Gömrük orqanlarının
elektron məlumat sistemindən istifadə qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 3 avqust tarixli 164 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan
sonra - Gömrük Məcəlləsi) 42.2-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və
aşağıdakıları müəyyən edir:
1.1.1. gömrük orqanlarının
elektron məlumat sistemindən istifadə qaydalarını;
1.1.2. gömrük orqanlarının
elektron məlumat sistemində qeydiyyata alınan məlumatların
məzmununu, onların təqdim olunma müddətlərini və
mühafizə məsələlərini;
1.1.3. gömrük orqanları ilə
dövlət orqanları, səlahiyyətli iqtisadi
operatorlar, sahibkarlıq subyektləri,
habelə gömrük orqanlarının özləri
arasında elektron formada sənəd və məlumatların
mübadiləsi qaydasını;
1.1.4. şəxslərin gömrük
orqanlarının elektron informasiya sisteminin istifadəçisi
kimi təsdiq edilməsi qaydasını, bunun üçün
tələb olunan sənədlərin siyahısını;
1.1.5. gömrük orqanlarının elektron
informasiya sisteminin istifadəçisi olmaq istəyən şəxsin
bu barədə müraciətinin təmin edilməməsi
üçün əsasları;
1.1.6. istifadəçi, istifadəçilər
qrupu və ya bütün istifadəçilər
üçün müəyyən edilə bilən şərtləri.
2.
Gömrük orqanlarının elektron məlumat sistemində
qeydiyyata alınan məlumatların məzmunu, onların təqdim
olunma müddətləri və mühafizəsi
2.1. Gömrük orqanlarının
elektron məlumat sistemində qeydə alınan məlumatlar
aşağıdakıları əhatə edir:
2.1.1. mallar və nəqliyyat vasitələri
üzərində gömrük nəzarətini və
onların gömrük rəsmiləşdirilməsini;
2.1.2. gömrük işinin informasiya təminatını;
2.1.3. Dövlət Gömrük Komitəsinin
(bundan sonra - Komitə) fəaliyyətinin qanunvericilik
bazasını.
2.2. Mallar və nəqliyyat vasitələri
üzərində gömrük nəzarəti və
onların gömrük rəsmiləşdirilməsi
aşağıdakıları əhatə edir:
2.2.1. mallar və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən
(bundan sonra - gömrük sərhədi) keçirilməsi
haqqında məlumatları;
2.2.2. mallar və nəqliyyat vasitələrinin
təyinat gömrük orqanına çatdırılması
haqqında məlumatları;
2.2.3. mallar və nəqliyyat vasitələrinin gömrük orqanında bəyan
edilməsini;
2.2.4. gömrük bəyannamələrində
göstərilən məlumatların doğruluğuna nəzarəti;
2.2.5. gömrük rəsmiləşdirilməsinin
başa çatdırılması haqqında məlumatları.
2.3. Gömrük sərhədindən
keçirilən mal və nəqliyyat vasitələri
haqqında məlumatlar bazası dövlət sərhədinin
buraxılış məntəqələrində real vaxt
rejimində gömrük orqanları tərəfindən
formalaşdırılır.
2.4. Mal və nəqliyyat vasitələrinin təyinat gömrük orqanına
çatdırılması haqqında məlumatlar sistemə təyinat
gömrük orqanı tərəfindən real vaxt rejimində
əlavə edilir.
2.5. Bəyannaməçi mal və nəqliyyat
vasitələrini gömrük orqanında bəyan etmək
üçün gömrük orqanlarının informasiya
sisteminə qoşulmaqla, real vaxt rejimində elektron
gömrük bəyannaməsini doldurur.
2.6. Rəsmiləşdirmə
üçün tələb olunan gömrük ödənişləri
bank, poçt və ya plastik kart vasitəsilə həyata
keçirilir və ödənilmiş məbləğlər
haqqında məlumatlar real vaxt rejimində gömrük
orqanlarının elektron məlumat sisteminə
ötürülür.
2.7. Gömrük bəyannamələrində
göstərilən məlumatların doğruluğuna nəzarət
gömrük orqanlarının vəzifəli şəxsləri
tərəfindən aparılır və sistemdə real vaxt
rejimində əksini tapır.
2.8. Gömrük nəzarətinin nəticəsi
real vaxt rejimində sistemdə qeyd edilməklə, mal və nəqliyyat
vasitələri buraxılışa göndərilir və ya
gömrük nəzarəti formaları tətbiq edilmək
üçün saxlanılır.
