Azərbaycan
güləşçisinin böyük uğuru
London Olimpiadasında ölkəmizə
ilk gümüş
medalı qazandıran Rövşən Bayramovun
karyerası qələbələrlə zəngindir
Bu gün idmansevərlərin diqqəti Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarına yonəlmişdir. Hər bir ölkə təmsilçilərindən uğur gözləyir. Artıq 10 Olimpiya günü arxada qalmışdır. Təbii ki, idmançıların göstərdikləri nəticələrə sevinənlər də var, məyus olanlar da. Bu və ya digər ölkənin olimpiyaçılarının çıxışına yekun qiymət vermək hələ tezdir. Yarışlar davam edir, qalan medallar sahiblərini gözləyir.
Azərbaycan idman ictimaiyyəti də hər gün Londondan xoş xəbər ümidi ilə yarışları izləyir. Artıq Olimpiya yığma komandamızın aktivində beş medal var. Hələlik qızıl medalımız yoxdur, bir medalımız isə gümüşdür. Qızıl da olar, inşallah!
Xalqımızın böyük ümidlə medal gözlədiyi idman növlərindən biri də güləş idi. Gözləntilərimiz güləşçilərin mübarizəsinin elə ilk günündə gerçəkləşməyə başladı. Yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq) və Emin Əhmədov (74 kq) müvafiq olaraq gümüş və bürünc medalları ilə hamımızı sevindirdilər.
Medal qazanmış olimpiyaçılarımız arasında dünya və Avropa çempionu Rövşən Bayramovu xüsusi qeyd etmək lazımdır. Pəhləvan 2008-ci il Pekin Olimpiadasında gümüş medal qazandıqdan dörd il sonra Londonda bu uğuru təkrarlamaqla əsl peşəkar, işinə ciddi yanaşan idmançı olduğunu sübut etdi. Londonda qazanılmış bu qələbə həm də Azərbaycanın dünyada tanınmasına xidmət edir. Çünki mötəbər beynəlxalq yarışda əldə edilən hər bir qələbə bilavasitə konkret ölkənin reklamı deməkdir. Eləcə də idman beynəlxalq aləmdə nüfuz qazanmaq vasitəsidir. Bu mənada idmançımızın növbəti uğuru Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmlədir.
Bir məqamı da qeyd edək ki, Londonda heç bir rəqibinə xal belə vermədən finala yüksələn Rövşəni qızıl medaldan sadəcə bəxt amili məhrum etdi. İdmansevərlər pəhləvanımızın qızıl oyununun şahidi oldular.
Rövşən Bayramov 1987-ci il mayın 7-də Bakıda anadan olmuşdur. Uşaqlıq illərindən güləşə
maraq göstərmiş,
idmanın bu növündə uğur əldə etmək üçün səylə
çalışmış, nəticə etibarilə qələbələr bir-birinin
ardınca gəlmişdir.
2003-cü ildə Əmircan
qəsəbəsindəki 154 saylı orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş, 2008-ci ildə ali
təhsil ocağını
müvəffəqiyyətlə başa vurmuşdur.
Düz on ildir ki, Rövşən bir-birinin ardınca böyük uğurlara imza atır. Onun idmançı
karyerasına qibtə
etməmək mümkün
deyil. 2002-ci ildə - hələ 15 yaşı olarkən yeniyetmələr arasında
ölkə çempionu,
yeniyetmələrin MDB və
Baltikyanı dövlətlər
arasında oyunlarının
çempionu adını
qazanmış, Avropa birinciliyində bürünc
medal əldə etmişdir.
Növbəti il gənclər arasında ölkə çempionu, yeniyetmələr
arasında qitə birinciliyinin bürünc mükafatçısı, gənclər
arasında dünya çempionu olmuşdur. 2005-ci ildə gənclər
arasında Avropa çempionatında qızıl,
dünya çempionatında
bürünc medal qazanmışdır.
2006-cı ildə böyüklər arasında
ölkə çempionu,
Qızıl Qran Pri finalının qalibi, böyüklər arasında dünya çempionatının gümüş
mükafatçısı, hərbçilər arasında
dünya çempionatının
qalibi olmuşdur.
2007-ci ildə qitə çempionatında
fəxri kürsünün
ən yüksək pilləsinə qalxmışdır.
2008-ci ildə Finlandiyanın
Tampere şəhərində keçirilmiş Avropa çempionatında qızıl
medal qazanaraq Pekin Olimpiadasına lisenziya qazanmış, Pekində isə Olimpiya oyunlarının gümüş
medalına layiq görülmüşdür. İki dəfə
- 2009-cu və 2011-ci illərdə
dünya çempionu olmuşdur. Bu il isə London Olimpiadası və gümüş medal...
Rövşənin idmançı karyerasında
ən böyük hadisə isə beynəlxalq arenalarda Azərbaycan bayrağını
yüksəklərə qaldırdığına
görə dövlət
başçısı cənab İlham Əliyev tərəfindən
"Tərəqqi" medalı
ilə təltif edilməsidir.
Hələ gənc olmasına baxmayaraq, Rövşən ölkəmizin güləş tarixində qazandığı nəticələrlə dərin iz buraxmışdır. Belə ki onun beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nəticələrlə yanaşı, dünyanın ən böyük idman ustaları tərəfindən çox çətin rəqib kimi qarşılanması pəhləvanımızın potensialının nə dərəcədə yüksək olduğunu göstərir. Bunun nəticəsi olaraq Rövşən 2008-ci ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası tərəfindən Yunan-Roma güləşi növündə dünyanın ən güclü idmançısı seçilmişdir.
Eyni zamanda, Rövşənin qazandığı nailiyyətlərdə payı olan məşqçi heyətinin əməyini unutmamaq lazımdır. Əldə edilmiş bu uğurlarda onun məşqçisi Hicran Şərifovun da xidmətləri danılmazdır.
Rövşəni qabaqda yeni-yeni turnirlər, qələbələr gözləyir. Ümid edək ki, dalbadal iki Olimpiadada gümüş medal qazanmış pəhləvanımız növbəti Olimpiya oyunlarında, nəhayət, qızıl medalını da alacaq.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 8 avqust.- S. 1.