Makroiqtisadi tənzimləmə mexanizmləri: problemlər, təkliflər

 

 İqtisadi inkişafda vergilərin stimullaşdırıcı funksiyasından istifadənin genişləndirilməsi

 

 Mahiyyət etibarilə hökumətin vergi siyasəti bir tərəfdən fiskal təyinatlı olur, digər tərəfdən, iqtisadi inkişafın stimullaşdırılması vəzifəsini həyata keçirir. Vergi siyasətinin bu iki istiqamətinin məqsədəuyğun nisbəti zaman-zaman dəyişir. Diqqəti ikinci istiqamətə cəlb etmək istərdik. Araşdırmalarımız göstərir ki, Azərbaycanın qanunlarında təsərrüfat subyektləri üçün çoxsaylı vergi güzəştləri  tətbiq olunur. Vergilər Nazirliyinin idarə rəisi, AMEA-nın müxbir üzvü Akif Musayev hələ 2002-ci ildə yazmışdır ki, Azərbaycanın vergi qanunvericiliyində ümumi vergi potensialının təxminən 30 faizi qədər güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur.

Amma bu güzəştlərin xoş məramdan irəli gəldiyini etiraf etməklə onun mənfi cəhətlərini də yaddan çıxarmaq lazım deyil. Məsələn, aqrar sektorun torpaq vergisi istisna olmaqla bütün vergilərdən qeyd-şərtsiz azad edilməsi bir tərəfdən kənd təsərrüfatının investisiya təminatına mənfi təsir edir, digər tərəfdən də dövlət büdcəsinin gəlirlərini azaldır. Məsələn, 2010-cu ildə aqrar sektorda 2,2 milyard manatdan çox ümumi mənfəət yaranmışdır. Əgər onun heç olmasa 10 faizi vergi şəklində büdcəyə ödənilsə idi, bu, 200 milyon manat edərdi və dövlət də onun böyük bir hissəsini investisiya şəklində kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmlənməsinə yönəldərdi. Odur ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən müddətə vergi dərəcələrinin aşağı səviyyədə müəyyən edilməsi daha məqsədəuyğun olardı. Özü də o şərtlə ki, onlar güzəştdən əldə etdikləri maliyyə vəsaitlərini investisiya kimi təsərrüfatlarda istifadə etsinlər. Ümumiyyətlə, beynəlxalq təcrübə və apardığımız tədqiqatlar göstərir ki, güzəştlərə yenidən baxılmalıdır. Burada diqqət yetirməli mühüm məqam ondan ibarətdir ki, bütün hallarda vergi güzəştləri investisiya qoyuluşu ilə şərtləndirilsin, özü də müəyyən müddətə verilməklə, ancaq prioritet sahələrə və prioritet regionlara şamil edilsin.

Regionların və iqtisadi sektorların investisiya baxımından cəlbediciliyini yüksəltmək məqsədilə vergi dərəcələrinin differensiallaşdırılmasının böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədə geniş istifadə olunan bu yanaşma təəssüf ki, bizim ölkəmizdə tətbiq edilmir. Ümumiyyətlə, Azərbaycanda cəmi 9 növ vergi tətbiq edilir. İnkişaf etmiş ölkələrdə isə çoxsaylı vergi növləri, məsələn, Yaponiyada 25 dövlət və 30 yerli vergi növü mövcuddur.

Vergi növlərinin diversifikasiyası istiqamətində nəzəri-metodoloji baxımdan elmi-tədqiqat işlərinin aparılmasına da ehtiyac var. Emal sənayesində və kənd təsərrüfatı məhsulları istehsalının prioritet sahələrində əlverişli investisiya mühiti yaratmaq məqsədilə 2001-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəssisələrin dirçəlməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərən normativ müddəalar nəzərdə tutulmuşdur. Belə ki, balans mənfəətinin istehsal təyinatlı kapital qoyuluşunun maliyyələşdirilməsinə, bu məqsədlər üçün alınmış və istifadə edilmiş bank kreditlərinin ödənilməsinə yönəldilən hissəsi vergidən azad edilirdi. Amma bütün iqtisadi sektorlara şamil edilmiş bu güzəşt dövlət büdcəsinin gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir edirdi. Ona görə də bu müddəa sonradan Vergi Məcəlləsindən tamamilə çıxarıldı. Ancaq, bizim fikrimizcə, prioritetlik prinsipini əsas tutaraq qeyri-neft sənaye müəssisələri və kənd təsərrüfatında istehsal kooperativləri üçün bu vergi güzəştinin müəyyən müddətə bərpa edilməsi düzgün olardı.

