AMEA
Naxçıvan Bölməsi uğurlu elmi layihələr həyata keçirir
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasından 10 il keçir. AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Dövlətin qayğısı sayəsində mükəmməl elmi-tədqiqat şəraiti ilə təchiz edilən bu elm ocağı 10 ildə əldə etdiyi uğurlar və həyata keçirdiyi bir çox elmi layihələrlə indi hesabat verir.
Ulu öndərin imzaladığı bu tarixi əhəmiyyətli sərəncam çox uzaqgörən, düşünülmüş və böyük uğurlara hesablanmış bir tarixi sənəd idi. Qərarın özündə də deyildiyi kimi, Naxçıvan Bölməsinin yaradılmasında məqsəd "Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması" ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə bu barədə bəhs edərkən demişdir: "Mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə böyük ehtiyac var".
"Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir" - deyən ulu öndər Heydər Əliyev Naxçıvanın hələ gizli bir xəzinə, açılmamış bir tarix olduğunu bildirirdi. Buna görə də müstəqilliyin yaratdığı imkanlardan və tarixi zərurətdən irəli gələrək ulu öndər bu tarixi addımı ataraq Naxçıvanda elmi inkişafa böyük təməl yaratdı. Ulu öndər elm sahəsinə xüsusi diqqət ayırdığını həmişə vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçılarından olan Vasif Talıbov deyir: "Azərbaycan elmi öz inkişafına və bugünkü səviyyəyə gəlib çatmasına görə ulu öndər Heydər Əliyevə borcludur. İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir - deyən ümummilli lider hər bir ölkənin və xalqın həyatında elmin müstəsna rolunu yüksək qiymətləndirərək... onun inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir. Qədim dünyanın müdrik insanları deyirdilər ki, siyasət aqillərin çiynində və elmin üzərində dayananda uzun ömürlü olur. O siyasət irəli gedir ki, onun elmi kökü var. Tarix o şəxsiyyətləri yaşadır ki, onlar elmə siyasət kimi yox, siyasətə elm kimi baxır, bunu dövlətçilik təcrübəsində həyata keçirməyi bacarırlar. Möhtərəm Heydər Əliyev belə şəxsiyyətlərdən idi".
Bu mənada hansı sahə olursa-olsun, onun inkişafı ümummilli liderin xalqa xidmət edən fəaliyyətinin nəticəsidir. Elə elmimizin inkişafı və yüksəlişi də Heydər Əliyev siyasəti ilə daha çox və daha yaxından sıx şəkildə bağlıdır. Azərbaycanda elmi inkişaf və mövcudluq məhz "Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir" deyən bu dahi şəxsiyyətin fəaliyyət və qayğısına borcludur.
Naxçıvanda elmin inkişaf etdirilməsi və elmi potensialın düzgün yönləndirilməsi dövlətin ən ali məqsədlərindən biridir. "Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir" - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Naxçıvanda elmin inkişaf etdirilməsinə daim qayğı ilə yanaşmış, böyük diqqət göstərmişdir. AMEA-nın Naxçıvan Bölməsi üçün binalardan birinin açılışında Prezident İlham Əliyev şəxsən iştirak etmiş, elm adamları ilə görüşərək müasir iş şəraiti olan bina ilə tanış olmuşdur. Bu, dövlət başçısının elm adamlarına böyük töhfəsi idi.
Fəaliyyətinin 10 ilində AMEA Naxçıvan Bölməsinin məmnunluq doğuran, öyünüləsi böyük elmi uğurları çoxdur. Bölmənin elmi potensialı və alimlərin fəallığı ilə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji ehtiyatları və sair sahələr kompleks araşdırmaya cəlb olunmuşdur. Böyük qürur və iftixar hissi ilə demək olar ki, 10 illik qısa zaman kəsiyində ciddi nailiyyətlər əldə edilmiş, mühüm elmi nəticələr nümayiş etdirilmişdir. Alimlərin fundamental tədqiqatlarının nəticəsidir ki, Naxçıvanın tarixi və arxeologiyası sahəsində sanballı nəticələr əldə edilmiş, Naxçıvan tarixini 12 min il, şəhər mədəniyyətini 5 min il bundan əvvələ hesablaya biləcək faktlar üzə çıxmış, ən qədim yaşayış məskənləri və əmək alətləri, məişət və sənətkarlıq əşyaları və sair tapılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərimizin böyuk tarixi məkan hesab etdiyi və həmişə vurğuladığı, alimlərə tövsiyə edərək bildirdiyi Gəmiqaya abidəsində aparılan araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala və başqa ərazilərdə arxeoloji qazıntılar zamanı misli görünməmiş yeni elmi tapıntılar Naxçıvanın tarixinə yeni səhifələr açmışdır. Naxçıvanın və Naxçıvanla bağlı digər yer adlarının etimologiyası, habelə digər elmi faktlar sayəsində alimlərin Nuh peyğəmbərin dünya tufanı zamanı məhz Naxçıvanda quruya enməsi və burada məskunlaşması barədə fikirləri maraqlı olduğu qədər də Naxçıvanın tarixi ilə bağlı əhəmiyyətli faktları üzə çıxarır. Bu araşdırmaların nəticəsi olaraq AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən çap olunan tədqiqat əsərləri və monoqrafiyalar, habelə Ali Məclisin təşkilatçılığı və şəxsən Ali Məclis Sədrinin qayğısı ilə keçirilən "Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan" adlı beynəlxalq simpoziumu, "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi", "Naxçıvan: ilkin şəhər və Duzdağ" beynəlxalq elmi simpoziumlarının keçirilməsini, habelə Nuh peyğəmbərin məzar yerinin tapılmasını və məzarüstü türbəsinin bərpa olunmasını bu sahədə əldə edilmiş ən böyük nailiyyətlərdən hesab etmək lazımdır. Naxçıvanlı alimlərin və digər ölkələrdən - Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə və s. qatılan elm adamlarının apardığı ciddi tədqiqatların nəticəsi olaraq Naxçıvanda Duzdağ mədəniyyəti aşkarlanmış, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin Naxçıvanda olması təsdiqlənmişdir. Muxtar respublikada aparılan qazıntılar zamanı əldə olunan tarixi abidələrin qorunub saxlanması və təbliğ edilməsi istiqamətində AMEA Naxçıvan Bölməsində muzey də yaradılmışdır. Aparılan tədqiqatların nəticəsini işıqlandıran beynəlxalq konfrans, simpoziumlar keçirilmiş, xeyli monoqrafiya və tədqiqat əsəri çap edilmişdir.
