Türkiyənin Bodrum şəhərində Azərbaycan diaspor təşkilatlarının forumu keçirilir
Avqustun 5-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum öz işinə başlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzərTAc-a bildirmişlər ki, forumda Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri, Rusiya və Türkiyə rəsmiləri iştirak etmişlər.
Forumun işində 26 ölkədən 172 diaspor təşkilatının 200 nəfər nümayəndəsi iştirak edir. Onların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən DİDK-nın sədri Nazim İbrahimov demişdir ki, forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etməkdir. Forumda biz əsasən problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə maneə yaradan amillərə diqqət ayırmağa çalışacağıq.
Bildirilmişdir ki, ötən müddət ərzində Azərbaycan diasporu çox böyük inkişaf yolu keçmişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğu siyasəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atmışdır. Məhz dövlət başçısının davamlı dəstəyi sayəsində biz qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olmuşuq. Ötən il Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsinin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat vəsaitin ayrılması və komitənin əməkdaşlarının bir qrupunun təltif edilməsi bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyinin əyani təsdiqidir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında bir sıra vəzifələr qoyduğunu xatırladan N.İbrahimov forum çərçivəsində keçiriləcək panellərdə bu vəzifələrin müzakirə ediləcəyini bildirmişdir. O qeyd etmişdir ki, forum çərçivəsində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatları rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Bu görüşlərin də əsas məqsədi ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemlərini birgə müzakirə etməkdir. Sizdən bu müzakirələrdə çox fəal iştirak etməyi, öz təkliflərinizi, müzakirəyə çıxarılan bütün məsələlər haqqında rəyinizi bildirməyinizi xahiş edirik.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda çıxış edərək dövlətimizin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında fikirlərini söyləmişdir. Əli Həsənov bildirmişdir ki, Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, öz xalqını təmsil edir. Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz xalqını təmsil edən insanlardır. Sizlər öz vaxtınızın müəyyən bir hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi öz fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Rusiyadakı Azərbaycan diasporunun nümayəndələridir və onlar daha mürəkkəb bir mühitdə fəaliyyət göstərirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirmişdir: hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır. Əli Həsənov diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq ümummilli lider Heydər Əliyevin "Xaricdə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır" prinsipini vurğulamışdır. O qeyd etmişdir ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.
Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları vardır. Bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər. Bunun ən vacib şərtlərindən biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmalı, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmalıdırlar. Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaqdır.
Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirmişdir. O qeyd etmişdir ki, Prezident İlham Əliyev dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.
Ə.Həsənov vurğulamışdır ki, azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Ötən müddətdə bu sahədə müəyyən işlər görülmüşdür və Diasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə, bu o demək deyildir ki, bütün problemlərimiz həll olunmuşdur. Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilmişdir.
Moskva şəhəri regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyuk isə çıxışında Azərbaycan diasporunun Rusiyada fəal olduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq əlaqələri vardır. Azərbaycanlıların milli bayramlarının qeyd olunması ilə bağlı bir sıra tədbirlərə Moskva hökuməti dəfələrlə dəstək vermişdir. Y.Artyuk Moskva hökumətinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırmışdır.
Fasilədən sonra forum çərçivəsində "Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların birlik modeli kimi" mövzusunda birinci panel iclası işə başlamışdır.
Panel iclasını açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, Rusiya Federasiyası azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir və ən böyük Azərbaycan diasporu məhz bu ölkənin ərazisində fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarından biri - Ümumrusiya Azərbaycan Konqresi yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin təşkilatlanması, hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, eyni zamanda, iki ölkə arasında münasibətlərin inkişafına öz töhfələrini vermişdir. Rusiyadakı Azərbaycan diasporu fəaliyyət göstərdiyi şərait, ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi baxımından digər ölkələrlə müqayisədə kifayət qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu birlik modeli kimi özünü doğrultmuşdur. N.İbrahimov bildirmişdir ki, Rusiyanın bütün regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin burada iştirakı bizim müzakirələri kifayət qədər səmərəli şəkildə qurmağımıza imkan verir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov təşkilatın 11 illik fəaliyyəti ərzində azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Dünya Azərbaycanlılarının I və II qurultaylarında Rusiyadakı Azərbaycan diasporu fəallarının bir qrupunun Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunduğunu xatırladan M.Hüseynov bunu dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir. O, ÜAK-ın Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə çalışdığını vurğulamışdır.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Mərkəzi Şurasının üzvü Emin Hacıyev bu təşkilatın sədri Leyla xanım Əliyevanın forum iştirakçılarına salamlarını çatdırmışdır. E.Hacıyev RAGT-nin ötən dövrdəki fəaliyyəti ilə bağlı məlumat vermiş, təşkilat tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.
ÜAK-ın baş katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin diaspor quruculuğu işində daha fəal iştirak etdiyini bildirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbələrin xüsusi fəallıq göstərdiyini diqqətə çatdırmışdır.
ÜAK-ın Mərkəzi Şurasının üzvü, professor Tofiq Məlikov, Sankt-Peterburqun "Azərbaycan icması" Cəmiyyətinin sədri Heydər İmanov, ÜAK-ın Yakutiya regional bölməsinin sədri Rafiq Qafarov, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov çıxışlarında Azərbaycan diasporunu narahat edən məsələlərdən danışmış, müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini səsləndirmişlər.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci
müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əli Həsənov, DİDK-nın sədri Nazim
İbrahimov müzakirələr zamanı
qaldırılan məsələlərlə bağlı
fikirlərini bildirmiş, forum
iştirakçılarının suallarını
cavablandırmışlar.
Azərbaycan.- 2012.- 7 avqust.- S. 3.