 

Amortizasiya ayırmaları investisiya mənbəyi kimi

 

 Bazar iqtisadiyyatı sistemində amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin iqtisadi mexanizmlərindən biridir. Bəs, bu məsələyə yanaşma Azərbaycanda necədir?

"İnvestisiya fəaliyyəti haqqında" qanunda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə mənbələrindən biri kimi nəzərdə tutulmuşdur (maddə 9). Bundan əlavə, qanunun 11-ci maddəsində göstərilir ki, amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tənzimləmə vasitələrindən biridir. Qanuna görə, amortizasiya üzrə ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif  növləri və elementləri üçün dəyişkən və fərqli güzəştlər də müəyyən edilə bilər. Eləcə də "Büdcə sistemi haqqında" qanuna və "Azərbaycan Respublikasının Milli Hesablarına" uyğun olaraq, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri hər il ölkənin "Toplu maliyyə balansı"nı hazırlayırlar və büdcə zərfinin tərkibində Milli Məclisə təqdim edir. Hər iki sənəddə amortizasiya ayırmaları təsərrüfat subyektlərinin ümumi mənfəətinə daxil olunur. Burada iki sualı cavablandırmaq tələb edilir. Birinci, niyə amortizasiya ayırmaları bütünlükdə əsas kapitala investisiya mənbəyi kimi istifadə olunmur? İkinci, amortizasiya ayırmaları niyə vergitutma bazasına daxil edilmir?

Ölkənin yuxarıda göstərilən normativ aktlarının tələblərinin əksinə olaraq islahatlar dövründə amortizasiya ayırmalarından təyinatı üzrə istifadəyə dövlət nəzarəti ləğv olundu. İndi amortizasiya fondu yaradılmır və amortizasiya ayırmaları mülkiyyət formasından asılı olmayaraq müəssisələr tərəfindən həm cari, həm də kapital xərcləri üçün istifadə edilir. Eyni zamanda mənfəətdən verginin bazasını azaltmaq üçün amortizasiya təsərrüfat subyektlərinin əlində sanballı vasitəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının qeyd-şərtsiz gəlirdən çıxarılması və vergitutma bazasına aid edilməməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirək ki, amortizasiya ayırmaları anlayışı maddi aktivlərin ilk alınma xərclərini retrospektiv (tarixi) bərpa etmək mənasında başa düşülür. İnkişaf etmiş ölkələrdə müəssisənin mənfəətindən vergi və amortizasiya ayırmalarının hesablanmasının norma və metodları vahid sistem halında fəaliyyət göstərir. Həmin ölkələrdə amortizasiya ayırmaları yalnız kapital qoyuluşunun maliyyələşmə mənbəyi, əsas fondların sürətli tənzimlənməsini təmin edən güclü vasitə kimi istifadə olunur. Şirkətlərə yüksək normalar əsasında sürətli amortizasiya həyata keçirməyə yalnız dövlət icazə verir. Məsələn, ABŞ-da amortizasiya normalarının dəyişdirilməsi, maşın və avadanlıqların silinməsi, mənfəətdən və vergilərdən investisiya kreditlərinin güzəştlərı xüsusi amortizasiya qanunvericiliyi ilə tənzimlənir. XX əsrin 90-cı illərinin əvvəllərində Yaponiyada əsas kapitala investisiyanın 50, Almaniyada 64, ABŞ-da 70 faizi amortizasiyanın payına düşürdü.

