Makroiqtisadi tənzimləmə mexanizmləri: problemlər, təkliflər

 

Azərbaycan 2020: təklif edirəm

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamı dərc edildikdən sonra ölkənin ictimai və dövlət xadimləri, alim və mütəxəssislər mətbuat səhifələrində çıxışları ilə müstəqillik illərində ölkənin əldə etdiyi diqqətəlayiq uğurları obyektiv və səmimi qiymətləndirmiş, həllini gözləyən problemləri ictimaiyyətə çatdırmış və dəyərli təkliflər irəli sürmüşlər. Onların sırasında ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi, dövlətin funksiyalarının yerinə yetirilməsini təmin edən təsisatların rolunun gücləndirilməsi, neft strategiyasının üstünlüklərindən istifadə olunması, iqtisadiyyatda səmərəlilik amilinin ön plana çəkilməsi, Azərbaycanın inkişaf modelinin daha da təkmilləşdirilməsi və bu kimi konseptual fikirlər mövcuddur. Həyatının əlli ilini Azərbaycan iqtisadiyyatının elmi-praktiki problemlərinə həsr etmiş bir şəxs kimi hesab edirəm ki, yaxın on ilə iqtisadi inkişafın məqsədi, istiqamətləri və qarşıya qoyulan vəzifələr hökumət tərəfindən düzgün müəyyənləşdirilmişdir. Ancaq onları uğurla yerinə yetirmək üçün milli iqtisadi inkişaf modelinin idarəetmə mexanizmlərinin modernləşdirilməsinə ciddi ehtiyac vardır. Dünyada baş verən qlobal dəyişikliklər inkişaf modelininonun idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, yeni-yeni elementlər hesabına  zənginləşdirilməsini zəruri edir. Məhz bu istiqamətdə fikirlərimizi oxucularla bölüşmək istərdim.

 

İqtisadiyyatın liberallaşdırılması və dövlət tənzimləməsi

 

 Müasir iqtisadi nəzəriyyədə və beynəlxalq praktikada iqtisadi fəaliyyətdə dövlətin rolu mübahisə obyekti olaraq qalır. Bəziləri bu rolu liberal, bəziləri isə paternalizm modelində (iqtisadi inkişafda dövlətin geniş iştirakı) görürlər. 2008-2009-cu illərin dünya iqtisadi-maliyyə böhranı bazar iqtisadi sistemində dövlətin rolu məsələsini bir daha gündəmə gətirdi, geniş müzakirə predmetinə çevirdiyeni, fərqli baxışlar formalaşdırdı. 2009-cu ildə 20 inkişaf etmiş ölkə başçılarının London sammitinin yekun bəyanatında  göstərilir ki, davamlı inkişafın yeganə etibarlı təməli bazar prinsiplərinə əsaslanan, səmərəli tənzimlənən və güclü institutlara malik olan iqtisadiyyatdır. İndi Azərbaycanda da bu məsələ barədə müxtəlif mövqelər mövcuddur. Bəzi nazirlərimiz və iqtisadçı alimlərimiz yeni inkişaf mərhələsində iqtisadiyyatın liberallaşdırılmasını davam etdirmək, onun açıqlıq səviyyəsini genişləndirmək konsepsiyasını təbliğ edir və irəli sürürlər.

2012-ci ilin mart ayında Dünya Bankının rəsmilərinin iştirakı ilə Bakıda keçirilən "Azərbaycan üzrə II İqtisadi Siyasət Forumu"nda yeni inkişaf mərhələsində dövlətin rolu, iqtisadiyyatın prioritet sahələri, idarəetmə metod və mexanizmləri barəsində fikir  mübadiləsi aparılmış, paternalizmə imkan verilməməsi, iqtisadi proseslərin kifayət qədər liberal şəraitdə inkişaf etdirilməsi haqqında tövsiyələr səsləndirilmişdir.

