Şəfiqə
AXUNDOVA: “Konsertlərdən öncə
dinləyicilərə yeni səslənəcək əsər
barədə məlumat verilməsi maarifçilik
baxımından çox vacibdir”
"Qəbələnin gözəl havası, təbiəti, yüksək səviyyəli xidmətləri məni valeh edir. Mən festival günlərində Qəbələyə gəlmişəm, burada həm istirahət edirəm, həm də axşamlar yerli və xarici musiqiçilərin ifalarını dinləyirəm".
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərini yaxından izləyən Şərqin ilk opera yazan xanım bəstəkarı, 600-dən çox əsərin müəllifi, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Şəfiqə Axundova demişdir. O bildirmişdir ki, qədim Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlərin hər axşam festivalın konsertlərində dünya musiqisi incilərini dinləməsi çox yüksək mədəniyyətdən xəbər verir.
Festivalda klassik musiqi ilə yanaşı, milli musiqimizə, xüsusən də muğama geniş yer verilməsi çox yaxşıdır. Təkcə klassik musiqi bilicilərinin, tanınmış musiqiçi xadimlərin deyil, həm də Azərbaycanın və Avropanın dahi bəstəkarlarının musiqisini kamera və simfonik orkestrin, xor kapellasının ifasında ilk dəfə canlı dinləyən yerli sakinlər, eləcə də gənclər və uşaqlar da festivala həvəslə gəlirlər. Bu, çox yaxşı əlamətdir. Çünki valideynlər Qəbələdə beynəlxalq musiqi festivalının maarifçilik məqsədilə keçirildiyini dərk edirlər və övladlarının musiqiyə həvəsini artırmaq üçün onları bu konsertlərə ardıcıl olaraq gətirirlər.
Ş.Axundova demişdir: "Burada konsertlərdən
əvvəl aparıcı, xalq artisti, professor Zəhra Quliyeva
dinləyicilərə yeni səslənəcək əsər,
onun müəllifi, nə vaxt və hansı mövzuda
yazılması barədə məlumat verir. Bu, maarifçilik
baxımından çox vacibdir. İnsanlar bu festivala həm də
ona görə həvəslə gəlirlər ki, vaxtilə
televiziyada gördükləri, radioda ifalarına qulaq
asdıqları dünya şöhrətli musiqiçilərin
canlı ifasını dinləyirlər. Musiqisevərlər
üçün bundan yaxşısı ola bilməz. Festival
gözəl təşkil olunub və bir-birindən maraqlı
konsert proqramları hamı kimi mənim də ürəyimcədir".
Azərbaycan.- 2012.- 7 avqust.- S. 5.