Bazar iqtisadiyyatlı ölkələrdə şirkətin qanunvericilik əsasında amortizasiya fondları yaradılır və amortizasiya ayırmaları həmin fondlara daxil edilir. Amortizasiya fonduna daxil edilən amortizasiya ayırmaları investisiya kimi istifadə edildiyi üçün vergidən azad olunur. Və bu da investisiyaya vergi güzəşti hesab edilir. Təyinatı üzrə istifadə olunmayan hissə isə vergitutma obyekti olur. Qanunvericilikdə nəzərdə tutulur ki, amortizasiya fondu ancaq təyinatı üzrə, yəni əsas fondların sadə və təkrar istehsalı üçün istifadə edilməlidir. Qanunvericilikdə şirkətlərə uzunmüddətli amortizasiya planları tərtib etmək də həvalə olunur. Amortizasiya planlarına dəyişikliyə dövlət tərəfindən, özü də müstəsna hallarda icazə verilir. Şirkət bu dəyişikliyin zəruriliyini vergi və planlaşdırma orqanlarında əsaslandırmalı və sübut etməlidir. Çünki dəyişiklik şirkətin bütün hesab sisteminə və mühasibat uçotuna, istismar xərclərinin, mənfəətin və vergi bazasının yenidən hesablanmasına təsir göstərir.

Təsərrüfat hüququnda amortizasiya silinməsinin müxtəlif metodları nəzərdə tutulur. Uzunmüddətli amortizasiya planlarında bu metodların hansının istifadə olunmasının seçimi şirkətin ixtiyarına verilir. Bazar iqtisadiyyatlı ölkələrdə iqtisadi səmərə ön plana keçdiyi üçün qanunvericilik aktlarında nəzərdə tutulur ki, müəssisə əsas vəsait elementini ona gəlir gətirdiyi vaxta qədər istifadə edə bilər. Məsələn, Rusiya Federasiyasında illik amortizasiya normaları əsas vəsaitlərin sərfəli müddətinə görə təyin edilir. Sərfəli istifadə müddəti o dövr hesab edilir ki, həmin müddət ərzində əsas vəsait obyektinin istifadəsi təşkilata gəlir gətirir.

Bütün bu və digər müddəaları əsas tutaraq belə qənaətə gəlmək mümkündür ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatının tələblərinə cavab verən amortizasiya siyasəti formalaşdırılmalıdır. Amortizasiya siyasətinin mahiyyəti isə bir tərəfdən amortizasiya ayırmalarının hesablanma norma və metodlarını, digər tərəfdən amortizasiya fondundan istifadənin dəqiq qaydasının müəyyən edilməsindən ibarət olmalıdır. Beləliklə, amortizasiya ayırmalarından ancaq investisiya üçün istifadə etmək, yəni onların təyinatı üzrə istifadəsini bərpa etmək tələb olunur. Ona görə də elmi cəhətdən əsaslandırılmış amortizasiya siyasəti və amortizasiya fondunun yaradılması və səmərəli istifadəsi barədə normativ-hüquqi aktın hazırlanması və qəbulu böyük əhəmiyyət kəsb edir. Həmin qanunvericilik aktı ilə təsərrüfat subyektlərinə amortizasiya fondu yaratmaq həvalə olunmalıdır. Amortizasiya fondu yalnız əsas fondların bərpası və təkrar istehsalı üçün xərclənməlidir. Fondun vəsaitlərinin digər məqsədlər üçün istifadə edilməsi qadağan olunmalıdır. Amortizasiya fondu inflyasiyadan asılı olaraq indeksasiya edilməlidir ki, silinən əsas fondları bərpa etmək mümkün olsun. Sürətli amortizasiya metodundan istifadənin hələlik ancaq maşın və avadanlıqlara tətbiq edilməsi məqsədəuyğun olardı ki, istehsalın texniki səviyyəsi yüksəldilsin.

Hazırda ölkəmizdə amortizasiya ayırmalarının normaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə (maddə 114) əsas vəsaitlərin növləri üzrə onların normativ istismar müddətindən asılı olmayaraq müəyyən edilmişdir. Əsas fondların növləri üzrə Vergi Məcəlləsi ilə təsdiq edilmiş normaların seçimində müəssisələr sərbəstdirlər. Həmin normaların tətbiqi isə hamı üçün məcburidir. Lakin burada "sərfəli istismar müddəti" konsepsiyası tətbiq edilsə, düzgün olar. Müəssisələrdə amortizasiya ayırmalarının hesablanması sxeminin optimallaşdırılması böyük əhəmiyyət kəsb edir. Dünya ölkələrinin çoxunda ayrıca xidmət növü kimi bu işləri əmlak qiymətləndiriciləri həyata keçirirlər. Amortizasiyanın optimallaşdırılması vergi islahatlarının tərkib hissəsi kimi qəbul edilməlidir.

