“Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsi azərbaycanlı
icması” İctimai
Birliyi Suriyadakı ermənilərin işğal olunmuş Azərbaycan
ərazilərinə köçürülməsi ilə
bağlı bəyanat yaymışdır
Bəyanatda deyilir ki, son vaxtlar Suriyadakı vəziyyət ilə əlaqədar rejimi dəstəkləyən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçırlar. Ermənistanda isə onların Azərbaycanın işğal altında olan ərazilərində, Dağlıq Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma üzrə İctimai Şura" yaratmaq təşəbbüsü və suriyalı ermənilərin orada düşərgələrdə məskunlaşdırılması təklifləri irəli sürülmüşdür.
Bundan əlavə, bəyanatda qeyd edilir ki, bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər ictimai birliyin idarə heyətinin iclasında geniş müzakirə olunmuş və qətiyyətlə pislənmişdir. Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar, bu süni "məskunlaşdırma" siyasətini Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn normalarının və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü addım kimi qiymətləndirir.
Bəyanatda vurğulanır ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sabitlik və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasında dialoq imkanlarını da heçə endirir. Ermənistanın mövcud status-kvo vəziyyətini və işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə müxtəlif vaxtlarda bəzi ölkələrdən, eləcə də son zamanlar Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi təşəbbüsləri nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vurur.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanatda Ermənistanın qeyri-konstruktiv hərəkətlərinin beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacağını və bu ölkənin süni "məskunlaşdırma" və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirir.
AzərTAc
Azərbaycan.- 2012.- 8 avqust.- S. 1.