Qarmonun Paqaninisi

 

Azərbaycan milli instrumental musiqisi Şərq xalqlarının mədəniyyət aləmində ən qədim tarixə malik olan sənət sahələrindəndir. Professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəyli yazırdı: "Azərbaycan xalqının zəngin və geniş musiqi incəsənəti qədim bir tarixə malikdir... Azərbaycan şairlərinin lirik şeirləri, müğənnilərinin füsunkar mahnıları, ifaçılarının yüksək sənətkarlığı Xəzərin qumlu sahillərindən Qara dənizin sahil qayalarınadək, Türkistanın qızmar səhralarından başı qarlı Elbrus və Ağrı dağlarınadək geniş yayılmışdır".

İnstrumental sənət ifaçılığının inkişafında hər bir musiqi alətinin özünəməxsus yeri var. Azərbaycan instrumental musiqi yaradıcılığında solo musiqi aləti kimi qarmonun da səciyyəvi xüsusiyyətləri, təsir qüvvəsi danılmazdır. Azərbaycanda məşhur ustad və istedadlı qarmon ifaçıları olub. Əhəd Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov, Teyyub Dəmirov kimi sənətkarların adları dillər əzbəridir. İndibu sahənin aparıcı qarmon ifaçıları var.

Əlli ildən artıqdır ki, şirmayi dilli qarmon Zakir Mirzəyevin sinəsində dilə gələrək nəğmələr və rənglər çələnginə yeni havalar bəxş etməkdədir. Maestro Niyazi deyərdi ki, Zakir Mirzəyev qarmonu elə dilləndirib oxudur ki, heç müğənniyə ehtiyac qalmır. Zakir xalq mahnılarımızı, muğamlarımızı, rəqslərimizi özünəməxsus tərzdə şirin ştrixlərlə, coşqun duyğularla, həzin sədalarla çox ustalıqla rövnəqləndirir. "Yadıma düşdü", "Sevgilim", "Sevən könül", "Qurban adına", "Yeri dam üstə, yeri", "Muğana ceyran" kimi nəğmələrimizi Zakir Mirzəyev qarmonda ifa edəndə qulaq asasan. İnsan təkcə musiqinin gözəlliyinə, əfsununa düşmür, hətta sözləri belə apaydın eşidir. Həqiqətən də Zakir Mirzəyeivn qarmonu bülbül kimi oxuyur.

Zakir Mirzəyev Bakıda anadan olub. Amma onun nəsil şəcərəsi ilə maraqlananda babasının Güney Azərbaycanın Zəncan əyalətindən Lənkərana gəldiyi bəlli olur. Sonradan Bakıya köçüblər. Atası Qulam Hüseyn Bakıda müxtəlif sahələrdə çalışıb. Nəfəs musiqi alətlərində çalmaq qabiliyyətinə malik olan Qulam Hüseyn "Şoferlər klubu"nun özfəaliyyət ansamblında balaban ifaçısı kimi işə başlayıb. Sonralar el şənliklərinə gedərmiş. Müharibə illərində isə dəmiryol idarəsində çalışıb. Elə o illərdə Qulam Hüseynlə Mədinə xanımın ilk övladları dünyaya gəlib. Adını Zakir qoyublar. Lakin sonra tale elə gətirib ki, Qulam Hüseyn kişi Xaçmazda yaşamalı olub. Elə Zakir birinci sinfə bu şəhərdə gedib. Hələ uşaqlıq illərində atasının balabanı həzin-həzin səsləndirməsindən riqqətə gələn Zakir əlinə qaval alaraq atasının çalğısının ritmini tutmağa çalışarmış. Sonralar da radioda qarmon səsi eşidən kimi elə bil dünyanı ona bağışlayarmışlar. Saatlarla qulaq asmaqdan doymazmış. Ata oğlunun bu həvəsini hiss etdiyindən zahirən çəlimsiz övladının qarşısına belə bir şərt qoyub: "Sən yeməyinə yaxşı fikir versən, ananın sözünə qulaq assan, arzu etdiyin bir şeyi alacağam". Bir gün atasını işdən qayıdarkən qoltuğunda bir bağlama gətirdiyini görən Zakir onun qarmon olduğunu biləndə özünü dünyanın yeddinci qatında hiss edib. Heç kim ağlına gətirə bilməzmiş ki, sadəcə ağzında zümzümə etdiyi "Heyvagül"u havasını qarmonu ilk dəfə əlinə alan uşaq çalmağı bacaracaq. Onda Zakirin səkkiz yaşı vardı. Sonralar valideynləri onu musiqi dərnəklərinə aparıblar. Qarmon əlindən düşməzdi. Onu həvəsləndirmək, çaldığı havaların təsirini artırmaq üçün anası Mədinə xanım da qaval götürüb ritm tutar, oğlunu müşayiət edərmiş. Orta məktəbdə oxuduğu illərdə müxtəlif tədbirlərdə, konsertlərdə, müsabiqələrdə iştirak edən Zakir Mirzəyev tərifnamələr, fəxri fərmanlar aldıqca, xoş sözlər eşitdikcə daha da ruhlanırdı. Onu on yaşında səhnədə görən bəstəkar Əfrasiyab Bədəlbəyli konsertdən sonra Zakiri yanına çağırtdıraraq soruşub:

- Müəllimin kim olub?