2.9. Gömrük işinin informasiya təminatı
üzrə məlumatları üç qrupa
bölünür:
2.9.1. hüquqi;
2.9.2. metodiki;
2.9.3. təşkilati.
2.10.
Gömrük işinin hüquqi təminatı gömrük
qanunvericiliyindən ibarətdir. Bu məlumatlar normativ
hüquqi aktlar qüvvəyə mindikdən sonra gömrük
orqanlarının elektron informasiya sisteminə daxil edilir.
2.11. Gömrük işinin metodiki təminatı
sistem vasitəsilə gömrük rəsmiləşdirilməsinin,
gömrük nəzarətinin və onların nəticələrinin
təhlili üzrə gömrük orqanlarının vahid
qaydada işləmələrinin təmin edilməsi və
bütün gömrük orqanlarının işləmə qaydaları
ilə real vaxt rejimində tanış olmaq imkanının əldə
edilməsi üçün şəraitin
yaradılmasından ibarətdir.
2.12. Gömrük işinin təşkilati
təminatı gömrük rəsmiləşdirilməsi və
gömrük nəzarəti prosedurlarının (o cümlədən,
elektron qaydada) həyata keçirilməsinin
mümkünlüyü və səmərəliliyi
baxımından şəraitin yaradılmasını nəzərdə
tutur.
2.13. Komitənin fəaliyyət təminatı
məsələlərinə aşağıdakılar
daxildir:
2.13.1. gömrük orqanlarının
maddi-texniki təminatı;
2.13.2. Komitənin maliyyə-təsərrüfat
məsələləri;
2.13.3. kadrlarla iş.
2.14. Komitənin fəaliyyət təminatı
ilə bağlı məlumatlarla iş tələbata
uyğun olaraq real vaxt rejimində aparılır.
2.15. Məlumatların mühafizəsi
üçün aşağıdakı tədbirlər həyata
keçirilməlidir:
2.15.1. məlumatlara icazəsiz girişin
və onun məlumatlara giriş icazəsi olmayan şəxslərə
verilməsinin qarşısının alınması;
2.15.2. məlumatlara icazəsiz giriş
hallarının vaxtında aşkarlanması və
qarşısının alınması;
2.15.3. məlumatlara giriş
qaydalarının pozulmasının nəticələri
haqqında xəbərdarlıq edilməsi;
2.15.4. məlumatların işlənməsinin
texniki vasitələrinə onların fəaliyyətlərini
poza biləcək təsirlərin qarşısının
alınması;
2.15.5. icazəsiz giriş nəticəsində
dəyişdirilmiş və ya məhv edilmiş məlumatların
dərhal bərpası imkanının olması;
2.15.6. məhdud girişli məlumatların
qorunması;
2.15.7. məlumatlara giriş
hüquqlarının həyata keçirilməsi;
2.15.8. məlumatların mühafizə səviyyəsinin
təmin edilməsinə daimi nəzarətin həyata
keçirilməsi.
2.16. Mühafizənin təmin edilməsi
məqsədi ilə gömrük xidmətinin vahid
avtomatlaşdırılmış informasiya sistemində olan məlumatlara
giriş yalnız proqram təminatı vasitəsilə həyata
keçirilir.
2.17. Mühafizə
aşağıdakı proqram-texniki üsullarla təmin edilir:
2.17.1. istifadəçilərə
istifadəçi hüquqlarının verilməsi ilə
sistemə girişin tənzimlənməsi;
2.17.2. sistemə giriş
üçün elektron imzadan və ya kriptoqrafik açardan
istifadənin məcburi olması;
2.17.3. mühafizə olunan məlumatlara
girişin qeydiyyatının aparılması;
2.17.4. mühafizə olunan məlumatlardan
istifadəyə nəzarət;
2.17.5. sistemə icazəsiz giriş cəhdlərinin
qeydiyyatının aparılması;
2.17.6. mühafizə olunan məlumatların
ötürülməsində və işlənilməsində
kriptoqrafik qoruyucu vasitələrdən istifadə edilməsi;
2.17.7. sistemə giriş imkanı
verilmiş hər bir gömrük əməkdaşının
iş yerindəki texniki vasitələrə müvafiq qoruyucu
proqram təminatının yüklənməsi və işə
salınması;
2.17.8. informasiya qoruyucu vasitələrin
quraşdırılması və işə salınması.