Qeyd etmək lazımdır ki, təkcə tarix sahəsində deyil, digər elm sahələrində də əldə edilən uğurlar Naxçıvan Bölməsinin yaradılmasındakı uzaqgörən siyasəti bir daha başa düşməyə və onu alqışlamağa imkan verir. AMEA Naxçıvan Bölməsində yerinə yetirilən elmi-tədqiqat mövzuları bölmənin yaradılması məqsədinə uyğun olaraq Naxçıvanla sıx bağlanır. Həmin mövzuların aktuallığı, regionun istehsalat potensialı və iqtisadiyyatı ilə əlaqələndirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın, özəl sektorun inkişafı siyasəti elmə və elmi nəticələrə istinad etməklə bir tərəfdən elmlə iqtisadiyyatın, istehsalatın əlaqələndirilməsinə yol açmışsa, digər tərəfdən düzgün hesablanmış iqtisadi inkişafın elmə dayanıqlılığı təmin edilmişdir. Bu baxımdan Naxçıvanın bioresursları ilə bağlı aparılan elmi tədqiqatları və elmi nəticələri də ən böyük töhfə hesab etmək olar. Taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı bölgəmiz üçün nə qədər əhəmiyyətlidirsə, o sahədə aparılan tədqiqatlar da bir o qədər genişmiqyaslıdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl, meyvə sortları ilə bağlı aparılan tədqiqatlar və əldə edilən uğurlu nəticələr düzgün seçilmiş elmi istiqamətdən xəbər verir. Bundan başqa bioresursların tədqiqi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada həyata keçirilən bir sıra dövlət proqramlarının, o cümlədən ərzaq ehtiyatı yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi proqramların gerçəkləşdirilməsi işinə də öz töhfələrini verir.
Bu gün AMEA-nın Naxçıvan Bölməsində iki akademik, dörd müxbir üzv, altı elmlər doktoru və 52 fəlsəfə doktoru fəaliyyət göstərir. Bu elmi potensialın mövcudluğu hesabına Ali Məclis Sədrinin birbaşa rəhbərliyi və sərəncamları ilə Naxçıvanın tarixi, mədəni və digər abidələri qeydə alınmış, pasportlaşdırılmış, bunun elmi yekunu olaraq "Naxçıvan abidələri" adlı sanballı, tamamilə yeni, Azərbaycan və ingilis dillərində ensiklopediya işıq üzü görmüşdür. Naxçıvan alimlərinin qüvvəsi ilə iki cildlik "Naxçıvan Ensiklopediyası", "Naxçıvan abidələri Ensiklopediyası", "Naxçıvanın tarixi atlası", "Naxçıvanın Folklor Antologiyası" (3 cilddə), "Azərbaycan xalçaları Naxçıvan qrupu", "Naxçıvanın Teatr Salnaməsi", Naxçıvanın flora və faunasına aid iki cilddə "Qırmızı kitab", "Naxçıvanın arxeoloji abidələri", "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan", "Naxçıvan və naxçıvanlılar", "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan", "Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri", "Naxçıvan ağızları" (türk dilində) və başqa qiymətli əsərlər işıq üzü görmüşdür. Bu uğurları nəzərə alan Azərbaycanın dövlət başçısı naxçıvanlı alimlərin əməyini layiqincə qiymətləndirərək onları mükafatlarla təltif etmişdir.
Naxçıvan rəhbərliyinin qayğısı ilə AMEA-nın Naxçıvan Bölməsi muxtar respublikada "elmimizin baş qərargahı" vəzifəsini şərəflə həyata keçirir. Əldə edilən uğurlar da bilavasitə yaradılan elmi-tədqiqat şəraiti, qayğı və düzgün rəhbərliyin nəticəsidir. Ali Məclis Sədrinin dediyi: "...qarşılıqlı şəkildə diqqət yetirilməli sahələr çoxdur. Bunlardan ən vacibi isə keçmiş və müasir tariximizin öyrənilməsi, xalqımızın kimlik pasportu olan abidələrimizin tədqiq olunması, qorunub saxlanmasıdır. Bu sahədə hələ çox iş görülməli, ...tarixi coğrafiyamız yenidən və dərindən öyrənilməli, tədqiq edilməlidir" sözləri isə Naxçıvanın elm adamları qarşısında başlıca vəzifə və məqsəd olaraq dayanır, onların elmi fəaliyyətinə istiqamət verir.
Zülfiyyə
İSMAYIL,
Ramiz QASIMOV,
filologiya üzrə fəlsəfə
doktorları,
AMEA Naxçıvan Bölməsinin
elmi işçiləri
Azərbaycan.- 2012.- 7 avqust.- S. 5.