Dmitri Yablonski: Qəbələdə keçirilən ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində hadisədir

 

Artıq bir həftədən çoxdur ki, Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar.

AzərTAc xəbər verir ki, bu sözləri "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski Qəbələdə keçirilən mətbuat konfransında demişdir.

O, qeyd etmişdir ki, Qəbələdə keçirilən ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində yenilikdir. O, neçə illərdir ki, belə bir festivalın paytaxtböyük şəhərlərdə deyil, sıx meşələrlə əhatə olunmuş kiçik əyalət şəhərində gözəl təbiətin qoynunda keçirilməsini arzu etdiyini bildirmişdir. Heydər Əliyev Fondunun köməyi ilə artıq dörd ildir ki, bu nailiyyəti əldə etmişik və festivalın daha da inkişaf etdirilməsi üçün yeni planlar üzərində işləyirik.

Rusiyalı musiqiçi Qəbələdə bu festivalla paralel fəaliyyətə başlayan "Beltmann" piano fabrikinin də uğurlarından danışaraq bildirmişdir ki, hazırda müəssisədə 140 nəfər işçi çalışır və orada ildə 1200 piano istehsal etmək mümkündür. Gələn ildən fabrikdə royal istehsalına da başlanılacaqdır. Fabrikdə pianonun yığılması zamanı hər detalın incəliklərinə diqqət yetiririk. Sentyabrda Bakıda, Azərbaycan Milli Konservatoriyasının yaxınlığında "Beltmann" piano fabrikinin satış mağazası açılacaqdır. Gələn ildən orada royal da satılacaqdır.

Dmitri Yablonski Qəbələdə caz festivalının keçirilməsini, kamera orkestri üçün zalın inşa edilməsini arzu etdiyini və Azərbaycan xalçaları ilə yaxından maraqlandığını bildirmişdir. O, bu festivalda "Moskva solistləri" kamera orkestrinin və tanınmış musiqiçilərin iştirakı ilə "Xocalı" matəm musiqisinin ifasını tarixi hadisə adlandırmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.