- Özüm öyrənmişəm.

O vaxt böyük insan, əsl musiqi xiridarı Əfrasiyab Bədəlbəylinin söylədiyi fikirlər Zakir Mirzəyevin yaradıcılıq yoluna əbədi bir işıq saldı: "Qoçaq, bilirsənmi ki, bu çalğınla 30 il qabağa getmisən. Belə qabiliyyət hər adama nəsib olmur, bala. Səni biz öz nəzər-diqqətimizdə saxlamalıyıq. Hər birimiz sənə kömək etməliyik, sən böyük musiqiçi ola bilərsən".

Ötən əsrin 60-cı illərində Zakir Mirzəyev bir qarmon ifaçısı kimi artıq məşhurlaşmışdı. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə qarmonu ilə insanları heyrətə salanda onun cəmi 15 yaşı vardı. Bu yaşda yeniyetmənin sanballı musiqiçilərdən ibarət olan bir nümayəndə heyətinin tərkibinə daxil edilməsi qeyri-adi bir hadisə idi.

Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Filarmoniyasına solist-qarmonçu göndərilib. Onun belə bir mədəniyyət məbədində işləməsi gənc qarmon ifaçısının qarşısında yeni üfüqlər açdı. Zakirin hər ifası təkcə dinləyicilərin deyil, korifey musiqiçilərin də yaddaşına yazılırdı. Xüsusilə də bəstəkar Əfrasiyab Bədəlbəyli sevinirdi ki, onun zəhməti hədər getmədi, uzaqgörənliyi özünü doğrultdu. Zakiri çox yerə dəvət edirdilər. Ustad tarzən, muğam bilicisi Əhməd Bakıxanov, bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Adil Gəray, müğənni Şövkət Ələkbərova Zakirin çalğısını çox dəyərləndirərək onunla işləməkdən zövq alırdılar. Elə bu diqqətin də nəticəsi idi ki, Əhməd Bakıxanov gənc qarmon çalanı rəhbəri olduğu Xalq Çalğı Alətləri Ansamblına dəvət etdi. 1964-cü ilin axırlarında Zakirin ifasında beş rəqs melodiyası radionun fondu üçün götürüldü. Onun bəstələdiyi "Şənlik rəqsi", "Rəqs melodiyası", "Gülşən rəqsi", "Yeni rəqs" və "Xalq oyun havası "Qazaxı" lentə yazıldı.

Zakir Mirzəyev həm də fərqli qarmon ustadıdır. O, bir sıra simli alətlərdə (kaman, skripka, viola) ifa oluna biləcək xüsusi çalarlı musiqilər var ki, onu çox ustalıqla, bəlkə də xəbəri olmadan belə qarmon sənətinə gətirdi. Mütəxəssislər bunu "şedevr" adlandırdılar. Onun həyat verdiyi sənət nümunələri elə bir emosional gücə, qüdrətə malikdir ki, insanın hiss və duyğularını öz cazibəsinə alır. Zakirin sənəti həyatın öz rəngindən doğur. Gecə-gündüz olduğu kimi, qarmonun da qara dilləri bu ziddiyyəti tamamlayaraq səhərin ümidini, axşamın həzinliyini insanın ovqatına gətirir.

1978-ci ildə Bakıda Dövlət Konsert-Qastrol Birliyi yaradıldı. Bura üzv olmaq istəyənlər o vaxt təşkil olunmuş Bədii Şura qarşısında çıxış etməli idi. İfaçılar bəyənildikdən sonra işə qəbul edilirdi. Dünya şöhrətli, dirijor-bəstəkar, maestro Niyazi Bədii Şuranın rəhbərl idi. O günü xatırlayan Zakir Mirzəyev danışır: "Mən öz aləmimdə idim. Qəfildən qarmonu tərsinə çevirib sol əllə aşağıdan yuxarı çalmağa başladım. Sağ əlim tərəfə düşən alətin sol gövdəsinin düymələri ilə unison ya iki-üç səslə müşayiət etməyə başladım. Bu anda maestronun heyrətli səsini eşitdim: bu, virtuozluğun zirvəsidir!"

