Dövlət
orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük
məsələləri üzrə məlumatların verilməsi
qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 8.0.27-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə (bundan sonra - şəxslər) gömrük məsələləri üzrə məlumatların verilməsi qaydalarını müəyyən edir.
1.2.
Bu qaydalar Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən
idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri
ilə bağlı aidiyyəti dövlət orqanlarına
mütəmadi verilən məlumatlara şamil edilmir.
1.3.
Gömrük orqanlarının aşkar etdiyi
hüquqpozmaların araşdırılması digər
hüquq-mühafizə orqanlarının səlahiyyətinə
aid olduğu hallarda müvafiq məlumatlar və onlara dair sənədlər
həmin orqanlara verilir.
1.4.
Gömrük orqanları digər hüquq-mühafizə orqanlarının
sorğuları əsasında barəsində inzibati xətalar
haqqında iş üzrə icraat və ya cinayət işi
başlanılmış şəxslər haqqında onlarda
olan məlumatları həmin orqanlara verirlər.
2. Gömrük məsələləri
üzrə məlumatların əldə edilməsi
üsulları
2.1.
Şəxslər gömrük məsələləri üzrə
məlumatları aşağıdakı üsullarla əldə
edə bilərlər:
2.1.1.
gömrük orqanlarının girişində
quraşdırılmış məlumat köşklərindən
və ya internet vasitəsilə;
2.1.2.
gömrük orqanının vəzifəli şəxsinə
bilavasitə və ya telefonla şifahi müraciət etməklə;
2.1.3.
gömrük orqanına şəxsən, poçt, telefaks,
yaxud elektron poçtla yazılı sorğu təqdim etməklə;
2.1.4.
gömrük orqanlarının elektron məlumat sisteminin
istifadəçisi kimi təsdiq edilməklə.
2.2.
Gömrük orqanlarının girişində
quraşdırılan məlumat köşklərində və
Komitənin rəsmi internet saytında aşağıdakı
məlumatlar yerləşdirilir:
2.2.1.
Komitənin qaynar xəttinin nömrəsi;
2.2.2.
gömrük orqanlarının adları və əlaqə məlumatları
(poçt ünvanı, elektron poçt ünvanı, telefon
nömrələri və s.);
2.2.3.
gömrük orqanlarının struktur bölmələri
haqqında əsasnamələr;
2.2.4.
gömrük orqanlarının fəaliyyəti ilə
bağlı hazırlanmış təlimatlar;
2.2.5.
gömrük orqanlarının ştat cədvəlləri, həmin
orqanlarda çalışan vəzifəli şəxslərin
adları, soyadları, telefon nömrələri, elektron
poçt ünvanları, həmçinin onların təhsili
və ixtisasları barədə məlumatlar;
2.2.6.
gömrük orqanlarının fəaliyyəti barədə
hesabatlar;
2.2.7.
normativ hüquqi aktların layihələri -
razılaşdırılmağa və ya təsdiq olunmağa
göndərildiyi andan;
2.2.8.
Komitənin əmr, sərəncam və qərarları -
qüvvəyə mindiyi gündən;
2.2.9.
gömrük orqanlarının vakansiyaları haqqında məlumatlar;
2.2.10.
məlumatların təqdim edilməsi üçün
sorğuların verilməsinə dair tələblər;
2.2.11.
ən çox verilən suallar üzrə normativ hüquqi
aktlardan çıxarışlar;
2.2.12.
məlumatların verilməsindən imtina üçün əsaslar;
2.2.13.
göstərilən elektron gömrük xidmətlərinin
siyahısı və bu xidmətlərdən istifadə
qaydaları haqqında məlumatlar;
2.2.14.
gömrük orqanlarının göstərdikləri xidmətlə
bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliklərin
edilməsinə ən geci on gün qalanadək;
2.2.15.
gömrük orqanları rəhbərlərinin qəbul
saatları barədə məlumatlar;
2.2.16.
gömrük orqanlarında əməyin ödənilməsinə
dair təlimatlar, habelə əlavə haqların ödənilməsi
qaydaları və xüsusi güzəştlər barədə
məlumatlar;
2.2.17.
qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr,
gömrük işinə aid digər normativ hüquqi aktlar və
təsnifatlar;
2.2.18.
ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən
Azərbaycan Respublikasının xarici ticarətinin ümumiləşdirilmiş
gömrük statistikası;
2.2.19.
dövlət sirri təşkil edən məlumatların
siyahısı;
2.2.20.
açıqlanması xüsusi qanunvericiliklə, beynəlxalq
müqavilələrlə və ya onların əsasında qəbul
edilən normativ aktlarla müəyyənləşdirilən
informasiyalar;
2.2.21.
gömrük işi və gömrük orqanlarının fəaliyyəti
ilə bağlı yeniliklər.
2.3.
Bu qaydaların 2.2-ci bəndində qeyd olunan məlumatlarda
baş verən dəyişikliklər barədə Komitənin
mətbu nəşrində məlumat dərc edilir.
2.4.
Gömrük işi sahəsində qanunvericilik aktlarında
baş verən dəyişikliklər, həmçinin digər
kütləvi informasiya vasitələrinin köməyi ilə
ictimaiyyətə çatdırılır.
2.5.
Telefon vasitəsilə məlumatlandırma Komitənin "qaynar
xətt"i və gömrük orqanının vəzifəli
şəxsinin birbaşa iş telefonu vasitəsilə həyata
keçirilir.
2.6.
Şəxslər Komitənin "qaynar xətt"i vasitəsilə
gömrük işinin aşağıdakı sahələri
üzrə məlumat ala bilərlər:
2.6.1.
maliyyə məsələləri və gömrük ödənişləri
üzrə:
2.6.1.1.
nəqliyyat vasitələri və aksizli mallar üzrə;
2.6.1.2. respublika ərazisinə
idxal olunan digər mallar üzrə;
2.6.1.3. gömrük dəyəri üzrə;
2.6.1.4. valyuta gömrük
nəzarəti üzrə;
2.7.1.5. tarif tənzimlənməsi
üzrə;
2.6.1.6. yol vergiləri
üzrə;
2.6.1.7. icazə blankları
üzrə;
2.6.2. gömrük nəzarətinin təşkili
üzrə:
2.6.2.1. ticarət dövriyyəsi
üzrə;
2.6.2.2. qeyri-ticarət dövriyyəsi
üzrə;
2.6.2.3. sərnişinlərə gömrük nəzarəti
üzrə;
2.6.2.4. baytarlıq, fitosanitar və sanitar karantin nəzarəti üzrə;
2.6.3. qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması
faktları üzrə;
2.6.4. digər dövlət
qurumları ilə məlumatların üzləşdirilməsi
üzrə;
2.6.5. kadrlarla işin
təşkili üzrə;
2.6.6. şikayətlər üzrə;
2.6.7. məktublar üzrə;
2.6.8. gömrük qanunvericiliyinin tətbiqinə
dair istənilən digər məlumatlar.
2.7. "Qaynar xətt" vasitəsilə verilən
məlumatlar texniki vasitələrin köməyi
ilə elektron daşıyıcılarda yazılır
və şəxsin istəyi ilə ona təqdim edilir.
2.8. Gömrük ödənişlərinin
məbləğinə dair
"qaynar xətt"
vasitəsilə alınan
məlumatlar gömrük
orqanları üçün
məcburidir.
2.9. Şəxs "qaynar xətt" vasitəsilə
ona bildirilən məbləğdən artıq
gömrük ödənişlərinin
ödənilməsinə məcbur
edilə bilməz.
2.10. Şəxslər həmçinin
lazımi gömrük
məlumatlarını elektron
hökumət portalında
yerləşdirilmiş elektron
gömrük xidmətləri
vasitəsilə də
əldə edə bilərlər.
3. Sorğuya dair tələblər
3.1. Hər bir şəxs
sorğu vermək yolu ilə gömrük
orqanlarından bu qaydaların 4.1-ci bəndində
nəzərdə tutulmuş
məlumatlar istisna edilməklə, gömrük
məsələləri üzrə
istənilən məlumatı
əldə edə bilər.
3.2. Gömrük işi və gömrük orqanlarının səlahiyyətlərinə
aid və Komitənin rəsmi internet saytında
açıqlanmayan məsələlər
üzrə məlumatların
verilməsi üçün
əsas şəxsin gömrük orqanının
müvafiq struktur bölməsinə müraciətidir.
3.3. Müraciət yazılı
və şifahi sorğu formasında edilə bilər.
3.4. Yazılı sorğu gömrük orqanına şəxsən təqdim
edilə, yaxud poçt, telefaks və ya elektron
poçt vasitəsilə
göndərilə bilər.
3.5. Gömrük orqanının
məsul vəzifəli
şəxsi mütəmadi
olaraq (gündə 2 dəfədən az olmayaraq), elektron poçt vasitəsilə məktubların
daxil olmasını yoxlayır və daxili kargüzarlıq qaydalarına müvafiq olaraq sorğuları icra edir.
