İstanbulda keçirilən XXXI kitab və mədəniyyət sərgisi uğurla davam edir
Türkiyə Diyanət Vəqfinin təşkilatçılığı ilə iyulun 19-da İstanbulda öz işinə başlayan XXXI Beynəlxalq kitab və mədəniyyət sərgisi uğurla davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 14-dən davam edəcək sərginin təşkilat komitəsi Azərbaycanın bu mötəbər kitab bayramında uğurla təmsil olunması üçün əlverişli şərait yaratmışdır. Nəticədə Azərbaycan iyulun 19-dan 26-dək sərgidə onun üçün ayrılmış ərazidə öz çap məhsullarını uğurla nümayiş etdirmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə səkkiz gün ərzində bu mötəbər kitab bayramında dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə, ölkəmizdəki dini tolerantlığa, milli-mənəvi dəyərlərimizə həsr olunmuş nəfis tərtibatlı, mövzusuna, poliqrafik icrasına görə digərlərindən fərqlənən nəşr məhsullarımız nümayiş olunmuş və bu, sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.
Ölkəmizə, mədəniyyətimizə
və nəşrlərimizə göstərilən yüksək
rəğbət sayəsində Azərbaycanın sərgisi öz işini müvəffəqiyyətlə
başa çatdırdıqdan sonra ekspozisiyamızda yer alan kitablar tədbirin təşkilatçısı
olan Türkiyə Diyanət Vəqfinə
hədiyyə edilmişdir.
Azərbaycan.- 2012.- 4 avqust.- S. 6.