Haqsızlığa
ölümü ilə üsyan etdi
Bu da bir repressiya idi...
Deyirlər tarix zaman-zaman təkrar
olunur... XII əsrdə
yaşamış Şərqin ən böyük
filosoflarından biri Şihabəddin Yəhya Sührəvərdinin
(1154-1191) elminə görə hakimlər tərəfindən
təqdir olunduğu, amal və qayəsinə görə isə
öldürüldüyü barədə həqiqəti tarix
öz səhifələrində indiyədək qoruyub
saxlayır. Qəribədir ki, buna bənzər taleyi XX əsrdə
bizim daha bir soydaşımız yaşamalı olub.
1950-ci ildə
azərbaycanlı alim-filosof Heydər Hüseynov o
dövrün ən yüksək mükafatlarından olan Stalin
mükafatına layiq görülüb. Elə həmin ildə
də sözügedən mükafatdan məhrum edilib.
Tamam-kamal, unikal bir əsər yaradan müəllifi bədxahların
gözü götürməyib. Onu məhv etmək
üçün dövrün repressiya silahından istifadə
ediblər. Sovet quruluşunun təzadları, gərginlikləri,
Stalin rejiminin "qanun"ları əslində pambıqla
baş kəsib. Böyük alimi güllələməyiblər.
Onu elə vəziyyətə gətiriblər ki, cavan
ömrünə özü qəsd edibE
Heydər Hüseynov sovet dövründə yaşayıb-yaratmış görkəmli Azərbaycan filosofudur. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olan alim həm də bacarıqlı təşkilatçı, fəal ictimai xadim kimi tanınırdı. İki dəfə - 1948 və 1950-ci illərdə Stalin mükafatına layiq görülmüşdü.
Əslən
qədim Azərbaycan torpağı olan İrəvandan (Yerevan)
idi. Bu şəhərdə 1908-ci il aprelin 3-də tacir
Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində
dünyaya göz açmışdı. Sonbeşik körpənin
sevincini yaşayan ailəyə qəfildən bədbəxtlik
üz verir. Belə ki, Heydər dünyaya gələndən
az sonra atası vəfat edir, altı uşaq anası məşədi
Gülsüm xanımın üstündə yetim qalır.
Dövr,
zəmanə sonralar da bu ailəni çox sınağa
çəkir. 1918-ci ildə Heydərin böyük
qardaşı Yusif erməni dəstələri tərəfindən
öldürülür. Ailə əvvəlcə Batuma, sonra
Stavropola köçür. Nəhayət, anası məşədi
Gülsüm xanım övladları ilə Bakıya gəlib
çıxa bilir. Bu vaxt Heydərin artıq 12 yaşı
vardı. Bakıya köçəndən sonra o, 18 nömrəli
orta məktəbdə oxumağa başlayır.
Tərcümeyi-halı ilə tanış olduqca qısa bir ömür çərçivəsində bu qədər vəzifəyə, elmi rütbəyə, yüksək adlara, mükafatlara necə çatdığına az qala təəccüb edirsən. Belə ki, 1927-1931-ci illərdə Heydər Hüseynov o zaman Leninin adını daşıyan Pedaqoji Universitetin tələbəsi olur. Həm pedaqoji, həm də şərqşünaslıq fakültələrində təhsil alır. 1924-cü ildən əmək fəaliyyətinə başlayır, pedaqoji texnikumun kitabxanasında işləyir.
1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirir. Ali təhsilini başa çatdırdıqdan sonra isə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur.
1936-cı ildə Azərbaycan Xalq Komissarları Soveti yanında təşkil olunmuş Azərbaycan Sovet Ensiklopediyası Komitəsində, daha sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunda işlərkən elmi-tədqiqatları və təşkilatçılıq qabiliyyətilə hər kəsin diqqətini cəlb edir. 1939-1940-cı illərdə onun rəhbərliyi altında bir neçə lüğət hazırlanır. Bunlar "Rusca-azərbaycanca lüğət", "Rusca-azərbaycanca məktəb lüğəti", "Azərbaycanca-rusca izahlı lüğət" idi.
1939-cu ildə "M.F.Axundzadənin fəlsəfi görüşləri" əsərini Tbilisi Universitetinin elmi şurasında müdafiə edir və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır.