Mütəxəssislər haqlı olaraq son illəri milli iqtisadiyyatın liberallaşdırılmasında müəyyənləşdirici mərhələ hesab edirlər. 2011-ci ildə Prezident İlham Əliyev bir daha vurğulamışdır: "Biz iqtisadi siyasətimizi çox ciddi qaydada liberallaşdırmışıq. Bizim qanunvericiliyimiz çox liberaldır" ("Azərbaycan" qəzeti, 12.04.2011). Dövlət başçısının 2012-ci ildə səsləndirdiyi bir fikri də diqqətə çatdırmağı lazım bilirik: "...İndi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir... Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur" ("Azərbaycan" qəzeti, 29.02.2012). Bu mənada hesab edirik ki, inkişafın yeni mərhələsində Azərbaycan şəraiti üçün söhbət heç də, sözün əsl mənasında, nə paternalizmdən, nə də liberalizmdən getməlidir. Bazarın mükəmməllik dərəcəsi müxtəlif ölkələrdə bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyi üçün dövlətin iqtisadi funksiyalarının toplamı və tənzimləmə vasitələri də müxtəlif olur. Dövrün tələbinə və iqtisadi durumdakı vəziyyətə uyğun dövlətin iqtisadi fəaliyyətə təsir modeli seçilməlidir. Bu model liberalizminpaternalizmin idarəetmə prinsiplərinin və mexanizmlərinin əlaqələndirilməsini nəzərdə tutmalıdır. Nəticədə Azərbaycan dövlətinin iqtisadi tənzimləmədə rolu güclənməlidir. Tələb və təklif dövlət tərəfindən müəyyənləşdirilməlidir ki, bazarda (əmtəə, əmək və kapital bazarlarında) tarazlıq təmin olunsun, taraz qiymətlər formalaşsın. Taraz qiymətlər isə öz növbəsində istehsalçıların gəlirlə işləməsi amilinə çevrilsin, inflyasiyanın artmasına mane olsun.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazmışdır: "İqtisadi araşdırmalar göstərir ki, bazar mükəmməl deyil, onun iqtisadiyyatının davamlı və uğurlu fəaliyyəti üçün malik olduğu vasitələrdən istifadə etməsi bir zərurət kimi meydana çıxır" ("İnkişafın Azərbaycan modeli", "Azərbaycan" qəzetinin nəşri, Bakı, 2010). Yeni idarəetmə mexanizmlərinin yaradılmasının zəruriliyini iqtisadi siyasət üzrə dövlət müşaviri, professor Vahid Axundov da qeyd etmişdir: "Konsepsiyanın ("Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası nəzərdə tutulur - T.H.) əsas məqsədi ölkədə islahatların sürətləndirilməsi əsasında keyfiyyətcə yeni idarəetmə sistemlərinin yaradılmasıdır və bununla da iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaqdır" ("İqtisadiyyat" qəzeti, 7-15.03.2012).

Hazırda Azərbaycan dövləti tənzimləmə vasitələrindən, əsasən maliyyə vasitələrindən (pul, kredit, investisiyalar) istifadə edir. Ancaq təkcə bu vasitəyə üstünlük vermək kifayət deyil. Odur ki,  tənzimləmə vasitələrinin geniş spektrindən - dövlət planlaşdırılması, qiymət, pul, kredit, investisiyavergi kimi tənzimləmə mexanizmlərindən istifadəni yeni mərhələnin tələblərinə uyğunlaşdırmaq tələb olunur.

 

 İqtisadi fəaliyyətin koordinasiyası kompleks və səmərəli inkişaf amilidir

 