Amortizasiya ayırmalarından hökumətin icazəsi ilə kapital qoyuluşu kimi məqsədli istifadə olunması və yalnız investisiya kimi istifadə olunan amortizasiya ayırmalarının mənfəət vergisindən azad edilməsi zəruridir. İllik məbləği 3 milyard manata yaxın olan, 2015-ci ildə 5,8 milyard manata çatması proqnozlaşdırılmış amortizasiya ayırmalarının mənfəətdən vergi bazasına daxil edilməsi, onlardan təyinatı üzrə istifadənin qanunvericiliklə təmin olunması bir tərəfdən dövlət gəlirlərini artıra, digər tərəfdən əsas fondların modernləşdirilməsini sürətləndirə bilər.

 

Yalnız dövlət investisiyaları Azərbaycanı yaxın gələcəkdə inkişaf etmiş ölkəyə çevirə bilər

 

Təxminən 2006-cı ilə qədər Azərbaycan hökumətinin investisiya siyasətində qeyri-neft sənaye sahələrinin və aqrar sektorun maddi-texniki bazasının yenidən qurulmasının özəl investisiyaların hesabına həyata keçirilməsi konsepsiyası əsas təşkil etmişdir. 2004-2008-ci illərdə dövlət investisiyalarının 85-87 faizi yeni infrastruktur obyektlərinn tikintisinə və mövcud obyektlərin modernləşdirilməsinə istiqamətləndirilmişdir. Hökumətdə hesab edirdilər ki, dövlət investisiyaları hesabına qeyri-neft sənaye sahələrinə və aqrar sektora mənsub olan müəssisələrin inşasına dövlət investisiyası qoyulması bazar iqtisadiyyatının prinsipləri ilə üst-üstə düşmür.

Bu məsələ ilə bağlı bazar iqtisadiyyatlı ölkələrin təcrübəsinə istinad etmək istərdik. Beynəlxalq təcrübə göstərir ki, bazar sistemində dövlətin öz vəsaiti ilə investisiya fəaliyyətində iştirakı ölkənin iqtisadiyyatında yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dövrlərdə müxtəlif formada həyata keçirilir. Bazar iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsindən və büdcədənkənar fondlardan vəsait ayırmaqla sahə mənsubiyyətindən asılı olmayaraq (infrastruktur, emal sənayesi, aqrar sektor) dövlətin özü investisiya fəaliyyəti göstərir, əsas kapitala xeyli vəsait sərf edir. J.M.Keynsin dövlət xərclərinin stimullaşdırılması barədə nəzəri müddəası ABŞ-da 3 dəfə (XX əsrin 30-cu, 60-cı və 80-ci illərində) müvəffəqiyyətlə tətbiq olunmuşdur. Nəticədə 1983-1997-ci illərdə ABŞ-da iqtisadi artım 65 faiz təşkil etmişdir. İngiltərədəki mövcud qaydaya əsasən dövlət korporasiyasına dövlət tərəfindən əsas kapitala investisiya yönəldilir. Bunun əvəzində korporasiyalar dövlətə öz gəlirindən dividend verirlər. Korporasiyanın gəlirinin olmayacağı müəyyən edilərkən isə dövlət investisiyası faizsiz borca çevrilir. Əksinə də ola bilir, yəni, istehsal sahəsində canlanma olduğu dövrlərdə borc əvvəlcədən faizi bilinən dividend gətirən dövlət investisiyasına çevrilir. Bu ölkədə hökumət dövlət sektorunun borcları və dividend arasındakı nisbətin dəyişdirilməsindən idarəetmə vasitəsi kimi istifadə edir. 1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti dövlət kapital qoyuluşu sistemində dəyişiklik edərək dövlətin pul vəsaitləri hesabına geridə qalmış kənd təsərrüfatını güclü inkişaf etdirdi və onu sənayenin xammal bazasına çevirdi, inkişaf etmiş emal sənayesi yaradıldı. Yeni zavod və fabriklər, avtomobil yolları, hidroelektrik stansiyaları, dəniz və hava limanları dövlət tərəfindən tikilib istifadəyə verildi. Beləliklə, özəl sektorun dinamik inkişafına nail olundu və emal sənayesində iri holdinqlər yaradıldı. XX əsrin 60-70-ci illərində Cənubi Koreyada iqtisadiyyata investisiya qoyuluşunun ümumi həcmində dövlət bölməsinin payı 90 faizə çatırdı. Dövlət əsasən dövlət  banklarının vasitəsilə investisiyaları həyata keçirirdi.

