"Qısa İslam
Ensiklopediyası: İslama dair 1001 termin xüsusi ad" kitabının
təqdimatı olmuşdur
Avqustun 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin xüsusi ad" üçcildlik ensiklopediyanın birinci cildinin təqdimatı olmuşdur.
Ölkəmizdə ilk dəfə Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış bu kitab Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) sifarişi və dəstəyi ilə Dini Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmışdır.
İKGF-in Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov demişdir ki, adı çəkilən ensiklopediya tam şəkildə yenidən işlənib hazırlanmış, Azərbaycan reallıqlarını, ölkəmizdə tarixən mövcud olmuş dini ənənələr nəzərə alınaraq yazılmışdır.
İslam haqqında bütün ilkin məlumatları əhatə edən kitab mütəxəssislərlə yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Elçin Əsgərov demişdir ki, kitab azərbaycanlı oxucular üçün islam dini barədə yarana biləcək bütün suallara, termin və xüsusi adlara aydınlıq gətirə biləcək ensiklopedik məlumat mənbəyi kimi nəzərdə tutulmuş ilk nəşrdir.
Diqqətə çatdırılmışdır ki, ensiklopediya ilk olaraq 2 cilddə hazırlanmışdır. Birinci cilddə yalnız islama aid əsas terminlər əks olunmuş, ikinci cilddə isə ilk səhabələrin adları və islam tarixinə aid bəzi xüsusi adlar daxil edilmişdir. İlk iki cilddə 1001 termin və xüsusi ad əhatə olunmuşdur. Sonradan ensiklopediyaya üçüncü cild əlavə edilmişdir ki, burada islam tarixində mövcud olmuş cərəyanlar, məktəblər, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqqında məlumatlar yer almışdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək bu işdə əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirmişlər.
İslam haqqında məlumatları əks etdirən kitabların daha çox ölkə daxilində, yerli müəlliflər tərəfindən yazılmasının vacibliyini vurğulayan natiqlər dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə çağırmış və bu istiqamətdə işlərin davamlı olaraq aparılmasının vacibliyini vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki, belə ensiklopediyalar gənclərin dini bilikləri daha düzgün və tez mənimsəməsinə təkan verir.
"Elm və təhsil" nəşriyyatında çap olunmuş 320 səhifəlik bu kitabın yaxın vaxtlarda digər iki cildinin də geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 8 avqust.- S. 5.