FİKRƏ HƏYAT VERƏN DİL

 

İnsan nə düşündüyünü təkcə özü bilir!

 

Fikirlərini və bildiklərini başqasına çatdırmaq üçün isə dildən (dilindən) istifadə edir!

 

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də fikrə, düşüncəyə həyat verir.

 

Dil həm də millətin varlığını, intellektual inkişaf səviyyəsini təsdiq və əks  etdirən amildir.

 

Deyirlər, bir milləti məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir! Və tarixdə belə faktlar mövcuddur! Bu, həm də o deməkdir ki, hər millət öz dilini  varlığı kimi sevməli və qorumalıdır! Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında"  imzaladığı 23 may 2012-ci il sərəncamı da dilimizə qayğıdan və onun  qorunması, inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir. Sərəncamda  Azərbaycan dilinin imkanları yüksək dəyərləndirilir, onun inkişafında  ziyalıların rolu müsbət qiymətləndirilir: "Ana dilimiz öz ifadə imkanlarının  zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə  səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni  sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan  daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti  sayəsində çatmışdır".

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafında, onun dövlət dili  statusunu qazanmasında müstəsna xidmətləri olmuşdur. Müstəqillik  dövründə ümummilli lider sovet dönəmində gördüyü tədbirləri daha da intensivləşdirmiş, bununla bağlı zəruri sənədlər imzalamış, qanunların  qəbuluna nail olmuşdur. Ulu öndərin səyləri nəticəsində ana dilimizin  xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əhəmiyyəti daha da artmış, fəaliyyət meydanı əsaslı şəkildə genişlənmişdir.

Bu gün Azərbaycan açıq qapı siyasəti yürüdür, sürətlə dünyaya inteqrasiya olunur. Dünya üçün açıq olmanın nəticələri isə sürətlə inkişaf edən ölkəmizdə müsbət nəticələrini çox gözlətməyib:

 

Azərbaycan aparıcı beynəlxalq qurum və təşkilatların üzvüdüronlarla fəal  əməkdaşlıq edir;

investisiya yatırılan ölkədən xaricə, hətta inkişaf etmiş Avropa dövlətlərinə  sərmayə qoyan dövlətə çevrilib;

milli maraq, bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət prinsipi əsasında çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlər qurub;

öz mədəni-mənəvi dəyərlərini dünyaya təqdim edib tanıtmaqla yanaşı, Avropa  dəyərlərinə yiyələnməkdə də bir sıra uğurlara imza atıb, "Eurovision"un sayca 57-ci yarışmasını Bakıda keçirib;

beynəlxalq tədbirlərin və idman yarışlarının vaxtaşırı baş tutduğu məkana  çevrilib;

BMT-nin qeyri-daimi üzvü seçilib, beynəlxalq münasibətlərdə siyasi nüfuzu xeyli  yüksəlib.

 

Bütün bu uğurlu addımlar Azərbaycanı dünyaya qovuşdurub, ölkəmizə gələn  qonaqların və turistlərin sayı xeyli artıb. Bu gün Bakının küçələrində və respublikanın istirahət guşələrində dünyanın hər tərəfindən gəlmiş əcnəbilərlə  rastlaşmaq adi haldır. Bütün bu yaxınlaşma, əlaqə və ünsiyyət Azərbaycan  dilinin işlənməsinə və müəyyən dəyişikliklərə məruz qalmasına da təsirsiz  ötüşmür.

Azərbaycan dilinin gündəlik, geniş və əhatəli formada işlədildiyi sahələrdən  biri də jurnalistikadır. İnternetin, elektron medianın məişətimizə daha sıx daxil olması, onların vasitəsilə beynəlxalq xəbər agentlikləri ilə operativ əlaqələr qurulması və zəruri informasiyaların dərhal insanlara çatdırılmasına şərait yaranması dilin zənginləşmə imkanlarını da genişləndirmişdir. Əlaqə və  təmasın sıxlaşması dilə yeni sözlərin daxil olmasını şərtləndirməklə yanaşı, onun "çirklənmə" ehtimalını da  artırır. Artıq belə bir proses aydın müşahidə  edilməkdədir. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə  uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının  layihəsini hazırlayan işçi qrupunun üzvlərinin bu mövzuda müxtəlif sosial zümrələrin təmsilçiləri ilə keçirdiyi görüşlərdə bir sıra vacib məqamlara toxunulur, faydalı təkliflər səsləndirilir.

Sıx təmas və zənginləşmə dövründə dilimizin təmizliyini qorumaq, mənfi meyillərin təsirini minimuma endirmək, eyni zamanda yeni dövrün tələblərinə  müvafiq olaraq ifadə imkanlarını artırmaq vacib vəzifələrdəndir. Bu sahədə diqqəti çəkən və müəyyən qabaqlayıcı tədbirlər görülməsini zərurətə çevirən başlıca məqamlar hansılardır? Müəyyən məsələlərə nəzər yetirək.

Bir millət olaraq başqa dil öyrənməyə, əcnəbi dillərdə danışmağa həvəsliyik. SSRİ-nin tərkibində olanda rus dilinə elə aludə olmuşduq ki, az qala doğma  dilimizi unudacaqdıq! "Böyük Lenin dili" adı ilə ittifaq miqyasında aparılan  "sevdirmə kampaniyası" da öz işini görürdü və vəzifə pilləsində yüksəlməyin  əsas tələblərindən biri rus dilində sərbəst danışmaq bacarığı idi. Bu gün isə  ingilis dilinə meylimiz artıb! Başqa dillərə aludə olaraq öz dilində danışmaq  istəməmək dilə olan sevginin azlığından xəbər verir. Bütün bunlar isə uşaq  bağçası və orta məktəb dövründə doğma dilə məhəbbət hissinin aşılanmasının  gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin intensivləşdirilməsini tələb edir. Orta təhsil dövründə dilin tədrisinin  yaxşılaşdırılmasına da xüsusi fikir verilməlidir.

