Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 7-də Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali ilə görüşmüşdür.

 AzərTAc xəbər verir ki, Ə.Həsənov H.Keralini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağona bitişik yeddi rayon işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə Ermənistanın məhəl qoymadığını deyən Ə.Həsənov Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir.

Baş nazirin müavini Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilmişbu işlər davam etdirilməkdədir.

Ə.Həsənov qeyd etmişdir ki, dövlətimizin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir. Baş nazirin müavini vurğulamışdır ki, işğal altındakı ərazilərimiz azad edildikdən sonra orada genişmiqyaslı bərpa işləri aparılmalıdır. Bu baxımdan təcrübəli beynəlxalq qurumların köməyinə ehtiyac yaranacaqdır.

H.Kerali Azərbaycan hökumətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dünya Bankının proqramlarının reallaşmasına göstərdiyi köməyi yüksək qiymətləndirmişdir. Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirmişdir. O, Azərbaycanın bu sahədə gördüyü işlər və həyata keçirdiyi uğurlu tədbirlər ilə bağlı beynəlxalq konfransın keçirilməsini təklif etmişdir.

H.Kerali Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuş, birgə layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 2.