Azərbaycanda həyatın özü hökumətin investisiya siyasətinə dəyişiklik  olunmasını zəruri etdi. Belə ki, Prezidentin "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı dövlət investisiyalarının iqtisadiyyatın qeyri-neft, o cümlədən emal-sənaye sahələrində istifadəsinin hüquqi bazasını yaratdı. Sərəncama əsasən yaradılan "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı Dövlət Neft Fondunun hesabına formalaşdırıldı. Dövlət investisiyalarının idarə olunmasında ilk dəfə tətbiq olunan bu mexanizm həm də qeyri-neft sektorunda dövlət-özəl partnyorluğunun əsasını qoydu. Dövlət statuslu AİŞ süd emalı, quş əti istehsalı, yodlaşdırılmış duz istehsalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılmasında özəl şirkətlərlə birlikdə öz vəsaitləri ilə iştirak edir. 2011-ci ilin dövlət büdcəsindən birbaşa ayrılan vəsait hesabına isə hazırda Sumqayıtda gübrə zavodu inşa olunur.

Bununla belə, müasir dövrdə ölkədə formalaşmış sahəvi və regional inkişafın vəziyyəti dövlət investisiyalarından qeyri-neft emal sənayesinin və aqrar sektorun prioritet sahələrində daha böyük həcmdə istifadə olunmasını tələb edir. Bizim bu qənaətimizi hesabat informasiyaları da təsdiqləyir. Belə ki, yaxın 10 ildə inkişaf etmiş ölkəyə çevrilmək məqsədini qarşıya qoymuş Azərbaycanın sənaye istehsalında emal sənayesinin xüsusi çəkisi 16 faiz təşkil edirsə, inkişaf etmiş ölkələrdə bu  göstərici 65-70 faizə bərabərdir. ÜDM-in xidmət sektorunda  yaranan hissəsi təxminən 70 faiz əvəzinə Azərbaycanda 27 faizdir. İqtisadiyyatda məşğul  əhalinin 40 faizi aqrar sektorda cəmlənmişdir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 1-3 faiz civarındadır.    

Ölkənin yüngül sənaye sahəsinə də diqqət artırılmalıdır. Aqrar sektorun inkişafında, əhalinin, xüsusilə qadınların işlə təmin olunmasında həlledici rol oynaya bilən bu sahənin inkişafına 5 ildə daxili investisiya hesabına cəmi 46 milyon manat vəsait qoyulmuşdur. Xarici investorlar da bu sahəyə maraq göstərməmiş və bir manat da olsun vəsait qoymamışlar. Əczaçılıq sənayesində də analoji vəziyyət hökm sürür. Digər fakt: son 3 ildə (2009-2011-ci illər) daxili özəl investorlar aqrar sektorun əsas kapitalına cəmisi 90 milyon manat və ya həmin sahəyə yönəldilən investisiyaların 8 faizi həcmində sərmayə yönəltmişlər.

Regionlarda emal sənayesinin və aqrar sektorun inkişafına dövlət investisiyalarının daha da artırılması zəruriyyətini meydana çıxaran amillərdən biri də yerlərdə fəaliyyət göstərən yerli sahibkarların maliyyə imkanlarının hələ zəif olmasıdır. Təkcə onu demək kifayətdir ki, Bakı şəhəri istisna olmaqla, bütün iqtisadi rayonlar büdcədən dotasiya alırlar. Yerli sahibkarların investisiya üçün maliyyə vəsaitlərinin məhdudluğu həmçinin baha bank kreditlərinin mövcudluğu ilə şərtlənir.