3.6. Elektron poçtla göndərilən sorğular
yazılı sorğulara
qoyulan tələblərə
cavab verməlidir.
3.7. Yazılı sorğu aşağıdakı məlumatları
özündə əks
etdirməlidir:
3.7.1. şəxsin müraciət etdiyi gömrük orqanının
adı;
3.7.2. məlumat almaq
istəyən hüquqi
şəxsin adı və ya fiziki
şəxsin adı və soyadı;
3.7.3. şəxsin əlaqə məlumatları
(poçt və ya elektron poçt
ünvanı, telefon və ya telefaks
nömrəsi);
3.7.4. sorğunun məzmunu;
3.7.5. informasiyanın təqdim edilmə forması;
3.7.6. imza.
4. Məlumatın
verilməsindən imtina
üçün əsaslar
4.1. Gömrük orqanlarının
vəzifəli şəxsləri
aşağıdakı hallarda
sorğunun icrasından
imtina edirlər:
4.1.1. sorğunun əldə
edilməsi qanunla məhdudlaşdırılan informasiyaya
aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə
etməyə səlahiyyəti
çatmadıqda;
4.1.2. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq
mümkün olmadıqda;
4.1.3. sorğu gömrük
məsələləri ilə
əlaqədar olmadıqda.
4.2. Məlumatın verilməsindən
imtina qərarı imtinanın səbəbi aydın və əsaslandırılmış şəkildə göstərilməklə,
yazılı şəkildə
sorğunun alındığı
tarixdən 5 (beş) iş günündən gec olmayaraq şəxsə göndərilir.
4.3. Gömrük orqanının
qərarı ilə razı olmayan şəxslər həmin
qərardan inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.
5. Sorğunun cavablandırılması
5.1. Gömrük orqanları informasiyanı şəxsə
onun istəyindən asılı olaraq və ya onunla
razılaşdırmaqla aşağıdakı
üsullarla təqdim edir:
5.1.1. elektron məlumat
daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron
poçt ünvanına
göndərməklə;
5.1.2. sənədin surətini və ya sənəddən çıxarışı şəxsə
bilavasitə təqdim
etməklə və ya onun poçt
ünvanına göndərməklə;
5.1.3. telefaksla;
5.1.4. şifahi formada;
5.1.5. məlumatlarla tanış olmaq üçün ayrılmış
yerə girməyə
icazə verməklə;
5.1.6. məlumat daşıyıcısının
növünü nəzərə
almaqla, digər üsullarla.
5.2. Sorğu yalnız aşağıdakı hallarda
şifahi cavablandırılır:
5.2.1. gömrük orqanının vəzifəli
şəxsinə bilavasitə
müraciət edildikdə;
5.2.2. sorğu üzrə
məlumatlar soruşulduqda;
5.2.3. gömrük orqanlarında şəxsi
maraqlandıran məlumatın
olub-olmadığı öyrənildikdə.
5.3. Sorğu ən qısa müddətdə,
lakin 7 (yeddi) iş günündən gec olmayaraq icra
edilir.
5.4. Bu müddətdə həmin
məlumat öz operativliyini itirərsə,
sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq
cavab verilməlidir.
5.5. İnsan həyatı, sağlamlığı, yaxud
şəxsin azadlığı
üçün real təhlükə
yarandığı hallarda
axtarılması və
hazırlanması müəyyən
vaxt tələb edən məlumatlar 48 saat ərzində (iş günü hesab edilməyən günlər istisna olmaqla) təqdim edilir.
5.6. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, gömrük orqanının
vəzifəli şəxsi
müəyyən edilmiş
çatışmazlıqlar barədə şəxsə
5 (beş) iş günü müddətində məlumat
verir.
5.7. Gömrük orqanı həddən artıq sorğu aldıqda və bu səbəbdən
məlumatı hazırlamaq
üçün əlavə
vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək,
yaxud məlumatın aydınlaşdırılması üçün çoxsaylı
sənədləri araşdırmaq
lazım gəldikdə,
nəzərdə tutulmuş
icra müddətini əlavə olaraq 7 (yeddi) iş günü də uzada bilər.
5.8. Gömrük orqanı şəxsə səbəblərini
göstərməklə, müddətin
uzadılması barədə
5 (beş) iş günü ərzində məlumat verir.
5.9. Sorğu ilə bağlı məlumatlar şəxslərə ödənişsiz
verilir.
Azərbaycan.- 2012.- 5 avqust.- S. 3.