Onun bütün ifalarını həmişə diqqətlə dinləyən maestro Niyazi Zakir Mirzəyevi "qarmonun Paqaninisi" adlandırdı. O zamana qədər heç bir xarici ölkəyə getməyən Zakir Mirzəyev məhz maestro Niyazinin dəstəyi köməyi sayəsində müxtəlif ölkələrə qastrol səfərlərinə göndərildi. Hollandiya, Nepal, Hindistan, Vyetnam, Mali, Kamboca, Rumıniya, Konqo, Anqola, İran, TürkiyəEmusiqisevərləri Azərbaycan qarmon ustadının yaratdığı qeyri-adi melodiyalarının möcüzələrinə vurğun kəsildilər.

1979-cu ildə məhz maestro Niyazinin təklifi ilə Brüsseldə keçirilən beynəlxalq musiqi müsabiqəsindən vətənə qızıl medalla qayıtdı. Azərbaycan radiosunun Qızıl Fonduna Zakir Mirzəyevin 130-a qədər musiqi nümunəsi daxil edilib. O, həm yaradıcı ifaçıdır. 100-ə qədər rəqs musiqisi bəstələyib. Bu səs incilərinin yarıdan çoxu müntəzəm şəkildə radio dalğalarında, televiziya efirində səsləndirilir. Maraqlısı budur ki, Azərbaycanda ilk dəfə Niyazi adına Dövlət Simfonik Orkestri ilə bəstəkar Tofiq Bakıxanovun bir saylı üç hissəli simfonik konsertini qarmonda məhz Zakir Mirzəyev ifa edib. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən bu simfonik konsert Qızıl Fondda saxlanılır.

Zakir Mirzəyev həm tədqiqatla məşğul olan yaradıcıdır. Uzun illər böyük fədakarlıqla zəhmətlə üzərində işlədiyi "Azərbaycan xalq musiqisində qarmonun rolu əhəmiyyəti" mövzusundakı dissertasiya işini tamamlayaraq 2005-ci ildə müdafiə etdi. O, bu sahənin ilk sənətşünas alimidir. 2007-ci ildə isə 30 il üzərində çalışdığı sol tərəfli yeni Azərbaycan qarmonunun ixtirasını tamamlayaraq 2008-ci ildə respublika Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Agentliyinin "Patent ixtira" vəsiqəsini alıb. Sənətşünas Zakir Mirzəyev bir sıra dərslik monoqrafiyaların müəllifidir. "Azərbaycan qarmonu" monoqrafiyası iki dəfə çap edilib. Ali məktəb tələbələri üçün çox gərəkli vəsait olan bu elmi topluda qarmonun mənşəyi onun Azərbaycan musiqisində istifadəsi tarixindən, xalq musiqimizin inkişafındakı əhəmiyyətindən söz açılır. Zakir Mirzəyevin müəllifi olduğu "Qarmon məktəbi" dərsliyi isə Təhsil Nazirliyinin tövsiyəsi ilə hazırlanıb. 2010-cu ildə çap edilmiş "Rast Muğamı" metodik dərs vəsaiti isə müəllifin bu sahədə apardığı növbəti bir axtarışının mükəmməl məhsuludur. Bir sıra tezis məqalələrin müəllifi olan Zakir Mirzəyev təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə yeganə musiqiçidir ki, öz ifa etdiyi alət üzrə dissertasiya işini müdafiə edib.

Zakir Mirzəyev qarmonla ünsiyyət bağladıqdan sonra dünyanın çox möhtəşəm konsert salonlarında heyranedici məqamlar yaradıb. Amma özünün ən çox yadında qalan 2006-cı ildə Avstriyanın paytaxtı Vyanada dahi Üzeyir Hacıbəylinin büstünün açılış mərasimində iştirak etdiyi günlər olub. Söyləyir ki, həm Üzeyir Hacıbəylinin, həm Motsartın əsərlərini qarmonda ifa edərkən zal ayaqüstə ona qulaq asıb alqışlayıb.

60 ilə yaxındır ki, Azərbaycan musiqisinin təbliğinə inkişafına xidmət göstərən əməkdar artist, Heydər Əliyev Fondunun təqaüdçüsü, sənətşünaslıq namizədi, Mədəniyyət İncəsənət Universitetinin dosenti Zakir Mirzəyevin sənəti yüksək zirvədədir. Sənətdə zirvə isə silsilə dağlara bənzəyir. Birinə çatan kimi digərinin zirvəsi görünür...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 5.