Qədim çinarlar şəhərində yenidənqurma
işləri genişlənir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq görülən abadlıq-quruculuq işləri Göyçay şəhərinin də simasını tamamilə dəyişdirib. Qədim çinarlar şəhəri bugünkü müasirliyi və yar-yaraşığı ilə göz oxşayır.
Yeni tikililər, prospekt və küçələrin genişləndirilməsi, yaradılan səliqə-sahman Göyçayın baxımlılığını daha da artırır. Düzdür, şəhərin su-kanalizasiya sisteminin dəyişdirilməsi ilə əlaqədar bəzi yerlərdə səliqə-sahman pozulub, ancaq şəhər sakinləri buna çox anlaşıqlı yanaşırlar. Onlar bu layihənin gerçəkləşdirilməsinin nə qədər vacib və əhəmiyyətli olduğunu yaxşı bilirlər. RİH başçısının Göyçay şəhəri üzrə nümayəndəsi Rəşad Məmmədov bildirdi ki, artıq mövcud ləngimələr aradan qaldırılıb və su-kanalizasiya sisteminin dəyişdirilməsi 2013-cü ilin axırına qədər başa çatdırılmalıdır.
Göyçay şəhərinin 49 küçəsi və 2 məhəlləsi var. Abadlıq-quruculuq işlərini şəhərin hər yerində görmək olar. Heydər Əliyev prospektində yenidənqurma işləri davam edir. Dövlət Bayrağı meydanı tikintisində isə son tamamlama işləri görülür. Ötən ayın 10-da Gənclər Mərkəzi üçün tikiləcək binanın təməli qoyulub.
Beşmərtəbəli və üçmərtəbəli ictimai binaların damı, fasadları dəyişdirilib. Son 4 ildə 40-dan çox ictimai binada yenidənqurma işləri görülüb. 2010-cu ildə şəhər 1 və 5 nömrəli, 2011-ci ildə isə şəhər 3 nömrəli tam orta məktəblərin binaları əsaslı təmir olunub. 5 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə, qalan iki məktəb isə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun təmir edilib. Rayon təhsil şöbəsinin yeni binası, Sosial Müdafiə Mərkəzinin, Pensiya Fondunun binaları da yeni tikililər sırasındadır. Maliyyə şöbəsinin binasında son tamamlama işləri görülür.
May ayında Su-Kanal Törəmə Müəssisəsinin yeni inşa olunmuş binası istifadəyə verilib. Şəhərdəki 12 nömrəli 70 yerlik uşaq bağçası da əsaslı təmirdən sonra öz qapılarını balaca göyçaylıların üzünə açıb.
Uzunmüddətli əsaslı təmir işlərindən sonra şəhər mehmanxanasının istifadəyə verilməsi Göyçayın qonaq-qara qayğılarının həllində mühüm rol oynayır.
Su-kanalizasiya işlərinin başa çatdığı ərazilərdə yolların abadlığına, asfalt döşənməsinə ciddi diqqət yetirilir. Şübhəsiz ki, şəhərdaxili yolların uzunömürlüyünü şərtləndirən amillərdən biri də yolqırağı arxların təmiz saxlanmasıdır.
Söhbət etdiyimiz göyçaylılar görülən işlərdən, həyata keçirilən tədbirlərdən razılıqlarını bildirməklə yanaşı, əmin olduqlarını qeyd etdilər ki, qazlaşdırma ilə bağlı çətinliklər də aradan qaldırılacaq və əhaliyə təbii qazın verilməsi prosesi daha tez başa çatdırılacaq.
Bəli, Göyçay şəhərində mövcud layihələrin icrası davam edir. Bu layihələr tamamlanandan sonra qədim çinarlar yurdunun müasirliyi və gözəlliyi daha da artacaq. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, məqsəd şəhər və rayonlarımızın daha abad, insanlarımızın həyatının daha rahat olmasıdır.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 9 avqust.- S. 3.