1944-cü ildə doktorluq dissertasiyası
müdafiə edir. Elə
həmin ildə də professor elmi adını alır.
Heydər
Hüseynov bu illərdə vəzifə pillələri ilə
də ardıcıl surətdə irəliləyirdi.
1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının sədrinin müavini, 1945-1950-ci illərdə
Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti
olmuşdu. 1943-1945-ci illərdə Azərbaycan Dövlət
Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə
kafedrasına rəhbərlik etmişdi. 1945-1950-ci illərdə
Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsində
çalışmışdı.
Elmi fəaliyyətinə
qısaca nəzər yetirsək görərik ki, Heydər
Hüseynov tarix və fəlsəfə elminin inkişafına
böyük töhfələr verib. O, Azərbaycan tərcümə
məktəbinin əsasını qoyub, ilk azərbaycanca-rusca
və rusca-azərbaycanca lüğətlərini redaktə
edib. Elmi məqalələrinin sayı 100-dən çoxdur.
Bir çox alim, şair və mütəfəkkirlər
haqqında ciddi tədqiqat işləri, araşdırmalar
aparıb. Elmi müzakirələrdəki
çıxışları da sübut etmişdi ki, Heydər
Hüseynov həm Qərb, həm Şərq fəlsəfəsi
sahəsində fenomenal biliyə malik şəxs idi.
H.Hüseynov
doğma Azərbaycan dilinin dərin bilicisi idi. Bununla
yanaşı o, rus dilini də mükəmməl səviyyədə
mənimsəmişdi. Ərəb və fars dillərində
mütaliə edir və sərbəst yazırdı.
Geniş
elmi fəaliyyət göstərən bu alim Elmlər
Akademiyasında işləməklə yanaşı
Marks-Engels-Lenin İnstitutunun (sonralar Partiya Tarixi İnstitutu
adlanırdı) direktoru və Bakı Dövlət
Universitetinin (o zaman ADU idi) fəlsəfə kafedrasının
müdiri vəzifələrində
çalışırdı. O, digər yüksək səviyyəli
mütəxəssislərə başçılıq edərək
dörd cilddən ibarət "Rusca-azərbaycanca lüğət"ini
yaratmışdı. Bu unikal işə görə lüğətçilərlə
birlikdə Stalin mükafatına layiq
görülmüşdü.
H.Hüseynov
Azərbaycanda marksizm-leninizm fəlsəfəsinin görkəmli
tədqiqatçısı və təbliğatçılarından
biri olmuşdur. Onun "Dialektik materializm", "Dialektika və
metofizika", "Marksist dialektik metod" və başqa əsərləri
o zaman Azərbaycan dilində yazılmış ən qiymətli
əsərlərdən sayılırdı. Geniş elmi
ictimai fəaliyyəti, təşəbbüskarlığı
ilə ictimaiyyətin rəğbətini qazanan H.Hüseynov
Kommunist Partiyasına həmişə sədaqətli
olmuşdu. Azərbaycan KP Bakı komitəsinin büro
üzvü olan alim Azərbaycan SSR ikinci
çağırış Ali Sovetinin deputatı
seçilmişdi. O, Yazıçılar
İttifaqının üzvü idi. 1943-cü ildə
çıxan "Azərbaycan ədəbiyyatı
tarixi"nin müqəddiməsində Heydər Hüseynov ədəbiyyatmızın
ən gözəl xüsusiyyətlərini saymaqla
yanaşı, özünün də bu ədəbiyyata məftun
olmasının səbəblərini göstərmişdir. Azərbaycan
ədəbiyyatının nailiyyətləri fəlsəfə
alimini daha çox sevindirirdi. Onun C.Cabbarlının,
S.Vurğunun və başqa yazıçıların
yaradıcılığı haqqında yazdığı məqalələr
bunu aydın sübut edirdi. S.Vurğun
yaradıcılığı ilə
maraqlanan, onun dram əsərlərini yüksək qiymətləndirən
H.Hüseynov xalq şairi haqqında 1942-ci ildə "Vətənpərvər
şair Səməd Vurğun" adlı kitab çap
etdirmişdi. O, Vurğunun dramlarını dərindən təhlil
etmiş, bu əsərlərdəki böyük ideyanı -
xalqa məhəbbəti açıb göstərmişdir.
