“Geostrategiya” jurnalının may-iyun nömrəsi
çapdan çıxmışdır
Aylıq ictimai-siyasi, elmi-kütləvi "Geostrategiya" jurnalının may-iyun nömrəsi çapdan çıxmışdır.
Təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Jurnalın bu nömrəsində də Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilmişdir. Jurnalda regionda və beynəlxalq aləmdə baş verən hadisələrə dair yazılara da geniş yer verilmişdir.
"Geostrategiya"nın yeni nömrəsi tarix elmləri doktoru, professor Əli Həsənovun "Cənubi Qafqazın regional təhlükəsizlik sistemi və Ermənistan: qonşu ölkələrə qarşı ərazi iddiasının bu ölkəyə vəd etdiyi geosiyasi perspektivlər" məqaləsi ilə açılır. Məqalədə Ermənistanın Cənubi Qafqazın ümumi geosiyasi və geoiqtisadi nizamını, regional təhlükəsizlik sisteminin dinamizmini davamlı olaraq pozması və təhdid etməsi, ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə həyata keçirmələri, yürütdüyü işğalçılıq siyasəti nəticəsində bu ölkənin bölgədə reallaşdırılan beynəlxalq və regional enerji, nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalaraq çətin sosial-iqtisadi vəziyyətə düşməsi və s. məsələlər geniş təhlil edilir.
Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın təhlükəsizliyinin ermənilər və onların regional, beynəlxalq havadarları tərəfindən təhdid edilməsi, ərazilərinin ələ keçirilməsi və azərbaycanlıların etnik təmizlənməyə məruz qalmaları, faktiki olaraq, son iki əsrdə davamlı olaraq baş vermişdir. Ermənistanın geostrateji mövqeyi, işğalçılıq siyasəti və iqtisadi potensialının səviyyəsi bu ölkənin regiondakı proseslərdə müstəqil iştirakını mümkünsüz edir.
Məqalədə xüsusi vurğulayır ki, dünya birliyi artıq əvvəlki illərdə olduğu kimi, Ermənistanın işğalçı siyasətinə açıq-aşkar göz yummur. Əsas beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İƏT, ayrı-ayrı nüfuzlu ölkələr Azərbaycan torpaqlarının işğal faktını təsdiq etmiş və beynəlxalq hüquq normalarına müvafiq olaraq Ermənistanı işğalçı ölkə elan etmişdir.
Jurnalın "Neft tariximiz" rubrikasında tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyevin və tarix elmləri doktoru, professor Süleyman Əliyarlının həmmüəllifləri olduqları "Nobel mükafatı fondunun yaradılmasında Azərbaycan neftinin rolu" adlı məqalədə Azərbaycanın neft sənayesinin tarixindən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurlu nəticələrindən bəhs olunur.
"Şəxsiyyətlər" rubrikasında isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Əzim Əzimzadə yoxsulluqdan şöhrətin zirvəsinədək yüksəldi" adlı maraqlı məqaləsi yer almışdır. Müəllif Azərbaycan karikatura sənətinin ustadı, xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında oxuculara maraqlı faktlar əsasında geniş məlumat verir.
Jurnalda həmçinin fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun "Yeni (postneoklassik) epistemologiya zərurəti", ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovanın "Azərbaycanda əxilik və əxilər", siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun "Şuşa: Tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər", fəlsəfə elmləri doktoru Sakit Hüseynovun "Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi", tarix elmləri doktoru Əliağa Məmmədlinin "Azərbaycanda müasir etnomədəni proseslərin tədqiqi: nəticələr və perspektivlər", siyasi elmlər doktoru Vəsilə Hacıyevanın "Beynəlxalq münasibətlərin hüquq problemi" və digər məqalələr də yer almışdır. Bundan əlavə, oxucular jurnalın yeni nömrəsində "Azinterpartlayış-X" MMC-nin direktoru Azər Şükürov ilə müsahibənin davamı, Azərbaycanın tarixi abidələrindən, turizm imkanlarından bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.
Əvvəlki nömrələrində olduğu kimi, yüksək poliqrafik standartlara uyğun nəfis şəkildə çap olunmuş jurnalın bu nömrəsində də məqalələrin məzmununu tamamlayan rəngli fotoşəkillərdən istifadə edilmişdir.
"Geostrategiya" jurnalının geniş
populyarlıq qazanmasına səbəb Azərbaycanın
hazırkı və perspektiv geostrateji mövqeyinin, ölkəmizin
regional təhlükəsizliyin təminatındakı rolunun
elmi tədqiqinə böyük diqqət
ayırmasıdır.
Azərbaycan.- 2012.- 9 avqust.- S. 2.