2.18. Sistemin mühafizəsi
üçün aşağıdakı təşkilati tədbirlər
görülür:
2.18.1. Bakı şəhərindən kənarda
Komitənin ehtiyat server mərkəzinin yaradılması;
2.18.2. serverlərin
quraşdırıldığı otaqlara kənar şəxslərin
girişinin qadağan edilməsi;
2.18.3. məlumatların daxil edilməsinə
və dəyişdirilməsinə səlahiyyəti olan şəxslərin
siyahısının dəqiqləşdirilməsi, məsuliyyət
tələb edən hallarda siyahının təsdiq edilməsi.
2.19.
Proqram-texniki və təşkilati mühafizə tədbirləri
birgə tətbiq olunur.
3. Gömrük orqanları ilə
dövlət orqanları, səlahiyyətli
iqtisadi operatorlar, sahibkarlıq subyektləri,
habelə gömrük orqanlarının özləri arasında elektron
formada sənəd
məlumatların mübadiləsi
3.1. Gömrük orqanları ilə digər
dövlət orqanları arasında elektron sənəd və
məlumat mübadiləsi aşağıdakı hallarda
aparılır:
3.1.1. şəxslər tərəfindən
gömrük sərhəd buraxılış məntəqələrindən
mal və nəqliyyat vasitələrinin keçirilməsi
zamanı;
3.1.2. xarici iqtisadi fəaliyyət
iştirakçıları tərəfindən mal və nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi
zamanı;
3.1.3. gömrük və dövlət
orqanları tərəfindən elektron xidmətlərin
göstərilməsi zamanı;
3.1.4. gömrük və dövlət
orqanları öz funksiyalarını yerinə yetirən zaman.
3.2. Gömrük sərhəd
buraxılış məntəqələrində
gömrük orqanları ilə dövlət orqanları
arasında elektron məlumat mübadiləsi aşağıdakı
məqsədlər üçün aparılır:
3.2.1. gömrük nəzarəti
vaxtının minimuma endirilməsi və səmərəliliyinin
artırılması;
3.2.2. yoxlama hərəkətlərinin təkrarlanmasının
qarşısının alınması;
3.2.3. nəzarət orqanlarının vəzifəli
şəxslərinin mal və nəqliyyat vasitəsini sərhəddən
keçirən şəxslə təmasının
azaldılması.
3.3. Gömrük orqanları ilə digər
dövlət sərhəd nəzarət qurumları
arasında məlumat mübadiləsi gömrük xidmətinin
vahid avtomatlaşdırılmış idarəetmə sistemindən
(bundan sonra - VAİS) istifadə etməklə real vaxt rejimində
aparılır.
3.4. Gömrük orqanları ilə digər
dövlət sərhəd nəzarət qurumları
arasında sərhədi keçən mal və nəqliyyat
vasitələrinə dair məlumat mübadiləsi onlar
arasında bağlanmış ikitərəfli
razılaşmalar və ya elektron hökumət prinsipləri əsasında
tənzimlənir.
3.5. Mal və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi zamanı
gömrük orqanları ilə digər dövlət
orqanları arasında elektron məlumat mübadiləsi
aşağıdakı məqsədlər üçün
aparılır:
3.5.1. rəsmiləşdirmə
üçün tələb olunan və dövlət orqanlarının
elektron məlumat sistemində olan məlumat və sənədlərin
mübadilə edilməsi nəticəsində şəxslərdən
tələb edilən sənədlərin sayının
minimuma endirilməsi;
3.5.2. gömrük rəsmiləşdirilməsi
və gömrük nəzarəti vaxtının minimuma
endirilməsi və səmərəliliyinin
artırılması;
3.5.3. şəffaflığın təmin
olunması;
3.5.4. gömrük orqanının vəzifəli
şəxslərinin mal və nəqliyyat vasitəsini rəsmiləşdirən
şəxslə təmasının azaldılması.
3.6. Gömrük orqanları ilə digər
dövlət orqanları arasında elektron məlumat mübadiləsi
aşağıdakı üsullarla aparılır:
3.6.1. elektron hökumətin dövlət
informasiya sistemi vasitəsilə;
3.6.2. VAİS vasitəsilə;
3.6.3. qarşılıqlı
razılaşma əsasında digər vasitələrlə.