1945-ci ildə nəşr olunan "Ədəbi qeydlər"
kitabçası Heydər Hüseynovu həm də bir ədəbiyyatşünas
və tənqidçi kimi yaxşı xarakterizə edirdi.
Taleyininmi,
yoxsa yaşadığı dövrün əsən sərt
yellərinin hökmününmü nəticəsi idi ki, Heydər
Hüseynovun ömrü kimi yaradıcılıq illəri də
uzun olmadı. Cəmi iki onillikdən bir az çox dövrdə
elmi fəaliyyətlə məşğul ola bildi. Bu dövrdə
o, yalnız dialektik materializmə aid əsərlər yazmaqla
kifayətlənmədi, Azərbaycanda fəlsəfi və
ictimai fikir tarixini tədqiq etdi. Əsərlərində
Nizaminin ictimai görüşləri, Füzulinin, Bəhmənyarın
fəlsəfəsi öz təhlilini tapdı. Məsələn,
1941-ci ildə Nizaminin "İqbalnamə"sinə
yazdığı müqəddimədə müəllif
böyük şairin humanizminin hansı tarixi-fəlsəfi
köklərdən qaynaqlandığını, tərbiyəvi
əhəmiyyətini göstərmişdir. O yazırdı:
"Nizami yalnız ümumi mənada abstrakt olaraq
götürülmüş azad bir cəmiyyət təsvir
etmir. O, hər şeydən əvvəl, azad insan cəmiyyəti
prinsiplərini şəxsi mülahizəsinə görə
açır. Əməkdə bərabərlik, əldə
edilən məhsulun bölünməsi, sağlamlıq
qaydaları və s. bu kimi prinsipləri irəli sürən
Nizami azadlıq və səadəti insanların öz əlləri
ilə yaradacaqlarına inanmışdır".
Heydər
Hüseynovun tədqiq edilməsi, onun kimliyinin gənc nəslə
çatdırılması yalnız Stalin rejiminin ləğvindən,
vaxtilə haqsız-sübutsuz repressiyaya məruz qalanlar bəraət
qazandıqdan sonra mümkün olub. Bu istiqamətdə ilk addım
alimin ölümündən 15 il sonra atılıb. Belə
ki, "Azərbaycanın elm və mədəniyyət xadimləri"
seriyasından "Heydər Hüseynov - biblioqrafiya"
adlı kiçik bir kitab nəşr olunub.
H.Z.Mahmudov
soyadlı şəxsin tərtib etdiyi bu kitabçada alimin
yaxın dostu, akademik Məmməd Arif Dadaşzadənin onun
haqqında verdiyi məlumat o qədər geniş olmasa da, hər
halda oxucuda, insanlarda düzgün və aydın təsəvvür
yaradır.
Kitabda
Heydər Hüseynovun şəxsiyyətini, xarakterini səciyyələndirən
xüsusiyyətlərini göstərən maraqlı epizodlar
var. M.A.Dadaşzadə yazır: "Çap olunan şey
qalacaqdır" sözlərini təkrar edən H.Hüseynov
nəşriyyat işinə xüsusi əhəmiyyət
verirdi. İstər Elmlər Akademiyasında və istərsə
də Partiya Tarixi İnstitutunda kabinetə girən adamı o,
təzəcə çapdan çıxmış kitablarla
sevindirməyə çalışırdı. Qəhvəyi
cildli kitabı əlinə götürüb iftixarla deyirdi:
"Görürsünüzmü? Leninin bu cildi də
çıxdı. Tərcümə işində respublikalar
içərisində biz qabaqda gedirik... Bax, bu da Üzeyir
Hacıbəyovun "Azərbaycan musiqisinin əsasları"
əsəridir. Xalq musiqisi haqqında misilsiz bir kitabdır.
"Əliağa Şıxlinskinin xatirələrini"
oxumusunuzmu?.." H.Hüseynov meydana çıxan hər bir
yeni elmi əsərə ürəkdən sevinirdi. Nizami
poemalarının elmi-tənqidi mətnlərinin, onun
haqqında yazılan tədqiqat əsərlərinin, Azərbaycan
ədəbiyyatı tarixinə aid kitabların, Üzeyir
Hacıbəylinin "Koroğlu" operasının, Səməd
Vurğunun "Vaqif" dramının meydana
çıxmasını H.Hüseynov xalqın mənəvi həyatında
böyük bir bayram kimi qarşılayırdı.
