Azərbaycan iqtisadiyyatı son səkkiz ildə üç dəfə artıb

 

Bu gün dünyanın bir çox aparıcı ölkələrində hökm sürən maliyyə böhranından fərqli olaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir. Qazanılan nailiyyətlər bir daha onu sübut edir ki, ölkəmiz sürətli, davamlı inkişaf yolundadır və Cənubi Qafqazın lideri olaraq artıq müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısıdır.

Nüfuzlu beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti də Azərbaycanın uğurlarını etiraf edirlər. Bunun təməlində isə düşünülmüş siyasət, ictimai-siyasi sabitlik və iqtisadi islahatlar dayanır. Ölkəmizdə özəl sektora böyük dəstək göstərilir. Regionların inkişaf proqramı uğurla həyata keçirilir. Hər bir rayonun mərkəzində görülən işlər demək olar ki, qonşu dövlətlərin paytaxtlarında görülən işlərdən daha çoxdur. Dövlət proqramına uyğun olaraq rayonlarımızın təbii qaz, su və kanalizasiya problemləri həll olunur, infrastruktur yeniləşir.

Bir neçə gün əvvəl cənub bölgəsinə səfər edən Prezident İlham Əliyev Lənkəranda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu məsələlərə toxunmuşdur. Dövlətin bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəyini vurğulayan cənab İlham Əliyev demişdir: "Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci dövlət proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, dövlət proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək".

Prezident İlham Əliyev bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bu problemlərin həlli üçün əsas bir mexanizm olmuşdur.  İkinci dövlət proqramı isə gələn ilin sonuna qədər başa çatacaqdır. Ondan sonrakı dövr üçün də dövlətin digər planları vardır: 2014-2023-cü illəri əhatə edəcək yeni dövlət proqramının artıq hazırlandığını diqqətə çatdıran ölkə başçısı demişdir ki, birinci proqramların icra edilməsi nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır: "Növbəti onillik proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir".

Dövlət başçısı eyni zamanda bildirmişdir ki, qlobal məsələlərlə yanaşı, həm xarici siyasətlə, həm enerji siyasətimizlə bağlı irəli sürülmüş təşəbbüslərin reallaşması ilə bərabər, hər bir kəndin problemi də həll olunur.  20 il əvvəl - müstəqilliyimizin ilk illərində bizdə demək olar ki, iqtisadiyyat, sənaye yox idi, sovet dövründən qalmış müəssisələr işləmirdi, kütləvi işsizlik və ümidsizlik hökm sürürdü. Bundan əlavə, siyasi və hərbi böhran, torpaqlarımızın işğalı, vətəndaş müharibəsi - demək olar ki, ölkəmiz məhvə doğru gedirdi. Ulu öndər Heydər Əliyevin o vaxt qətiyyətli addımları bizi bu bəladan qurtara bildi və ondan sonra aparılan iqtisadi islahatlar, enerji siyasətimiz və çəkilən neft-qaz kəmərləri Azərbaycana böyük iqtisadi dəstək verdi. İqtisadiyyatın digər sektorlarının inkişafı hesabına ölkəmiz çoxşaxəli iqtisadiyyata malik ola bildi. Qeyri-neft sektorunun inkişafından söz açan Azərbaycan Prezidenti bir daha vurğulamışdır ki, bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faizdən çox artmışdır. Bu isə dünya miqyasında ən yüksək göstəricidir: "Yəni, bu, əlavə maddi imkanlar verdi ki, infrastruktur və sosial məsələləri həll edək. Bununla bərabər güclü iradə də vardır. Əmanətlərin qaytarılması, böhranlı illərdə müavinətlərin, maaşların, pensiyaların artırılması məhz bu güclü iradəyə söykənir. Onu da qeyd etməliyəm ki, postsovet məkanında əmanətlər ən yüksək əmsalla və ən qısa müddət ərzində Azərbaycanda verilir. Çünki biz bu proqramı gələn ilin sonuna qədər yekunlaşdıracağıq. Postsovet məkanında ölkələrin əksəriyyətində bu proses başlanılıb, amma hələ ki başa çatmayıbdır və nə vaxt başa çatacağını heç kim bilmir. Amma Azərbaycanda hər şey planlı şəkildə aparılır, göstərişlər verilir, qərarlar qəbul olunur və icra edilir".

Cənab İlham Əliyev bir daha vurğulamışdır ki, bundan sonra da sosial məsələlərin həllinə daim böyük diqqət göstəriləcəkdir. Ölkədə maaşlar, pensiyalar daim artmalıdır, artacaqdır. Ünvanlı sosial yardım proqramı, digər proqramlar  uğurla icra edilir. Bütün bunlar davamlı olacaq. Çünki Azərbaycanın maliyyə imkanları ildən-ilə artır.

Bu gün Azərbaycan bütün sahələrdə nailiyyətlər qazanır. Azərbaycanın enerji siyasəti nəinki bölgənin, qitənin enerji siyasətini müəyyən edir. Bütün bunlar aparılan məqsədyönlü siyasətin nəticəsidir və bu istiqamətdə əlavə təşəbbüslərin irəli sürülməsi sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənəcək, iqtisadi maraqlarımız dolğun şəkildə təmin ediləcəkdir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 7 avqust.- S. 3.