Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin fəaliyyəti müzakirə olunmuşdur

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cari ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilmişdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev demişdir ki, ötən altı ay ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilmiş, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilmişdir.

Penitensiar Xidmətin rəhbərliyi tərəfindən şəffaflığın artırılmasına xüsusi fikir verilmiş, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülmüş və hərtərəfli araşdırılmışdır. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlər Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilmişdir.

Hesabat dövründə müxtəlif tipli 110 cinayətin üstü açılmışdır. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olmuşdur. Keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 8730 manat pul, 39 litr spirtli içki, 101 mobil telefon, 197,3 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülmüşdür.

Müxtəlif qanun pozuntularına yol vermiş 103 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 9 nəfər ədliyyə orqanlarından xaric edilmişdir. 9 və 17 saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifədən azad edilmiş, 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə orqanlarından xaric olunmuşdur.

Əməliyyat şurasında məhkumların vaxtından əvvəl şərti azad olunmaları və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələri praktikasının hazırkı vəziyyəti müzakirə edilmişdir.

Bildirilmişdir ki, cari ilin birinci yarısında Penitensiar Xidmət və ona tabe qurumlar tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilmiş, müəyyən müsbət nəticələr əldə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 5 avqust.- S. 3.