3.7. Gömrük orqanları ilə digər
dövlət orqanları arasında elektron qaydada mübadilə
olunan məlumatların strukturu qarşılıqlı
razılaşdırılır.
3.8. Gömrük orqanları ilə səlahiyyətli
iqtisadi operatorlar arasında məlumat mübadiləsi onlar
arasında bağlanmış müqavilələrlə tənzimlənir.
3.9. Bəyannaməçilərdən
gömrük bəyannamələri və elektron formada təqdim
edilən sənədlər gömrük xidmətinin vahid
avtomatlaşdırılmış idarəetmə sisteminə
elektron şəkildə qəbul edilir.
3.10. Sahibkarlıq subyektləri və
gömrük brokerləri gömrük rəsmiləşdirilməsi
ilə bağlı normativ məlumatlardan və təsnifatlardan
istifadə etmək üçün gömrük
orqanlarının icazəsi əsasında VAİS-ə bu
Qaydaların 4-cü hissəsində müəyyən
edilmiş qaydada qoşula bilərlər.
3.11. Gömrük orqanlarının özləri
arasında məlumat mübadiləsi müxtəlif
gömrük prosedurları altında yerləşdirilən
mallara gömrük nəzarətinin gömrük
qanunvericiliyinin tələblərinə uyğun həyata
keçirilməsinin təmin edilməsi, habelə
gömrük əməliyyatlarının başa
çatdırılmasının təsdiq edilməsi məqsədi
ilə aparılır.
3.12. Gömrük orqanları arasında məlumat
mübadiləsi VAİS-dən istifadə etməklə real
vaxt rejimində aparılır.
4. Şəxslərin
gömrük orqanlarının electron məlumat sisteminin
istifadəçisi kimi təsdiq edilməsi və bunun
üçün tələb olunan sənədlərin
siyahısı
4.1. Gömrük orqanlarının
informasiya sistemlərinə məlumat göndərmək və
ya oradan məlumat almaq istəyən şəxslər
gömrük orqanları tərəfindən gömrük
orqanlarının informasiya sistemlərinin istifadəçisi
(bundan sonra - istifadəçi) kimi təsdiq edilməlidirlər.
4.2. İnformasiya sistemlərindən istifadə
səlahiyyətləri aşağıdakılara verilə bilər:
4.2.1. gömrük orqanı əməkdaşlarına;
4.2.2. gömrük brokerlərinə;
4.2.3. gömrük orqanları ilə
VAİS vasitəsilə məlumat mübadiləsində
iştirak edən digər təşkilatların əməkdaşlarına;
4.2.4. xarici iqtisadi fəaliyyət
iştirakçılarına.
4.3. Gömrük orqanı əməkdaşlarının
istifadəçi kimi qeydiyyata alınması, onlara istifadəçi
hüquqlarının verilməsi, bu hüquqların dəyişdirilməsi
və ləğv edilməsi gömrük orqanlarında istifadəçilərə
həvalə edilmiş səlahiyyətlərə uyğun
tabeliyində olduğu gömrük orqanı rəisinin rəsmi
müraciəti əsasında həyata keçirilir.
4.4. Gömrük brokerlərinə
onların rəhbərlərinin rəsmi müraciəti əsasında
broker fəaliyyəti göstərdikləri müddətdə
həmin fəaliyyətin həyata keçirilməsini təmin
edən istifadəçi hüquqları verilir və fəaliyyət
müddətinin bitməsi ilə istifadəçi
hüquqları da ləğv edilir.
4.5. Gömrük orqanları ilə məlumat
mübadiləsində iştirak edən digər dövlət
qurumlarının əməkdaşlarına həmin təşkilatların
rəhbərlərinin rəsmi müraciəti əsasında
məlumatlara giriş səlahiyyətlərinə uyğun
istifadəçi hüquqları verilir və ya ləğv
edilir.
4.6. Gömrük orqanlarının elektron
məlumat sisteminin istifadəçisi olmaq istəyən şəxs
yazılı və ya elektron formada ərizə ilə Komitəyə
müraciət edir.
4.7. Ərizəyə 5 (beş) iş
günündən gec olmayaraq baxılır və müqavilənin
imzalanması üçün hüquqi şəxsin nümayəndəsi
hüquqi şəxsin qeydiyyat sənədi və öz şəxsiyyətini
təsdiq edən sənədlə, fiziki şəxs isə
yalnız öz şəxsiyyətini təsdiq edən sənədlə
Komitəyə dəvət olunur.