 Keçmiş illərin təcrübəsi göstərir ki, müxtəlif sahələrin və istehsalların inkişaf dinamikası və masştabı arasında proporsiyaların kifayət dərəcədə təmin olunmaması, istehsalın investisiya və digər resurs təminatının balanslaşdırılmaması, iqtisadi inkişafın koordinasiyasının əhəmiyyətli dərəcədə pozulması disproporsiyalara səbəb olur. Nəticədə iqtisadiyyatın strukturu xammal və yarımfabrikat təyinatlı olur, iqtisadi artım investisiyalar hesabına təmin edilmir, regionların sosial-iqtisadi inkişafında fərqlər əhəmiyyətli dərəcədə azalmır. Hətta bazar mexanizmlərinin tətbiqi bu neqativ meyillərin qarşısını ala bilmir. Məsələn, Azərbaycanda bəzi sahələrin, istehsalların və əmtəə bazarının koordinasiyalı inkişafına lazımi qədər əhəmiyyətin verilməməsi kənd təsərrüfatı, yüngül sənaye və istehlak bazarı arasında istehsal-ticarət əlaqələrinin qırılmasına gətirib çıxarmışdır. Xammal olmadığı və daxili bazar qorunmadığı üçün respublikanın yüngül sənaye müəssisələrinin çoxu fəaliyyətini dayandırmışdır. Barama istehsalı, ipək parçalaronlardan istehsal olunan tikiş məmulatları istehsalı tələbatdan azdır. İndinin özündə bir çox müəssisələr xammalı və yarımfabrikatları xaricdən gətirirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə onların məhsullarını emal edən müəssisələr arasında stabil əlaqə zəifdir, istehsal güclərinin çatışmaması hiss olunur. Nəticədə yüngülyeyinti sənaye sahələrinin ölkə iqtisadiyyatında mövqeləri kifayət qədər deyil. Statistika göstərir ki, 2010-cu ildə 2005-ci illə müqayisədə bu iki sənaye sahəsinin ümumi sənaye məhsulunda xüsusi çəkisi 2 dəfə azalaraq 2,3 faiz olmuş (müqayisəli qiymətlərlə), işçilərin sayı isə artmaq əvəzinə 3 min nəfər azalmışdır. 9 milyondan çox əhalisi olan Azərbaycanda 2010-cu ildə cəmi 241 min cüt ayaqqabı, 94 min ədəd kişi köynəyi, bütünlükdə 8 milyon manatlıq yüngül sənaye məhsulları istehsal edilmişdir. Əvəzində, 2010-cu ilin statistikasına görə, ölkəyə 3 milyard dollar dəyərində istehlak malları, o cümlədən 1 milyard dollarlıqdan çox ərzaq məhsulları idxal olunmuşdur.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda 2015-ci ildə südlük və ətlik mal-qaranın tələbatını ödəmək üçün qarışıq yem istehsalının 2 milyon tona çatdırılması hədəf kimi seçilmişdir. Lakin hazırda respublikada qaramal üçün ən çox 10-15 min ton qarışıq yem istehsal olunur. Hazırda göstərilən həcmdə qarışıq yem istehsal etmək üçün istehsal gücləri mövcud deyil. Belə uyğunsuzluğun yeganə səbəbi heyvandarlığın inkişafının qarışıq yemə tələbatla, sonuncunun isə istehsal güclərinin istifadəyə verilməsi ilə əlaqələndirilməməsidir. Mütəxəssislərin hesablamalarına görə, respublikada hər birinin gücü 500 min ton olan qarışıq yem istehsal edən 4 zavod tikilib istifadəyə verilməlidir.

İqtisadiyyatda sahələrarası istehsal əlaqələrinin koordinasiyasının aləti sahələrarası balansdır. İqtisadiyyatın və sosial sferanın balanslaşdırılmış inkişafını təmin edə bilən balans metodundan proqnozlaşdırma, planlaşdırma və dövlət proqramlarının hazırlanması praktikasında istifadəsi  bərpa edilməlidir. Təkcə dövlət investisiya proqramları yox, eyni zamanda istər dövlət və istərsə də özəl investisiyaları nəzərə almaqla bütünlükdə ölkə üzrə illik və uzunmüddətli investisiya proqramının (investisiyaların həcmi, istehsal güclərinin istifadəyə verilməsi) hazırlanması düzgün olardı. Çünki dövlət məhz bütünlükdə investisiya obyektlərinin iqtisadisosial səmərəsinin yüksək olmasında, məhsuldar qüvvələrin düzgün yerləşdirilməsində maraqlıdır. Nəzərə alınmalıdır ki, ölkənin və regionların tarazlı iqtisadisosial inkişafında investisiyalar hələlik həlledici rol oynayır. Tarazlı inkişaf məhsuldar qüvvələrin düzgün yerləşdirilməsindən bilavasitə asılıdır. Bu da imkan verər ki, məhsul istehsalının, və xidmətlərin planlaşdırılan həcmi, habelə regionlarda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi bütünlükdə ölkənin investisiya proqramı ilə lazımi səviyyədə əlaqələndirilsin. İnvestisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları təkcə dövlət investisiyalarını yox, mülkiyyət formasından və maliyyə mənbələrindən asılı olmayaraq bütün investisiyaları əhatə etməlidir.

