Ədalətin təntənəsinə xidmət edən məhkəmə-hüquq islahatları

 

Müstəqil respublikamızın son illərdə bütün sahələrdə dinamik inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə etibarlı zəmin yaratmışdır. Məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsınin tam qanunamüvafiq şəkildə həyata keçirildiyi instansiyaya çevrilməsi, cəmiyyətdə yüksək etimad qazanması bu sahədə beynəlxalq təcrübənin də tətbiqini şərtləndirmişdir.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Xatırlatmaq yerinə düşər ki, məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi üçün hakimlərin tamamilə şəffaf və demokratik yolla - test üsulu ilə seçilməsi təcrübəsinin əsası hələ 2000-ci ildə - ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmişdir. Bunun nəticəsi olaraq hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi davam etdirilir. Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul olunmuşdur  uğurla tətbiq olunmaqdadır.

Həyata keçirilən islahatlar nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının tərkibi yenilənərək, əsasən hakimlərdən, eyni zamanda ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Son 5 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Son illərdə Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

Hakim vəzifəsinin icrasına yeni başlamış hakimlərin sosial müdafiəsi tədbirləri də diqqətdə saxlanılmışdır. 8 oktyabr 2010-cu il tarixdə "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə edilmiş iki mühüm əlavəni xüsusi vurğulamaq lazımdır. Birinci əlavəyə görə, "Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir".

Ümumilikdə, hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, şəraitinin müasir tələblərə uyğun qurulması üçün yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının ötən ilin 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə 4 bölgəsində regional ağır cinayətlər məhkəmələri təsis edilmişdir. Bundan başqa, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tez bir zamanda fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, bu ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradır.

Xüsusi vurğulamaq istərdim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmini, onların şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.

2009-cu ilin mayında Bakının ən görkəmli yerlərindən birində Azərbaycan Respublikası Ali Məhkəməsinin müasir tələblərə cavab verən yeni binasının tikilib istifadəyə verilməsi də buna əyani sübutdur. Bu, dövlət başçısının ali məhkəmənin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Əsası 2006-cı il avqustun 8-də qoyulmuş bu möhtəşəm bina müasir infrastrukturu, milli arxitektura elementləri, şəraiti ilə Ali Məhkəmə hakimlərinin daha çevik və səmərəli fəaliyyətinə imkan yaratmışdır.

Ali Məhkəmənin açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə etmişdir: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir".

Ümumiyyətlə, hər ötən il Azərbaycan cəmiyyətində müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə daha yaxşı imkanlar yaranmışdır. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan idarəetmə modelinin formalaşdırılması məqsədi dayanır.

 

 

Hikmət MİRZƏYEV,

Ali Məhkəmənin inzibati-iqtisadi

kollegiyasının sədri

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 3.