Ölkəmizdə mətbuat və söz azadlığının reallaşması həm də bir sıra problemlərlə  müşahidə olunmaqdadır. Qəzet açmağın və jurnalistlik fəaliyyəti ilə məşğul  olmağın son dərəcə asanlaşdırılması bu sahəyə qeyri-peşəkarların axınına  səbəb olmuşdur. Azərbaycan dilinin qrammatik qaydalarını, dildən düzgün  istifadənin prinsiplərini, ədəbi redaktəni lazımınca bilməyənlər qəzet nəşri ilə  məşğuldurlar. Müstəqil qəzetlərdə artıq korrektura bir institut kimi sıradan   çıxarılıb. Belə vəziyyətdə buraxılan qəzetlər nəinki öz oxucularının səviyyəsini artırır, əksinə, onları çaşdırır, yanlış yola salır! Özəl televiziya kanallarında da  vəziyyət ürəkaçan deyil! "Çayxana və qeybət dili"nin şou proqramlarında "əsas  dilə" çevrilməsi, dialekt, şivə və jarqonlardan geniş istifadə edilməsi, hətta  belə danışıq tərzinin "gülüş yaratma üsuluna" çevrilməsi vəziyyəti xeyli qəlizləşdirmişdir. Çapelektron KİV-lər dövlət nəzarətindən tamamilə  çıxarıldığından problemin inzibati resurslarla həlli mümkün deyildir!

Bu gün dildə gedən prosesləri çevik şəkildə öyrənən, araşdıran və onu  düzgün məcraya yönəltməyə çalışan vahid dil qurumunun yaradılmasına  kəskin ehtiyac duyulur. Nüfuzlu ziyalılardan, sahənin mütəxəssislərindən  və bilicilərindən təşkil edilən belə bir qurum tövsiyə və məsləhətləri ilə  ümumi işə böyük fayda gətirər.

Televiziyaların fəaliyyətinə ictimai nəzarəti gücləndirmək, mavi ekranda milli-mənəvi dəyərlərin qorunmasına, ədəbi danışıq dilinin bərqərar edilməsinə nail  olmaq üçün müstəqil bədii şuranın yaradılması da zəruridir. Bəzi özəl kanallar  sanki belə bir "şura" təşkil ediblər. Lakin hər kanalın tərkibində mövcud olan  bədii şura lazımi effekti vermir, ümumi maraqlar fərdi maraqları üstələməkdə  acizlik göstərir. Bütün kanallardakı prosesləri izləyəcək və kanalların fövqündə  duracaq nüfuzlu, peşəkarların və prinsipial insanların çalışdığı vahid bədii  şuranın təşkili zamanıdır!

Qeyd etdiyimiz kimi, artıq dilimizə yeni sözlərin daxil olmasında, əvvəlki  dövrlərdən fərqli olaraq, "çoxmənbəlilik" yaranıb. Bu, dil hadisələrində, xüsusən terminologiya sahəsində çeviklikoperativlik tələb edir. Lap yaxınların misalı. Azərbaycan Avropanın ən məşhur musiqi yarışmasında qalib  gələrək ona ev sahibliyi etmək hüququ qazandı. Müsabiqə ərəfəsində qəzetlərdə və televiziya kanallarında yarışmanın adında çoxvariantlılıq  müşahidə olunurdu: "Eurovision", "Evrovijin" və "Avroviziya". Xeyli müddətdən sonra mütəxəssislər bu məqama diqqət çəkərək "Avroviziya"nın  daha məqbul sayıldığını söylədilər. Lakin artıq hərə bildiyi kimi işlətmişdi. Odur ki, belə hallarda qabaqlamaq, tez qərara gələrək (vahid dil qurumunun  belə məqamda yeri görünür) dilimizin tələblərinə uyğun formanın jurnalistlərin  leksikonuna daha tez daxil olmasını təmin etmək zəruridir. Qəzet, telekanal, elektron KİV-lərin bolluğu şəraitində dil qurumunun tövsiyələrinin dərhal  ünvanına çatdırılmasında isə problem yoxdur.

Yeri gəlmişkən, müsabiqənin keçirildiyi və inşası rekord müddətə, doqquz aya  başa çatdırılan məkanın niyə "Crystal Hall" adlandırılması da aydın olmadı. "Büllur Saray" daha anlaşıqlı və incə səslənir. Üstəlik, ingilisdillilər də bir  Azərbaycan sözü öyrənə bilərdilər. Ad məsələsində daha diqqətli olmalıyıq. Yoxsa indiki vəziyyətdən - reklam şitlərindəki xarici ad çoxluğundan qurtara  bilmərik. Belə vəziyyətdə hansı ölkədə və şəhərdə olduğunu müəyyənləşdirmək də çətinlik törədir.

Hazırkı məqamda dilin təmizliyini qorumaqdüzgün inkişafı təmin etmək  üçün çox görülməlidir. Şübhə etmirik ki, bütün vacib məqamlar Azərbaycan  dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin  edəcək yeni dövlət proqramında əksini tapacaqdır.

Unutmayaq, kütləvi informasiya vasitələri təkcə arayıb axtarmır, tapıb  məlumatlandırmır, həm də öyrədir.

Öyrədən isə əvvəlcə özü öyrənməli, doğru-düzgün biliklərə yiyələnməlidir. Yoxsa səhvlər silsiləsi yaradar.

 

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 3.