İqtisadi fəaliyyətlərin koordinasiyasının elə sistemi qurulmalıdır ki, iqtisadiyyatın dövlət və özəl sektorlarının, müəssisələrin və ev təsərrüfatlarının fəaliyyətinin koordinasiyası və təkrar istehsalın ayrı-ayrı maddi-əşya və dəyər elementlərinin razılaşdırılması və əlaqələndirilməsi təmin edilsin. Başqa sözlə, istehsalinvestisiyalar, sənaye ilə kənd təsərrüfatı, mal dövriyyəsi ilə əhalinin pul gəlirləri, əmək məhsuldarlığı ilə əməkhaqqı arasındakı proporsiyalar səmərəli həddə müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, bazar iqtisadiyyatı şəraitində də proporsiyalara əməl edilməsinin mühüm şərti proqnoz və planların istehsal gücləri, xammal, yanacaq, pul, xarici valyuta və digər resurs ehtiyatları ilə balanslaşdırılmasıdır.   

 

Planlaşdırma dövlət idarəetməsinin sistem yaradan funksiyasıdır          

 

Dünya təcrübəsi sübut edir ki, müasir dövrdə dövlət və qeyri-dövlət təsərrüfat subyektlərinin koordinasiyalı fəaliyyətini təmin edən əsas vasitələrdən biri planlaşdırmadır. Planlaşdırma iqtisadi inkişafın gələcək hədəflərini, onlara nail olmağın yollarını, üsullarını və vasitələrini müəyyən edən idarəetmə vasitəsidir. Dövlət büdcəsinin gəlir proqnozlarının digər makroiqtisadi göstəricilərdən asılılığını planlaşdırmanın tətbiqi vasitəsilə daha dəqiq müəyyənləşdirmək mümkündür.

Azərbaycanda dövlət tənzimləməsi vasitəsi kimi orta müddətli (4 il) makroiqtisadi proqnozlardan, məqsədli və regional dövlət proqramlarından istifadə edilir. İqtisadisosial inkişaf proqnozlarının keyfiyyətini müəyyənləşdirmək məqsədilə elmi araşdırmalar və müqayisəli təhlillər aparmışıq. Məqsədimiz makroiqtisadi proqnozların reallığını, yerinə yetirilmə səviyyəsini, sahələrarası və regional inkişaf proporsiyalarının təmin edilməsində onların rolunu müəyyənləşdirməkdən ibarət olmuşdur. Onu da qeyd edək ki, elmi araşdırmalarımız müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2002-2010-cu illərdə hazırlanmış "Büdcə zərfi"nin materialları əsasında həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, proqnoz göstəricilərinin kəmiyyət ölçüləri ilə faktiki ölçüləri arasında bəzən kənarlaşmalar baş verir, natural göstəricilərlə dəyər göstəricilər arasında mütənasiblik təmin olunmur. Məsələn, ümumi daxili məhsul və investisiyalar üzrə kənarlaşmalar 1,3-1,7 dəfə təşkil etmişdir. 2010-cu ilə proqnozlaşdırılan məhsul nomenklaturasının 60 faizi üzrə proqnozlar yerinə yetirilməmişdir. Proqnoz tapşırıqlarından ən çox kənarlaşma sənaye və kənd təsərrüfatı məhsulları üzrə baş vermişdir. Bir qayda olaraq investisiyaların həcmi ilə onların iqtisadi səmərəlilik göstəriciləri uzlaşdırılmır. Məsələn, 2010-cu ildə ümumi daxili məhsulun kapital tutumunun 2005-ci illə müqayisədə 3 dəfə artması, yəni investisiyaların iqtisadi səmərəliliyinin 3 dəfə aşağı düşməsi proqnozlaşdırılmışdır. Ümumiyyətlə, iqtisadiyyatda belə bir meylin proqnozunu əsaslandırılmış hesab etmək mümkün deyil. Bu da bir tərəfdən investisiyaya tələbatın kifayət qədər əsaslandırılmadığını, məhsul istehsalı ilə lazımi səviyyədə əlaqələndirilmədiyini, digər tərəfdən, investisiya fəaliyyəti ilə digər sektorların fəaliyyətinin zəif koordinasiya olunduğunu əks etdirir.

