Fərəh Əliyeva: Azərbaycanda bütün janrlardan ibarət beynəlxalq musiqi şəbəkəsi yaranmışdır

 

 "Azərbaycan son illər beynəlxalq musiqi festivallarının keçirildiyi məkana çevrilmişdir. Mədəniyyətimizin inkişafı istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə demək olar ki, bütün janrlardan ibarət beynəlxalq musiqi şəbəkəsi yaranmışdır".

AzərTAc xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva Qəbələdə keçirilən mətbuat konfransında xarici ölkə jurnalistlərinin suallarını cavablandırarkən bildirmişdir.

O, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə hər il ölkəmizdə bir neçə böyük musiqi tədbirinin keçirildiyini xarici ölkə jurnalistlərinin diqqətinə çatdırmışdır.

Fərəh Əliyeva qeyd etmişdir ki, Qəbələ IV Beynəlxalq Musiqi Festivalından sonra bu ilin sentyabrında Bakıda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, oktyabrda Bakı Caz Festivalı, dekabrda M.Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, sonra isə vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi, gələn ilin martında Beynəlxalq Muğam Festivalı və Q.Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.