Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dövlət qayğısı artırılır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Mən, ümumiyyətlə,  mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Bütövlükdə Bakıda və onun ətrafında çox böyük quruçuluq və abadlıq işləri  aparılır. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni real nəticələrini görəcəyik".

Ölkə başçısı tez-tez paytaxtın rayonlarında, şəhərətrafı qəsəbələrdə olur, verilən tapşırıqların icrası ilə maraqlanır, abadlıq bərpa və yenidənqurma işlərinə  diqqət yetirir, tövsiyələrini bildirir, sosial obyektlərin açılışında iştirak edir. Avqustun 2-də Azərbaycan Prezidenti paytaxtın Heydər Əliyev prospekti ilə  Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur. Ərazisi 25 min kvadratmetr olan parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri sona çatmaq üzrədir. Sakinlərin istirahəti üçün lazımi şərait yaradılan yeni park cənab İlham Əliyevin müvafiq tapşırıqlarının icrasından sonra , yaxın günlərdə istifadəyə veriləcəkdir.

Bundan bir gün sonra ölkə başçısı Bakının Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimində iştirak etmişdir. Qəsəbə sakinlərinin xahişinə rəğmən dövlət başçısının xüsusi tapşırığına əsasən üçmərtəbəli, 27 otaqdan ibarət yeni korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər səviyyəsində başa çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olmuşdur. Bildirilmişdir ki, 268 nömrəli körpələr evi-uşaq bağçasının binası 1989-cu ildə inşa olunub. Azərbaycan Prezidentinin tapşırığı ilə 2012-ci ildən bina əsaslı şəkildə yenidən qurulur. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələr evi-uşaq bağçasında yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub.          

Bakı və ətraf qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərini hətta xarici ölkələrdən ölkəmizə gələn dövlət başçıları, parlamentarilər, adamları və turistlər də yüksək dəyərləndirirlər. Bolqarıstanın iqtisadiyyat, enerjiturizm nazirinin müavini Yevgeniya Haritonova ötən ayın sonlarında ölkəmizdə səfərdə olarkən demişdir: "İyirmi beş il bundan əvvəl doğulduğum Bakıda indi  gördüyüm heyrətləndirici inkişafa hər bir Avropa ölkəsi həsəd apara bilər". Nəinki Bakıda, son illər Azərbaycanın hər bir bölgəsində bu cür heyrətləndirici inkişaf var. Çoxlarının həsəd apara biləcəyi bu inkişaf son illər ölkə Prezidenti İlham Əliyevin atdığı fundamental addımlar sayəsində mümkün olmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi iradəsi ilə reallığa çevrilən yeni neft strategiyası respublikamızın hərtərəfli inkişafına şərait yaratmışdır.

Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafı ilə əlaqədar imzaladığı fərman və sərəncamlar, dövlət proqramları icra edildikcə tikinti-quruculuq, abadlıq və bərpa işlərinin miqyası daha da artır. Tək paytaxt Bakıda deyil, bütün bölgələrdə sosial şərait yaxşılaşır, yeni yerləri açılır, əhalinin firavan yaşaması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Əvvəllər bölgələrdə müəyyən problemlər olduğundan vətəndaşlar bəzən işləmək üçün paytaxt Bakıya üz tuturdular. Lakin son illər aparılan quruculuq işlərinin hesabına regionlarda yeni yerlərinin açılması nəticəsində mövcud problem aradan qaldırılıb.

Bakının gündən-günə böyüməsi, dünyanın seçilən gözəl şəhərlərindən birinə çevrilməsi göz qabağındadır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans da paytaxtımızın son bir ildəki yüksək inkişaf dinamikasını, sakinləri narahat edən problemlərin həlli istiqamətində ciddi işlər görüldüyünü təsdiqlədi. Müşavirədəki giriş nitqində ötən ilin may ayında qəbul olunmuş dövlət proqramından sonra Bakı şəhərində və ətraf qəsəbələrdə tikinti və yenidənqurma işlərinin daha sürətlə getdiyini diqqətə çatdıran ölkə başçısı 2013-cü ilin sonuna qədər paytaxtda və şəhərətrafı ərazilərdə əsas sosial-iqtisadiinfrastruktur məsələlərinin öz həllini tapacağına əmin olduğunu bildirmişdi.

Təhlillər göstərir ki, görülən işlər vətəndaşların ürəyincədir. Çünki hər hansı layihə həyata keçirilərkən sakinlərin də təklif və tövsiyələri nəzərə alındığından hər uğurla nəticələnmişdir. Tez-tez bölgələrdə və Bakının ətraf qəsəbələrində olduğunu, görülən işlərlə şəxsən maraqlandığını vurğulayan ölkə başçısı demışdır: "Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Çünki mən istəyirəm ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, bizbunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda, demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır". Proqrama əsasən, ötən il Bakı şəhəri və ətraf qəsəbələrdə 55 məktəbdə tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və sinif otaqlarının tikintisi başa çatdırılmışdır. Bundan əlavə, 51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub-dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunmuşdur.

Dövlət başçısı müşavirədə Bakıdakı uşaq bağçalarının mövcud vəziyyətindən danışarkən bu sahədə ciddi işlərin görülməsinin vacibliyini önə çəkmiş, zəruri hallarda yeni uşaq təlim-tərbiyə müəssisələrinin tikiləcəyini qeyd etmişdir. Proqrama əsasən, Bakı və ətraf qəsəbələrdə 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılıb. Hazırda 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Yay mövsümü ilə əlaqədar bu obyektlərin vaxtında istifadəyə verilməsi məqsədilə işlər sürətləndirilib. Gələn il isə dövlət proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulub. Proqrama uyğun olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetrya 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmiş, kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır. Ümumilikdə, ötən il proqramın icrası nəticəsində 18 minə yaxın şəxs işlə təmin olunmuşdur. 2012-ci ildə də nəzərdə tutulan işlərin görülməsinə 21 minə yaxın işçi qüvvəsi cəlb edilmişdir. Gələn ildən isə bu rəqəmin iki dəfədən çox artacağı gözlənilir.

Həyata keçirilən kompleks tədbirlər çərçivəsində Bakı və şəhərətrafı qəsəbələrdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış, su, işıq, qaz təminatı yaxşılaşdırılmış, yeni sosial-mədəni obyektlərin tikinti işləri genişləndirilmişdir.

Bütün bunlara baxmayaraq, Bakı şəhərində və ətraf qəsəbələrdə həllini gözləyən problemlər də mövcuddur. Dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə bunu açıq bəyan edib. Prezident quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə görülməsini istədiyini vurğulayıb: "Qaz, işıq, su problemləri həll olunub. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün lazım olan bütün məsələlər öz həllini tapacaq".

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 5 avqust.- S. 1.