Düzdür, proqnozlaşdırılan göstəricilərin kəmiyyət ölçülərinin real faktlardan fərqli olması təbiidir. Ancaq bu kənarlaşmaların çox olması qəbuledilməzdir. Çünki makroiqtisadi proqnozların faktiki kəmiyyət ölçülərindən bir neçə dəfə azya çox kənarlaşması sahələr və sektorlararası inkişaf proporsiyalarını və iqtisadiyyatın tarazlı inkişafını pozur, tələb və təklifin üst-üstə düşməməsinə, beləliklə, bazarlarda tarazlı qiymətlərin formalaşmamasına gətirib çıxarır.

Qeyd etdiyimiz kimi, makroiqtisadi tənzimləmə vasitəsi kimi dövlət proqramları da tərtib edilir. Bəzi proqramlarda nəzərdə tutulan hədəflərin icra səviyyəsinin təhlillərini aparmışıq. Məsələn, regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramının aqrar sektorla bağlı əsas hədəflərinin yerinə yetirilməsinin təhlili göstərir ki, sənəddə 5 il ərzində kənd təsərrüfatı məhsullarının orta illik real artım tempinin əlavə dəyərə görə 10,2 faiz olması nəzərdə tutulduğu halda, faktiki artım tempi 5,4 faiz təşkil etmişdir. Həmin dövrdə həmçinin əsas kapitala investisiyanın regionlarda istifadəsinin xüsusi çəkisi proqramda göstərildiyi kimi 60 faiz deyil, ancaq 38 faiz olmuşdur. Bütün bunlar bir daha göstərir ki,  dövlət proqramlarıının və proqnozlarının vaxtında və tam həcmdə icra edilməsi üçün dövlət planlaşdırması zəruridir.

Dövlət planlarının hazırlanmasında iqtisadiyyatın özəl bölməsinin təsərrüfat subyektlərinin iştirakı, bizim fikrimizcə, hökumət tərəfindən təsdiq olunan müəyyən qaydalara əsaslanmalıdır. Sosial-iqtisadi inkişaf proqnozları yaxşı olar ki, beş illik dövrü əhatə etsin. Planlar isə həm cari, həm də uzunmüddətli (5 il) ola  bilər. Ancaq bu planlaşdırma sovetlər dövrünün total miqyasda planlaşdırması yox, indikativ xarakter daşımalı və mühüm istiqamətləri özündə birləşdirməlidir. Özüiqtisadisosial inkişaf planları geniş müzakirə olunmalı, iqtisadi sektorların  və regionların inkişaf planları, sahələrarası proporsiyalar və problemlər müzakirə predmetinə daxil edilməlidir. Müzakirə zamanı qeyd olunan təklif və iradlar nəzərə alınmaqla müvafiq dəqiqləşdirmələr aparılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində dövlət planlaşdırma metodlarından kifayət qədər səmərəli istifadə etmək üçün bu sahədə elmi tədqiqatların aparılması da zəruridir.

Hesab edirik ki, orta müddətli proqnozlaşdırmanın tətbiq olunmasından və proqnozların "sürüşkən"lik texnologiyasından imtina edilməlidir. Uzunmüddətli makroiqtisadi proqnozlaşdırma tətbiq edilməli və bununla hökumətin sifarişi əsasında elmi-tədqiqat mərkəzləri məşğul olmalıdır. Mərkəzi dövlət orqanları öz növbəsində yeni metodologiyaişin təşkili əsasında yeni məzmunlu, eləcə də statuslu cari və uzunmüddətli planlar işləyib hazırlamalıdır. Onlar sahə nazirlikləri, dövlət şirkətləri, iri səhmdar cəmiyyətləri, özəl istehsal və xidmət birlikləri ilə razılaşdırma əsasında istehsalın (xidmətin) planlaşdırması ilə məşğul olmalıdır. Məhsul, və xidmət üzrə Nazirlər Kabineti tərəfindən bəyənilən plan göstəricilərinin bir ay müddətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən istehsalçılara catdırılması da zəruridir. Bu, plan icraçılarının məsuliyyətini yüksəldər. Həmçinin cariperspektiv planların icrasına nəzarətin ətraflı və dəqiq mexanizmləri müəyyənləşdirilməli, İqtisadi İnkişaf Nazirliyi bu işə nəzarət edən orqan kimi müəyyən edilməlidir.