4.8. Gömrük orqanlarının elektron
məlumat sisteminin istifadəçisi olmaq istəyən şəxslərə
müqavilə əsasında yalnız öz ixrac-idxal əməliyyatlarına
giriş üçün istifadəçi hüquqları
verilir.
5. Gömrük
orqanlarının elektron məlumat sisteminin istifadəçisi
olmaq istəyən şəxsin bu barədə müraciətinin
təmin edilməməsi üçün əsaslar
5.1. Gömrük orqanlarının elektron
məlumat sisteminin istifadəçisi olmaq barədə
müraciətlər aşağıdakı hallarda təmin
edilmir:
5.1.1. şəxs elektron xidmətlərin
göstərilməsi üçün Komitə tərəfindən
təklif olunan müqaviləni imzalamaqdan imtina etdikdə;
5.1.2. müraciət edənin qanunvericiliklə
müəyyən edilmiş qaydada şəxsiyyəti təsdiq
edilmədikdə və ya müraciət edən şəxslə
barəsində informasiya istənilən şəxs fərqləndikdə;
5.1.3. şəxs gömrük orqanları
tərəfindən göstərilən elektron xidmətlərdən
fərqli məlumatlara giriş istədikdə.
5.2. Müraciətin təmin edilməməsi
haqqında qərar qəbul edildikdə, şəxsə
müraciətin təmin edilməməsinin səbəbləri
aydın və əsaslandırılmış şəkildə
göstərilməklə, müraciətin
alındığı tarixdən 5 (beş) iş
günündən gec olmayaraq bildiriş göndərilir.
5.3. Gömrük orqanının qərarı
ilə razı olmayan şəxslər həmin qərardan
inzibati qaydada və ya məhkəməyə şikayət edə
bilərlər.
6. İstifadəçi,
istifadəçilər qrupu və ya bütün istifadəçilər
üçün müəyyən edilə bilən şərtlər
6.1. İstifadəçilərə istifadəçi
hüquqları müvafiq təhlükəsizlik tələbləri
nəzərə alınmaqla verilir.
6.2. İstifadəçi hüquqları
istifadəçinin yerinə yetirməli olduğu funksiyalara
uyğun olmalıdır.
6.3. İstifadəçi sistem
inzibatçısı tərəfindən ona verilmiş
istifadəçi hüquqlarını dəyişməyə
cəhd etməməlidir.
6.4. Bu Qaydaların 4.2.1-4.2.3-cü
yarımbəndlərində nəzərdə tutulmuş
istifadəçilər sistemdən yalnız xidməti vəzifələrini
həyata keçirmək üçün istifadə edirlər.
6.5. Eyni səlahiyyətlərə malik
istifadəçilər, istifadəçilər qrupunda birləşdirilə
bilərlər.
6.6. İstifadəçi onun istifadəçi
adından sistemdə aparılan bütün əməliyyatlara
görə məsuliyyət daşıyır.
6.7. İstifadəçilərin məlumat
bazalarına girişi yalnız proqram təminatı vasitəsilə
həyata keçirilir. Bazalara birbaşa giriş yolverilməzdir.
6.8. Komitə tərəfindən istifadəçinin
hüquqları aşağıdakı hallarda ləğv
edilir:
6.8.1. istifadəçi Gömrük Məcəlləsi
ilə üzərinə qoyulmuş öhdəliklərinə
əməl etmədikdə;
6.8.2. istifadəçi bu Qaydalarda müəyyən
edilmiş şərtləri yerinə yetirmədikdə;
6.8.3. istifadəçi gömrük
orqanlarının elektron məlumat sisteminə qeyri-qanuni daxil
olmağa və ya müdaxiləyə görə qanunvericilikdə
nəzərdə tutulmuş qaydada təqsirli bilindikdə;
6.8.4. istifadəçinin imtina barədə
rəsmi müraciəti olduqda.
6.9. İstifadəçi hüquqları ləğv
edildikdə, bu barədə ona bildiriş göndərilir. Bildirişdə
istifadəçi hüququnun ləğvinin səbəbləri
göstərilir.
6.10. Gömrük orqanının qərarı
ilə razı olmayan şəxslər həmin qərardan
inzibati qaydada və ya məhkəməyə şikayət edə
bilərlər.
Azərbaycan.-
2012.- 5 avqust.- S. 2.