Azərbaycanın
Xarici İşlər Nazirliyi
beynəlxalq təşkilatlara müraciət etmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan hökumətinin növbəti təxribatçı siyasətinə etiraz əlaməti olaraq bir sıra beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmışdır.
AzərTAc xəbər verir ki, buna səbəb Suriyada baş verən vəziyyətlə bağlı orada yaşayan ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinə dair məlumatların yayılmasıdır.
XİN BMT-yə, ATƏT-ə, eləcə də qurumun Minsk qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə etmişdir. Nazirlikdən bildirmişlər ki, ATƏT-in Minsk qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktlarını araşdırmaq üçün dəfələrlə monitorinq keçirmişdir. Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasətinin aparıldığı müəyyənləşdirilmişdir.
Azərbaycanın xarici
siyasət idarəsi beynəlxalq ictimaiyyəti bu
siyasətin davam etdirilməsinə imkan verməməyə
çağırır.
Azərbaycan.- 2012.- 9 avqust.- S. 1.