Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülmüşdür

 

  Avqustun 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binalarından ibarət məhəllədə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilir.

Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Məhəllənin tikintisinə cəlb olunan iki mindən artıq işçinin 70 faizi məcburi köçkündür. Məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulmuşdur.

Ə.Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşmüş, ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat vermişdir. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü vurğulamışdır. Bildirmişdir ki, bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Əli Həsənov məhəllədə tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını vermişdir.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 1.