Qəbələ IV Beynəlxalq Musiqi Festivalı bir çox yenilikləri ilə yadda qalacaqdır

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının gedişi ilə bağlı "Beltmann" piano fabrikində yerlixarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı görülmüş işlər, əldə olunan uğurlar, bu ilki festivalın proqramındakı yeniliklər, gələn il bu mötəbər musiqi bayramının 5 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər haqqında məlumat verilmişdir. Dünya musiqi ictimaiyyətinin diqqətlə izlədiyi bu möhtəşəm mədəniyyət tədbirinə ildən-ilə marağın artdığı və Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bir çox yenilikləri ilə yadda qalacağı qeyd edilmişdir.

Bu il festivalda iştirak edən dünya şöhrətli solistlərin, dirijor, bəstəkar və vokalçıların, eləcə də kamerasimfonik orkestrlərin, bədii kollektivlərin sayının çox olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, festival çərçivəsində həm də gənc xanəndələrin iştirakı ilə muğam axşamı keçirilmiş, görkəmli xanəndə, xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə Fikrət Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin, tarkaman ustalarının birgə ifasında tamaşaçılara təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan SSRİ xalq artistləri, dünya şöhrətli musiqiçilər Müslüm Maqomayevin 70, Fikrət Əmirovun 90, Niyazinin 100 illik yubileyləri münasibətilə konsertlər təşkil olunmuşdur.

Gələn il bu musiqi bayramının 5 illik yubiley tədbirinin daha möhtəşəm keçiriləcəyi qeyd edilmişdir. Bildirilmişdir ki, 2013-cü ildə Qəbələ festivalında Pianoçuların III Beynəlxalq Müsabiqəsinin keçirilməsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasının 100, məşhur İtaliya bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyləri ilə bağlı konsertlərin təşkil edilməsi, dünya şöhrətli musiqiçilərin festivala dəvət edilməsi planlaşdırılır.        

Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva, festivalın bədii rəhbərləri Fərhad Bədəlbəyli və Dmitri Yablonski, Rusiyanın xalq artisti, xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün "Xocalı" matəm musiqisini hazırlamış bəstəkar Aleksandr Çaykovski, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet, pianoçu Boris Berezovski jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.