İqtisadi İnkişaf
Nazirliyinin göstərdiyi elektron
xidmətlərin təqdimatı keçirilmişdir
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il Azərbaycan Respublikası Prezidentinin 23 may tarixli fərmanı, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar çərçivəsində İqtisadi İnkişaf Nazirliyində müasir texnologiyaların yaratdığı imkanlardan geniş istifadə edilməklə bir sıra işlər görülmüşdür.
AzərTAc xəbər verir ki, avqustun 6-da İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilmişdir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, iqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunur. Ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.
Diqqətə çatdırılmışdır ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır.
Bu bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə sertifikatlarının verilməsi, həmin xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilmişdir. Ümumilikdə, nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş bütün dövlət rüsumlarının və xidmət haqlarının ödənişini də online rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Bundan başqa, nazirlik tərəfindən verilən lisenziyaları, mənşə və keyfiyyət sertifikatlarını elektron qaydada ala bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının online rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.
Bütün bunlarla yanaşı, vətəndaşların və sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilərək İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə əlavə olaraq vətəndaşların online rejimində qəbula yazılmaları, onların müraciətlərinin online rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla online rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan online rejimində video-təlim sistemi, "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin mətbuat məlumatlarına elektron abunə yazılışı kimi informasiya növlü elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Məmmədəli Əfəndiyev, İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Azərbaycan üzrə nümayəndəsi Nailə Səfərova və Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişlər.
Sonra bir şirkətə malın mənşə
sertifikatının, başqa bir şirkətə isə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal
tullantılarının tədarükü, emalı və
satışı üzrə lisenziyanın verilməsi əyani
şəkildə nümayiş etdirilmiş, tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan.- 2012.- 7 avqust.- S. 3.