Tarazlı və dinamik iqtisadi inkişafın təmin olunmasında, iqtisadi böhranların qarşısının alınmasında planlaşdırmanın böyük rolunu nəzərə alaraq hesab edirik ki, "İqtisadisosial inkişafa dair dövlət proqnozları və planları haqqında" Azərbaycan Respublikasının qanununun hazırlanması və qəbul edilməsi vacibdir.  Bu qanunla dövlət proqnozlarının və planlarının  məqsədi, məzmunu və icrasına nəzarətin ümumi qaydaları  müəyyənləşdirilməlidir.

 

Qiymətlərin dövlət tənzimləməsi və nəzarət

 

Maddi nemətin (mal, xidmət, ) satılmasına və alınmasına ödənilən pulların miqdarını ifadə edən qiymət bazar iqtisadiyyatının indikatoru funksiyasını yerinə yetirərək təsərrüfat fəaliyyətini tənzimləyən vasitələrdəndir. Bazar iqtisadiyyatlı ölkələrdə makroiqtisadi siyasətin ikinci əsas məqsədi qiymətlərin tənzimlənməsi və onların sabitliyinin təmin olunmasıdır. Hazırda Azərbaycanda təbii inhisar sahələri istisna olmaqla digər sektorlarda, o cümlədən kənd təsərrüfatı və qeyri-neft sənaye sahələrində, təhsil və səhiyyədə qiymətlərin və tariflərin dövlət tərəfindən inzibati yolla tənzimlənməsi həyata keçirilmir.

Mərkəzi idarəetmə orqanlarında çalışan həmkarlarım hesab edirlər ki, kənd təsərrüfatı məhsullarına istehsalçı qiymətlərinin dövlət tənzimləməsi bazar sisteminin baza prinsiplərinə ziddir. Bu konsepsiyanı rəhbər tutan həmin şəxslər ancaq bank kreditinin qiymətinin (faiz dərəcəsinin) yuxarı və aşağı həddinin müəyyən edilməsini müvafiq qanunda nəzərdə tutulmasını məqbul hesab edirlər. Bizim fikrimizcə, bu yanaşma ikili standartdan başqa bir şey deyil.

Doğrudanmı qiymətlərin dövlət tənzimləməsi bazar iqtisadiyyatının baza prinsiplərinə ziddir? Beynəlxalq təcrübədən bir neçə misal gətirmək istərdik.