Görkəmli
alim ixtisasca filosof idi. M.F.Axundzadənin fəlsəfi
görüşlərinə aid namizədlik dissertasiyası
böyük mütəfəkkirin fəlsəfəsi
haqqında sovet dövründə yazılmış ilk və
böyük əhəmiyyət kəsb edən əsər
idi. Cavan alim Mirzə Fətəlinin materialist
görüşlərinin formalaşmasına təsir edən
amilləri, onun fəlsəfi fikirlərinin mahiyyətini
açmışdır.
Heydər
Hüseynovun həyatını əks etdirən sözügedən
kitabdan sonra onun adı tez-tez çəkilməyə
başlayır.
Xalqımızın
elm, ədəbiyyat, incəsənət və s. sahələrdə
böyük işlər görmüş
övladlarını yüksək qiymətləndirən ulu
öndər Heydər Əliyev akademik Heydər Hüseynovun da
xatirəsinə ehtiramla yanaşmışdır. 1998-ci ildə
görkəmli alimin 90 illiyi ümummilli liderin
imzaladığı sərəncama əsasən təntənəli
surətdə qeyd olunmuşdur.
Elə həmin
il Heydər Hüseynovun həyatı haqqında vaxtilə tələbəsi
olmuş Sabir Əsədovun geniş həcmli kitabı
çapdan çıxmışdır. Bu kitabda böyük
alimin çoxlarına yaxşı məlum olmayan həyat və
yaradıcılığı barədə geniş məlumat
verilmişdir, ömrünün ayrı-ayrı məqamları
işıqlandırılmışdır.
Müasirlərinin öz xatirələrində qeyd etdiklərinə görə, o zaman Azərbaycanın rəhbəri olan Mircəfər Bağırov əvvəllər Heydər Hüseynova xeyirxah münasibət bəsləyirmiş. O, vəzifə pilləsi ilə yüksəldikcə qarşısında maneələrin olmaması da bu münasibətdən qaynaqlanırmış. 1945-ci ildə respublikada Elmlər Akademiyası yaradılanda ilk akademiklərin sırasında 37 yaşlı bu alimin də olmasına, hətta akademiyanın vitse-prezidenti vəzifəsinə irəli çəkilməsinə etiraz etməmiş, əksinə, razılığını bildirmişdi. Deyilənlərə görə, o zaman təntənəli iclasların birində Heydər Hüseynovun etdiyi məruzə M.Bağırovun xüsusilə xoşuna gəlmişdi. "Bu, Mərkəzi Komitənin təbliğat üzrə katibinin yerinə hazırdır!", demişdi. Heydər Hüseynova qarşı qibtə, qısqanclıq, düşmənçilik kampaniyası da məhz bu hadisədən sonra başlanmışdır. Onu Bağırovun gözündən salmağa cəhdlər etmişlər.
Bir neçə il sonra Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabını yazır. Bu kitab ona həyatı bahasına başa gəlir.
Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Azərbaycan dilində isə ilk dəfə 2006-cı ildə nəşr olunmuşdur. Kitabın redaktoru, akademik Aleksandr Makovelski (1884-1969) "Redaktorun ön sözü" adlı yazısında bu əsəri "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirmiş və öz münasibətini bildirmişdir.
"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" böyük həcmli, 733 səhifəlik fundamental bir əsərdir. Bu, həqiqətən də müəllifin gərgin axtarışlarının bəhrəsi kimi meydana gəlmişdi. Belə ki, burada XIX əsrdə xalqımızın görkəmli elm və mədəniyyət xadimlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin ictimai fəaliyyəti, dünyagörüşü, yaradıcılığı, irsi haqqında geniş bəhs olunur. Bununla belə əsərdə XIX əsrdən əvvəlki dövrlərə də yer verilir. Müəllif Azərbaycan xalqının hələ qədim zamanlardan bəşəriyyətə elm və mədəniyyət dühaları bəxş etdiyini vurğulayır. Bu insanların yaratdığı əsərlərin dünya elminə və mədəniyyətinə bir töhfə olduğunu söyləyir.