Araşdırmalarımız göstərir ki, təkcə özəl investisiyaların hesabına ölkənin iqtisadi strukturunun  modernləşdirilməsinə və səmərəli məşğulluq probleminin həllinə arzu etdiyimiz müddətdə və keyfiyyətdə nail olmaq mümkün deyil. İqtisadiyyatın şaxələndirilməsi probleminin həlli özəl sektorun boynuna qoyulsa, uzun illər gözləməli olacağıq. Bizim fikrimizcə, ancaq emal sənayesinin qeyri-neft və aqrar sektorların prioritet sahələrində dövlət investisiyalarını genişləndirmək hesabına iqtisadiyyatın şaxələndirilməsini, əhalinin səmərəli məşğulluğunu və ölkənin sənayeləşdirilməsi ilə bağlı problemləri həll etmək mümkündür. Yalnız bununla hökumətin investisiya siyasəti Prezidentin qarşıya qoyduğu yeni vəzifələrə cavab verə bilər.

Dövlət vəsaiti hesabına emal sənayesinə və kənd təsərrüfatına müxtəlif  formalarda (birbaşa, partnyorluq vasitəsi ilə və s.) investisiyaların qoyulması  iqtisadi nəzəriyyəyə, bazar iqtisadi sistemin tələblərinə və digər ölkələrin təcrübəsinə zidd deyil. Özəl müəssisələrin inkişafına dövlət tərəfindən investisiya qoyulması formasının seçilməsi ölkənin iqtisadi durumundan asılı olaraq müəyyən edilir. Yeni dövlət müəssisələrinin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına və modernləşdirilməsinə dövlət büdcəsindən investisiya yönəldilməsini köhnə sistemə qayıtmaq kimi qiymətləndirmək Azərbaycanın indiki iqtisadi maraqlarına və hədəfinə uyğun deyil. Azərbaycanda iqtisadi strukturun təkmilləşdirilməsi üçün dövlət tərəfindən emal sənayesinə və aqrar sahəyə güclü kapital qoyuluşunun həyata keçirilməsi məqsədəuyğundur. Ölkəyə idxal edilən qeyri-neft məhsullarının onların ixracından dəfələrlə çox olması (2010-cu ildə bu fərq 2,3 milyard dollar olmuşdur) o deməkdir ki, makroiqtisadi durumda fəsadlar törətmədən həmin həcmdə məhsul istehsalını dövlət investisiyaları hesabına təşkil etmək mümkündür.

Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi barədə  Prezidentin qarşıya qoyduğu vəzifəni bütünlükdə yerinə yetirmək və Azərbaycanın  sənayeləşdirmə mərhələsinə daxil olmasını təmin etmək üçün qeyri-neft emal sənayesinin və aqrar-sənaye kompleksinin inkişafı proqramlarının investisiya təminatına yenidən baxılması və bu sahələrdə dövlət investisiyalarından istifadənin genişləndirilməsi zərurəti meydana çıxmışdır. Bu məqsədlə tədbirlərin həyata keçirilməsi üçün ilk mərhələdə dövlətin investisiya resurslarından istifadənin istiqamətlərinə dəyişiklik etmək vacibdir. Düşünürük ki, büdcəsində kifayət qədər vəsaiti olan hökumət üçün aqrar-sənaye kompleksini inkişaf etdirmək heç də çətin iş deyil. Əsas məsələ iqtisadi durumun  tələblərinə uyğun onların istiqamətini müəyyən etməkdir.

 

 Bank sektoru iqtisadiyyatın xidmətçisinə çevrilməlidir

 

İqtisadi nəzəriyyənin monetarizm məktəbinin nümayəndələri hesab edirlər ki, iqtisadi inkişafı müəyyən edən birinci vasitə puldur. "Pul-kredit siyasəti iqtisadi yüksəlişə nail olmağı təmin etməlidir" konsepsiyasını rəhbər tutan monetaristlərin fikrincə, dövlət tənzimləməsi təkcə pul kütləsi üzərində nəzarətlə məhdudlaşdırılmamalı, nəyin bahasına olursa-olsun pul qıtlığı yaradılmamalı, dövriyyədə pul təklifi qiymətlərin və ümumi daxili məhsulun dinamikasına müəyyən nisbətlərdə proporsional səviyyədə çoxalmalıdır. Bank sektorunun iqtisadiyyatın xidmətçisinə çevrilməsinin maddi bazası pul təminatının tələb olunan səviyyədə təşkil edilməsidir. Əhalinin alıcılıq qabiliyyəti, investisiya qoyuluşu və kreditlərdən istifadənin mümkünlüyü və sərfəliyi məhz pul təminatından asılıdır.