Bazar iqtisadiyyatlı ölkələrdə dövlət qiymətin tənzimləyici funksiyasından zaman-zaman istifadə etmişedir. XX əsrin 30-cu illərində ABŞ-da kənd təsərrüfatı məhsullarının satış qiymətinin aşağı həddi prezident fərmanı ilə təsdiq edilmişdir. Təsbit olunmuş qiymətdən aşağı səviyyədə mala qiymət qoyula bilməzdi. 60-70-ci illərdə ABŞ-da "Vicdansız ticarət təcrübəsi haqqında" qanun qəbul olunmuşdur. Bu qanunla iri topdan və pərakəndə satış müəssisələrinə malları maya dəyərindən aşağı qiymətə satmaq qadağan edilirdi. Məqsəd xırda topdan və pərakəndə satış müəssisələrinin mənafeyini müdafiə etmək idi. 1958-ci ildə ABŞ-da "Qiymətlərin dələduzcasına yüksəldilməsinin qarşısının alınması üzrə rəhbər göstərişlər" adlı federal qanun qəbul olunmuşdur. Ümumiyyətlə, güclü sosial siyasət aparan ölkələrdə kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının qiymətinin yuxarı və ya aşağı həddini dövlət müəyyən edir. Qiymətin aşağı həddi malların maya dəyərindən aşağı qiymətə satılmasına qadağa qoymaqla məhdudlaşdırılır. Məsələn, ABŞ-da çox hallarda ərzaq mallarına, xüsusilə buğda və qarğıdalıya dövlət tərəfindən yüksək qiymət müəyyən edilir. Bu da fermerlərin çox zərərə düşməsinin və müflisləşməsinin qarşısını alır. İnkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, Almaniya, İsveçrə və s.) istehsalçı qiymətlərinin 20 faizə qədəri dövlət tərəfindən tənzimlənir. Fransada kənd təsərrüfatı məhsullarının qiymətləri dövlət tərəfindən birbaşa tənzimlənir, digər inhisarçılıq məhsullarının qiymətinə dövlət nəzarət edir. Yaponiyada da düyünün, buğdanın, ət və süd məhsullarının qiymətlərini, təhsil və səhiyyə xidmətlərinin tariflərini dövlət tənzimləyir. Çin bazar qiymətlərinə 15 il ərzində keçmişdir. Hazırda bu ölkədə 3 səviyyəli qiymət sistemi mövcuddur: təsbit edilmiş (qəti müəyyən olunmuş) dövlət qiymətləri, aşağı və yuxarı hədləri müəyyən edilən qiymətlər və bazar qiymətləri. Topdansatış və pərakəndə satış qiymətlərinə əlavələr dövlət tərəfindən təsdiq edilir. Bu gün səhiyyədə, tibbi sığortada və əhalinin dərman təchizatında islahatların Türkiyə modeli Avropa ölkələri tərəfindən öyrənilir və tətbiq olunur. Bu modelin uğurlarının rəhni sərt dövlət tənzimləməsidir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq səhiyyə müəssisələri xidmətlərini dövlətin müəyyən etdiyi vahid tariflər çərçivəsində həyata keçirir. Vətəndaşların tibbi sığortası işə götürənlər tərəfindən maliyyələşdirilir. Səhiyyə sektorunun islahatları və sərt tənzimlənməsi eyni zamanda əczaçılıq sektorunuaptek xidmətlərni də əhatə edir. İstər yerli, istərsə də idxal olunan dərmanlara dövlət tərəfindən vahid qiymət qoyulur.

Bəs, Azərbaycanda qiymətlər üzərində nəzarətin zəif olması nə ilə nəticələnir?  2011-ci ildə ölkəmizdə sümüklü ətin qiyməti ABŞ kimi ölkədə satılan analoji məhsuldan baha olmuşdur. Möhtəkirlər kənd təsərrüfatı məhsullarının istehsalçılardan  dəyər-dəyməzinə almaqla 3-5 dəfə yüksək qiymətə satırlar. Emal müəssisələri südün bir kiloqramını yay fəslində 20-25, qış aylarında 35-50 qəpiyə alaraq 1 manata satırlar. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "...Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır... Kim bunu edir?.. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada "Kartel sövdələşməsi" deyirlər. Bu, sırf "Kartel sövdələşməsi"nin təzahürüdür" ("Azərbaycan" qəzeti, 01.07.2011).

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev isə "Azərbaycan" qəzetinin 2009-cu il 8 dekabr tarixli sayında dərc edilmiş "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində vurğulamışdır: "İqtisadi modelin elə bir konsepsiya əsasında qurulması lazımdır ki, orada daxili bazarda qiymətlərin formalaşması problemləri, maliyyə-kredit sistemi, insanların tələbatının proqnozlaşdırılması, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının səmərəliliyinin artırılması mexanizmləri öz əksini tapsın. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində Prezident İlham Əliyev qiymətlə bağlı mövzuya bir daha toxunaraq istehlak bazarında bir  neçə istiqamətə  nəzarətin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulamışdır: "Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik... Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarlıq meyillərinin qarşısını almalıyıq".

Burada istehsal bazarının ümumi problemlərinin kompleks həllinin vacibliyi gündəmə gəlir. Mal və xidmət bazarında nizam-intizam yaratmaq üçün bütünlükdə qiymət siyasətinin ümumi istiqamətləri və məqsədi dövlət  tərəfindən formalaşdırılmalı, tənzimlənən qiymətlərin və tariflərin siyahısı və tətbiq dairəsi, qiymətqoymanın prinsipləri və metodları müəyyən olunmalıdır. Qiymətəmələgəlmənin və qiymətlərin (tariflərin) tətbiqinə nəzarətin təşkili qiymət siyasətində əks etdirilməlidir.

 

(Ardı var)

 

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, iqtisad elmləri doktoru,

əməkdar iqtisadçı

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 2.