərait yaradılmışdır.

Bakıda 4  il əvvəl olduğunu söyləyən Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini şəhərimizin gündən-günə gözəlləşməsinə heyran qaldığını bildirmişdir. 

Bakıda ilk dəfə olduğunu söyləyən Rusiya Dövlət mükafatı laureatı, Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının katibi, Rusiya Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçyov təmsil etdiyi qurum haqqında məlumat vermişdir.

Bildirmişdir ki, fondda sovet hakimiyyəti zamanı bütün respublikaların kinematoqraflarının çəkdikləri, o cümlədən "Azərbaycanfilm" kinostudiyası tərəfindən lentə alınmış filmlərin hamısı qorunub saxlanılır və çox gözəl vəziyyətdədir. Bu il fond tərəfindən vaxtilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmiş filmlərin bərpa işlərinə başlandığını deyən qonaq qarşıdakı beş il müddətində həmin ekran əsərlərinin rəqəmsal formaya keçiriləcəyini bildirmişdir.

Qonaqlar Azərbaycan Film Fondunun sədri Cəmil Quliyevə və Şəfiqə Məmmədovaya hədiyyələr təqdim etmişlər. 

Sonra  dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Dolu" bədii filminin yaradıcı heyəti səhnəyə dəvət olunmuşdur. Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur. Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkilmişlər.

Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən filmin ssenari müəllifi, yazıçı Aqil Abbas və bəstəkarı, xalq artisti Polad Bülbüloğlu bu ekran əsərinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və işğal olunmuş yurd yerlərimizin tezliklə azad edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişlər.

Film böyük maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 6.