Bir gündə 3 medal!

 

 Srağagün Olimpiya oyunlarının 9-cu günü olimpiyaçılarımız üçün əlamətdar oldu: idmançılarımız nə az, nə çox - 3 medal qazandılar. İki medal həmin gün start götürən yunan-Roma güləşi yarışlarında əldə edildi. Bu uğura Rövşən Bayramov (55 kq) və Emin Əhmədov (74 kq) imza atdılar.

Dörd il əvvəl Pekin Olimpiadasında yalnız finalda büdrəmiş Rövşən Bayramov bu dəfə qızıl medal qazanmaq istəsə də, şansını son döyüşündə əldən verdi və gümüşlə kifayətlənməli oldu. Həmyerlimizin 1/16 finalda rusiyalı Minqiyan Semyonovu, 1/8 finalda amerikalı Tomas Manqo Spenseri, 1/4 finalda çinli Li Şujini və yarımfinalda Cənubi Koreya təmsilçisi Qyunjin Çoini məğlub edərək finala yüksəlmişdi. Güləşçimiz final mərhələsində İran təmsilçisi Həmid Məhəmməd Reyhanpurla qarşılaşdı. Həlledici görüşə kimi inamlı təsir bağışlayan Rövşən bu dəfə rəqibinə uduzaraq Olimpiadada ardıcıl ikinci dəfə gümüş medala sahib çıxdı. Bu həm də London-2012-də ilk gümüş medalımız oldu.

Mübarizəyə 1/8 finaldan başlayan digər pəhləvanımız Emin Əhmədov isə bu mərhələdə İsam Tolbanı (Misir) məğlub edən Neven Zuqajla (Xorvatiya) qarşılaşdı. Bu görüşdən qalib ayrılan Bayramov 1/4 finalda Gürcüstan təmsilçisi Zurab Datunaşvilini mübarizədən kənarlaşdırdı. Yarımfinalda isə idmançımız erməni Arsen Culfalakyana uduzsa da, medal qazanmaq şansını itirmədi. O, təsəlliverici qarşılaşmada Belarus təmsilçisi Aleksandr Kikinyovu məğlub edərək bürünc medalın sahibi oldu.

Həmin gün olimpiya yığmamıza üçüncü medalı boksçu Teymur Məmmədov (91 kq) qazandırdı. İdmançımız 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək yarımfinala yüksəldi. Bu, ən azı bürünc medal deməkdir. Medalın yekun əyarı növbəti mərhələlərdə müəyyənləşəcək. Boksçumuz yarımfinalda italiyalı Klemente Russo ilə döyüşəcək. Görüş avqustun 10-da saat 19:45-də başlayacaq.

 

 

Azərbaycan.- 2012.- 7 avqust.- S. 4.