Qəbələ
IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
növbəti kamera musiqisi
axşamı
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi dünyada böyük əks-səda doğuran Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 3-də "Qafqaz Resorte" hotelində növbəti kamera musiqisi axşamı keçirilmişdir. Yerli və xarici ölkə tamaşaçılarının iştirak etdikləri konsertdə dünya şöhrətli avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın və dahi alman bəstəkarı Robert Şumanın əsərləri səsləndirilmişdir.
Konsertdə Pyotr
Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının aspirantı, Qəbələ
II Beynəlxalq piano müsabiqəsinin qalibi, M.Rostropoviç və
D.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü
Andrey Yaroşinski (piano), Moskva Dövlət
Konservatoriyasının dosenti, beynəlxalq
müsabiqələrin qalibi Nadejda Tokareva (violin), "Sehrli kaman" beynəlxalq
müsabiqəsinin "Qran-pri"
mükafatının sahibi, Klivlend Musiqi İnstitutunun tələbəsi Fyodor Amosov (violonçel), Rusiya Musiqi Akademiyasının müəllimi Aleksandr Akimovun (viola) iştirakı ilə yüksək səviyyədə
təqdim olunan musiqi əsərləri
tamaşaçılar tərəfindən hərarətlə
qarşılanmışdır.
Azərbaycan.- 2012.- 5 avqust.- S. 6.