Ölkəmizdə milli valyutanın denominasiyasından sonra iqtisadiyyatın monetizasiya göstəricisi (pul kütləsinin ümumi daxili məhsula nisbəti) xeyli yaxşılaşmış və 2007-ci ildəki 15,5 faizdən 2010-cu ildə 20 faizədək yüksəlmişdir. Pul kütləsinin orta illik dövriyyəsi 6,4 dəfədən 5 dəfəyədək azalmışdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının pul təminatı nəinki inkişaf etmiş ölkələrlə müqayisədə, hətta bəzi MDB ölkələrinə nisbətən zəifdir.

Pul qıtlığının mənfi təsirinin bariz göstəricisi hüquqi və fiziki şəxslərin böyük əksəriyyətinin bank kreditlərinə əlçatmazlığıdır. Halbuki bazar iqtisadiyyatlı ölkələrdə inkişafın əsas amili kimi bank kreditlərindən geniş istifadə olunur. İnkişaf etmiş ölkələrdə əsas kapitala investisiyaların tərkibində bank krediti 80 faizə yaxındır. Azərbaycanda isə bu göstərici arzu olunan səviyyədə deyil. Ölkə üzrə kreditin yalnız az bir hissəsi yeni istehsal güclərinin yaradılmasında, mövcud obyektlərin yenidənqurulmasında istifadə edilir. Özü də belə kreditlər özəl sektor tərəfindən əsasən yaşayış binaları, ticarət, restoran  və  məişət xidmətlərinə aid infrastruktur təyinatlı obyektlərin inşası üçün istifadə olunur. Bunun nəticəsidir ki, 2010-cu ildə kreditlərin 53 faizi ev təsərrüfatlarına, ticarət və xidmət sahələrinə verilmişdir. Kənd təsərrüfatı və emal sahələrinin payı cəmi 4,9, sənaye və istehsalın payı 7,6 faiz təşkil etmişdir (Azərbaycan Respublikasının Mərkəzi Bankı, illik hesabat, 2010, s.44).

İqtisadiyyatda pul təklifinin azlığı ölkədə kredit resurslarının azlığını şərtləndirən əsas amildir. Nəticədə təklif tələbdən dəfələrlə azdır, kredit faizləri yüksəkdir. Bəs, pul qıtlığı nə ilə əlaqədardır və bu siyasət nə dərəcədə əsaslı və milli iqtisadiyyatın mənafeyi baxımından məqsədəuyğundur?

Bəzi bank mütəxəssisləri hesab edirlər ki, ÜDM-də böyük həcmə malik olan xam neftin və qazın əsas hissəsinin xaricdə satılması bu mərhələdə milli valyutaya faktiki tələbatı nisbətən azaldır. Burada həqiqət var. Ancaq nəzərə almaq lazımdır ki, sonrakı mərhələdə ixracdan ölkəyə daxil olan xarici valyutanın müəyyən hissəsi dövlət və özəl qurumlar tərəfindən milli valyutaya dəyişdirilməklə ölkə daxilində istifadə olunur. Bu da milli valyutaya tələbatı artırır. Milli valyutaya tələbatı artıran mühüm amillərdən biri də mal idxalının böyük həcmdə olmasıdır. Belə ki, xarici valyutaya alınan həmin mallar daxili bazarda milli valyutaya satılır.

Azərbaycanın Mərkəzi Bankı özü də iqtisadiyyatın monetizasiya göstəricisini hesablayarkən qeyri-neft ÜDM-ni əsas götürür. İxracatında Azərbaycan kimi xammal və yarımfabrikatlar (neft, qaz və s.) üstünlük təşkil edən Rusiya və Qazaxıstanda pul kütləsinin ÜDM-ə nisbəti Azərbaycanla müqayisədə 1,5-2 dəfə yüksəkdir. Belə olan təqdirdə Azərbaycanda sərt pul siyasəti aparılmasını əsaslandırılmış hesab etmək düzgün deyil.

