Dörd il əvvəl
və indi
Dağlar həmin dağlardır - dörd il əvvəlki kimi, yenə də öz əzəməti və qüruru ilə insanların qəlbində möhtəşəm duyğular oyadır. Bu yerlərdə yaşayanlar da, yayda gəlib bu dağlara, onun əsrarəngiz gözəlliklərinə heyranlıqlarını gizlədə bilməyənlər də eyni duyğuların ovsununa düşürlər - dağlar insanı mənən böyüdür, ucalıqlara səsləyir. Bir gün də, beş gün də, bir ay da, bir ömür də dağların qonşuluğunda, dağlarla üz-üzə, "nəfəs-nəfəsə" yaşayanın qəlbində xırda, cılız hisslərə yer olmur. Bəlkə elə buna görə bu yerlərdən ayrılıb gedəndən sonra dağlarla bağlı xatirələrdən doymur, tezliklə bu yerlərə bir də qayıtmaq istəyirlər.
Bəli, dağlar elə dörd il əvvəlki dağlardır. Dörd il əvvəl bu dağların qonşuluğunda füsunkar Qəbələ şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə I Beynəlxalq Qəbələ Musiqi Festivalı keçirildi. Həmin festivala dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən çoxlu sənət adamları gəlmişdi. Elə onda da gələn qonaqlar Azərbaycanda belə genişmiqyaslı tədbirlərin keçirilməsi üçün təkcə paytaxt Bakıda deyil, ölkənin regionlarında da hər cür şəraitin yaradılmasına heyran qalmışdılar. Elə onda da Qəbələ müasir görkəmi, milli memarlıq nümunələri, rahat yolları, bir sözlə, yüksək infrastruktur səviyyəsi ilə festival iştirakçılarının yaddaşında unudulmaz xatirələrə dönmüşdü.
Ötən dörd ildə Qəbələ çox dəyişib. O dərəcədə dəyişib ki, nəinki dörd il əvvəllə, heç keçən illə də müqayisə etmək olmur. Yeni tikililər, sosial obyektlər, sənaye müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, ən müasir standartlar səviyyəsində turizm infrastrukturu, beynəlxalq aeroport... Siyahını çox uzatmaq olar. Mübaliğəsiz demək olar ki, Qəbələ indi dünyanın ən gözəl və ən müasir şəhərlərindən birinə çevrilib. Şübhəsiz, bu inkişafda dövlətin yüksək qayğısı danılmazdır. Qəbələlilər bunu dəyərincə qiymətləndirirlər.
Dörd il əvvəl də dağların, təbiətin, Qəbələnin gözəlliyi öz yerində, elə Azərbaycan musiqisi də qonaqları çox heyran etmişdi. Tanınmışlar bir yana, birinci festivalda 16 yaşlı azərbaycanlı pianoçu Toğrul Hüseynli öz bacarığı və istedadı ilə musiqisevərlərin qəlbini riqqətə gətirmişdi. Yeri gəlmişkən qeyd edək ki, Qəbələ IV Beynəlxalq Musiqi Festivalında da Azərbaycan daha bir gənc istedadını təqdim etdi: Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi pianoçu İsraf Sarabski.
Dörd il əvvəl başlayan Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il çox uğurla davam edir. İstər təşkilatçılıq, istər proqram zənginliyi baxımından ildən-ilə daha möhtəşəm olan festival Azərbaycan musiqisinin dünyaya tanıdılmasında misilsiz rol oynayır. Festivala gələn qonaqlar təkcə bununla kifayətlənmir, sülhsevər və qonaqpərvər Azərbaycan xalqı ilə daha yaxından tanış olur, ölkəmizlə bağlı sevgi və minnətdarlıq dolu duyğularını, Azərbaycanın gözəl bir diyar olduğunu bütün dünyaya yaymaq imkanı qazanırlar.
