Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni zooloji parkın layihəsinin təqdimatı olmuşdur

 

Avqustun 3-də Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyində bu qəsəbənin ərazisində salınması nəzərdə tutulan zooloji parkın layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və qəsəbə sakinlərinin iştirak etdikləri tədbirdə zooloji parkın dizayn işlərini həyata keçirən "Ekodenge" şirkətinin icraçı direktoru Yavuz Yöntem layihə barədə ətraflı məlumat vermişdir.

Dinamik inkişaf yolunu tutmuş Azərbaycanda ekologiya, elm və təhsil sahələrində bir sıra layihələrin reallaşdırıldığını qeyd edən Y.Yöntem milli parkların yaradılması və zooloji parkın qurulması kimi layihələrin də dünyada mötəbər bir ölkə kimi tanınan Azərbaycanın tam haqqı olduğunu demişdir.

Diqqətə çatdırılmışdır ki, yeni zooloji parkın salınması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il dekabrın 26-da sərəncam imzalamışdır. Prezident zooloji parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2012-ci il iyulun 20-də daha bir sərəncam vermişdir.

Məlumat verilmişdir ki, layihə üzərində işə 2010-cu ildə başlanılmışdır. Əvvəllər parkın Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində salınması nəzərdə tutulmuşdu. Sonradan həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji park üçün əlverişsiz hesab olundu. Ona görə də parkın qurulması üçün Ceyranbatan qəsəbəsində, Qumyataq gölü yaxınlığındakı ərazi təyin edilmişdir. Yeni zooloji parkın ərazisi 55 hektar təşkil edəcəkdir.

Qeyd edilmişdir ki, Azərbaycan Təbiət Aləmi Zooloji Parkında müxtəlif qitələrdən gətirilən 224 növdə 1518 heyvan yerləşdiriləcəkdir. Parkda hər qitəyə uyğun təbii şərait yaradılacaq, istər heyvanların saxlanılması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam dünya standartlarına uyğun hazırlanacaqdır.

Bildirilmişdir ki, zooloji park mərhələlərlə tikiləcəkdir. Birinci mərhələdə Bakıdakı zooparkın heyvanları mütəxəssislər tərəfindən müvəqqəti sığınacaqlara köçürüləcəkdir. Heyvanların bölgəyə uyğunlaşması üçün reabilitasiya işləri görüləcəkdir. Yeni zooloji parkda uşaqlara və gənclərə təbiəti sevmək və qorumaq vərdişləri aşılanmaqla, həm də onların təhsil fəaliyyəti üçün şərait yaradılacaqdır.

Tədbirdə həmçinin ekoloqların və qəsəbə sakinlərinin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 6.