Bank sektorunun kommersiyalaşdırılması  ona gətirib çıxarıb ki, banklar öz mənafelərinə uyğun olaraq kredit faizini və kreditlərin verilmə istiqamətlərini  müstəqil qəbul edirlər. İqtisadi nəzəriyyə və tədqiqatçı alimlər hesab edirlər ki, normal fəaliyyət göstərən iqtisadiyyatda orta faiz dərəcəsi orta mənfəət normasından iki dəfə az olmalıdır. Təəssüf ki, bu həqiqətə Azərbaycanın bank  sektorunda az əhəmiyyət verirlər. Bizdə orta faiz dərəcəsi orta mənfəət normasından bir neçə dəfə yüksəkdir. Məsələnin kökü ondan ibarətdir ki, 2004-cü ildə qəbul edilmiş "Banklar haqqında" qanunda deyilir ki, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini müəyyən etməkdə sərbəstdir (maddə 36.6). Eyni zamanda 2004-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunda nəzərdə tutulur ki, Mərkəzi Bank kredit təşkilatlarının əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər (maddə 35). Qanunda nəzərdə tutulan bu müddəa mütərəqqi olsa da, hələlik tətbiq edilmir. Ona görə də kredit təşkilatları mərkəzləşdirilmiş resurslar da daxil olmaqla bütün kredit resurslarını təsərrüfat subyektlərinə yüksək faiz dərəcəsi ilə satırlar. Məhz bu səbəbdən qanunda göstərilməlidir ki, mərkəzləşdirilmiş kredit resurslarına kredit təşkilatları tərəfindən təyin edilən yeni faiz dərəcəsinə Mərkəzi Bank nəzarət edir və bu faiz dərəcəsi Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsindən 1,5-2 faizdən çox ola bilməz. Çünki bank-kredit təşkilatlarına faiz dərəcələrini sərbəst müəyyən etmək səlahiyyətlərinin verilməsi və faiz dərəcələrinə Mərkəzi Bankın məhdudiyyət müəyyən etməməsi pul qıtlığı və kreditlərə yüksək tələbat şəraitində ölkədə bahalı kredit bazarının formalaşmasını şərtləndirən əsas səbəblərdəndir.

Ölkə iqtisadiyyatının, milli sahibkarlığın davamlı və səmərəli inkişafı üçün investisiya təminatının yaradılması istiqamətində Mərkəzi Bank qanunla ona verilmiş kommersiya kredit faizlərinə məhdudiyyət qoymaq səlahiyyətindən istifadə etməlidir. İnflyasiyanın səviyyəsi ilə yanaşı, mənfəət normasını da meyar götürməklə bankların kredit faizi barədə hərəkətlərinə məhdudiyyət qoyulması vacibdir. Maliyyə bazarında faiz dərəcəsi tələb və təklifi tarazlaşdıran qiymət rolunu oynayır. Dövlət öz siyasəti ilə faiz dərəcəsini dəyişməklə iqtisadiyyatın maliyyə resurslarını, yəni depozit və kredit resurslarını investisiya məqsədləri üçün istifadə etməyə stimul yarada bilir.

Kredit bazarında kommersiya bankları həlledici mövqeyə malikdirlər. Onlar öz mənafelərinə uyğun ölkənin kredit bazarını idarə edirlər. Bu səbəbdən kredit bazarında dövlətin tənzimləyici rolunun gücləndirilməsinə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə kommersiya banklarının mərkəzi bankın uçot dərəcəsindən 1-1,5 faiz bənd çox kredit faizi qoya bilməsinə yalnız hökumət icazə verir. Azərbaycanda isə bu nisbəti banklar özləri 7-8 dəfə yüksək müəyyən edirlər. Halbuki qanunvericilikdə dəyişiklik etməklə kommersiya banklarının bu hüququnu məhdudlaşdırmaq mümkündür. Kommersiya banklarının faiz dərəcələri ilə Mərkəzi Bankın faiz dərəcəsi arasındakı nisbət, inkişaf etmiş ölkələrdə olduğu kimi, dövlət tərəfindən normativ sənədlə müəyyən edilməlidir. Kredit dərəcələri onun təyinatından, mülkiyyət formasından və regiondan asılı olaraq differensiyalı müəyyən edilsə, regionların da sosial-iqtisadi inkişafının investisiya təminatı yaxşılaşar.

 

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, iqtisad elmləri doktoru,

əməkdar iqtisadçı

 

Azərbaycan.- 2012.- 5 avqust.- S. 4.