Neçə gündür ki, Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində istər "Qafqaz Resorte" hotelinin Kamera zalında, istərsə də hotelin qarşısındakı parkda açıq səma altında səslənən dünya musiqi inciləri yenidən dağların fonunda əks-səda verərək hər yana yayılır. Budəfəki festivalın özəlliklərindən biri də odur ki, görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illiyinin, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin və SSRİ xalq artisti Niyazinin 100 illiyinin qeyd edilməsi ilə yeni bir ənənənin əsası qoyuldu. Bu böyük simaları Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə və digər ölkələrdən gəlmiş dünya şöhrətli ustad-sənətkarlar da bir daha məhəbbət və ehtiramla yad etdilər.
Bir məqamı da qeyd etmək lazımdır ki, əvvəlkilərə nisbətən IV festivalın iştirakçıları - istər musiqiçilər və ifaçılar, istərsə də tamaşaçılar kütləvi informasiya vasitələri nümayəndələrinə daha təşəbbüskar yanaşırdılar. Elə bil hər kəs festivalın təşkilatçılığı ilə, müşahidə etdikləri, gördükləri, eşitdikləri ürəkaçan nə varsa hər şeylə bağlı qəlbindəki duyğuların daha çox yayılmasını istəyirdi.
Jurnalistlərin suallarını həmişə böyük maraqla cavablandıran IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski qeyd etdi ki, Heydər Əliyev Fondu tərəfindən festivalın keçirilməsinin çox yüksək səviyyədə təşkil edilməsi yaradıcılıq proqramının daha zəngin hazırlanmasına da zəmin yaratdı:
- Bu, çox gözəldir, mən buna görə Fondun rəhbərliyinə təşəkkür edirəm.
Festivalın digər bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin dediklərindən:
- Təbiətin bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət, burada səslənən musiqinin parlaq bədii təsiri təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşaraq nadir, unudulmaz bir aura yaradır.
Bəli, dördüncü ildir ki, qədim tarixə malik gözəlliklər diyarı Qəbələ beynəlxalq musiqi festivalına ev sahibliyi edir. İndi hər bir qəbələli, Qəbələnin hər bir qonağı gündəlik işini elə qurur ki, axşamlar dünyanın ən ali musiqi məclislərindən olan festivala vaxtında çatsın. Belə musiqi axşamlarında V.Motsart, M.Ravel, C.Puççini, F.Şopen, E.Qriq, Y.Brams, C.Verdi, V.Bellini, N.Rimski-Korsakov, A.Məlikov, Q.Qarayev, F.Əmirov kimi bəstəkarların ölməz əsərlərini belə yüksək səviyyəli musiqi kollektivlərinin ifasında dinləmək hər tamaşaçıya nəsib olmur. Hələ muğam və istedadlı gənclərin konsert axşamları...
Qeyd etmək lazımdır ki, konsertlərə təkcə Qəbələdən deyil, qonşu rayonlardan, Bakıdan, uzaq ellərdən gələn tamaşaçılar da var. Hoteldə rastlaşdığımız Maksim Verkolo və Vadim Kozlov Ukraynadan gəliblər. Qəbələdə qısamüddətli bir proyektdə çalışsalar da, axşamlar mütləq festival konsertlərinə gedirlər. Maksim etiraf edir ki, bura gələnə qədər Şərq musiqisi adına Tarkan və Araşdan başqa heç kimi eşitməmişdi. Ancaq indi Azərbaycan musiqisinin zənginliyinə, o cümlədən muğamın sirrinə-sehrinə heyran olub. Bildirir ki, Ukraynaya qayıdanda özü ilə Azərbaycan musiqilərindən ibarət xeyli disk aparacaq. Gürcüstandan gəlmiş Doda Kaxadze də heyranlığını gizlətmədən dedi ki, arzusu V festivalda da iştirak etməkdir. O da bu təbiətə, bu yaşıl libaslı dağlara vurulduğunu qeyd etməklə yanaşı, əlavə etdi ki, möhtəşəm musiqi sədaları altında təbiət də, dağlar da, hətta insanlar da daha gözəl görünür.
Musiqi festivalının təşkilatçısı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva festival iştirakçılarına ünvanladığı məktubunda demişdir: "İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq".
Əminliklə deyə bilərik ki, bu, belə də olacaq.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.