Heydər Əliyev
Fondunun uğurlu layihələrindən olan Qəbələ
Beynəlxalq Musiqi Festivalı bu dəfə arzu edildiyindən
də gözəl keçirildi
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı müvəffəqiyyətlə başa çatdı. Gözəl təbiət qoynunda yerləşən Qəbələ 14 gün ərzində dünya şöhrətli musiqiçilərin, bədii kollektivlərin, solistlərin, görkəmli dirijorların, vokalçıların iştirak etdikləri möhtəşəm musiqi bayramının məkanına çevrildi. Festivalın builki proqramı çox zəngin idi və gündə iki dəfə bir-birindən fərqli konsertlər olurdu. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış etdi.
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəttah Heydərov Qəbələ IV Beynəlxalq Musiqi Festivalının başa çatması münasibətilə jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, festivalda 10 ölkənin 350-yə yaxın musiqiçisi dünya və Azərbaycan mədəni irsində xüsusi əhəmiyyət kəsb edən bu mədəniyyət bayramının özəlliyini daha qabarıq nümayiş etdirdi. Artıq dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməkdə olan Qəbələyə toplaşan tamaşaçılar Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini, ecazkar muğamımızı heyranlıqla dinləyərək festivaldan xoş təəssüratlarla ayrıldılar. London Royal Filarmonik Orkestri, "Moskva solistləri" kamera orkestri, Sloveniyanın "Tartini kvarteti", Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, eləcə də Boris Berezovski, Yuri Başmet, Dmitri Yablonski, Aleksandr Çaykovski, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və başqa tanınmış musiqiçilərin qəlbləri riqqətə gətirən uğurlu çıxışları uzun müddət yaddaşlardan silinməyəcəkdir.
Milli Məclisin deputatı Fəttah Heydərov demişdir: "Çox şadam ki, dünyada kifayət qədər tanınan, sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar bu festivalın qonağı oldular, gözəl konsertləri ilə yerli və xarici tamaşaçıları feyziyab etdilər. Bu diyarın ecazkar təbiəti, gözəlliyi, xalqımızın yüksək qonaqpərvərliyi xarici musiqiçilərin ürəyincə oldu və onlar bütün bacardıqlarını ortaya qoydular ki, ənənəvi şəkildə keçirilən bu gözəl musiqi bayramı əvvəlkindən daha yaddaqalan olsun". O, festivalın arzu edildiyindən də gözəl keçirildiyinin şahidi olduğunu, ötən 14 gün ərzində Qəbələdə böyük izdiham yaşandığını, xüsusi ab-hava hökm sürdüyünü bildirmişdir.
Fəttah Heydərov bildirmişdir ki, festivalda iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış oldular. Mədəniyyət bayramı günlərində yerli və xarici musiqiçilər, tamaşaçılar bir-biriləri ilə xoş münasibət qurdular, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri apardılar. Qəbələdə istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqisi incilərini dinlədilər.
F.Heydərov ölkəmizdə belə möhtəşəm
festivalların Prezident İlham Əliyevin mədəniyyətə,
incəsənətə, sənət adamına
qayğısı, diqqəti sayəsində keçirmək
mümkün olduğunu qeyd etmiş və Qəbələ
Beynəlxalq Musiqi Festivalının
təşəbbüskarı olan Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
musiqimizin inkişafı və dünyada tanınması
işinə qayğı göstərdiyinə görə minnətdarlığını
bildirmişdir. O, Heydər Əliyev Fondunun uğurlu layihələrindən
olan bu beynəlxalq musiqi festivalının hələ uzun illər
keçiriləcəyinə, Qəbələnin beynəlxalq
mədəniyyət mərkəzinə çevriləcəyinə
və burada bəşəriyyətin ən gözəl klassik
əsərlərinin korifey sənətkarların canlı
ifasında dinləniləcəyinə
inandığını bildirmişdir.
Azərbaycan.- 2012.- 7 avqust.- S. 5.