O zaman əsər təkcə Azərbaycanın deyil, bütün SSRİ alimlərinin diqqətini cəlb etmişdi. Məsələn, şərqşünas-alim, akademik İ.Kraçkovski yazırdı: "Mən sizin bu əsərinizlə daha çox maraqlanıram, mənim bu marağım yalnız əsərinizin əsas mövzusuna görə deyil, həm də ona görədir ki, burada bizim XIX əsrdə şərqşünaslıq tariximizin bir çox məsələləri qeyd edilmişdir".
"XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" monoqrafiyası nəşr olunduqdan sonra müəllif ənənəyə görə və ürəyinin istəyi ilə kitabını dostlarına bağışlayır. Bir nüsxə də o vaxt SSRİ Yazıçılar İttifaqının sədri olan Aleksandr Fadeyevə hədiyyə edilir. Xatırladaq ki, kitab SSRİ-də hamının başa düşməsi məqsədilə rus dilində yazılmışdı. Fadeyev bu əsəri çox bəyənir və onu Stalin mükafatına təqdim edir. Mükafat öz sahibini tapır.
Bu hadisə Bağırova başqa rakursdan təqdim olunur. Guya Hüseynovun artıq gözü ayağının altını görmür, özündən çox razıdır və Bağırovu zərrə qədər də saymadan onun başı üstündən kitabını mükafata təqdim etdirib. Əlbəttə, məqsəd aydın idi və bədxahların bəd niyyəti isə bu zaman çox təəssüf ki, baş tutur.
"Etibarlı" mütəxəssislərdən ibarət qrup yaradılır. Onlara tapşırılır ki, necə olursa-olsun kitabda ideoloji "səhvlər" tapılsın. Kitabın siyasi baxımdan ziyanlı olduğu sübut edilsin.
Bəs əsl həqiqət necə idi?
"Etibarlı" mütəxəssislər hansı
doğrunu yalan kimi qələmə verəcəkdilər? Azərbaycan
Yazıçılar Birliyinin üzvü, vaxtilə Heydər
Hüseynovla birlikdə işləmiş və dostluq etmiş
İmran Seyidov bu məsələyə belə aydınlıq
gətirir: "H.Hüseynovun monoqrafiyasının fəsillərindən
biri böyük şərqşünas, Peterburq İmperator
Universitetinin professoru, bir çox xarici elmi cəmiyyətlərin
fəxri üzvü Mirzə Kazımbəyə həsr
olunmuşdu. Bu fəsildə
çoxlu təzə və az məlum olan material var idi. Dərin
və hərtərəfli alim olan M.Kazımbəy öz əsərlərindən
birini Şamilə və müridizmə həsr edərək
onları müsbət baxımdan səciyyələndirmişdi.
H.Hüseynov monoqrafiyada M.Kazımbəyin bu əsərinə
rəğbətlə yanaşmış və onun təhlilinə
iki səhifəyədək yer vermişdi. Məhz bu məqam
H.Hüseynovun taleyini həll etmişdi. Mirzə Kazımbəy
Şamili çar mütləqiyyətinə qarşı
dağlıların azadlıq mübarizəsinin qəhrəmanı
və başçısı kimi qiymətləndirmişdi. Həmin
dövrün bütün tarix nəşrlərinin və hətta
orta məktəb dərsliklərinin səhifələrində
Şamil məhz bu cür təqdim olunmuşdu. Lakin bu, əlbəttə,
"regional hökmdar" Bağırovu dayandıra bilməzdi.
O, "tarixçilər" və "filosoflar"
sırasından "xidmət göstərən"
yoldaşlarının köməyi ilə bədnam elmi məqalə
yazdırıb dərc etdirərək tarixi faktlara və
sanballı elmi dəlil-sübutlara məhəl qoymadan
Şamili guya sultan Türkiyəsinin təhriki ilə Rusiyaya və
rus xalqına qarşı mübarizə aparmış
"Türkiyə casusu" elan etdi. Təbii ki, belə bir
"xoşagəlməz" şəxsi
"dağlıların azadlıq mübarizəsinin qəhrəmanı"
elan etmiş şəxs mükafatlandırılmalı deyil,
ciddi surətdə pislənməli və cəzalandırılmalı
idi".
Məlum
olduğu kimi, 1950-ci il iyunun 14-də keçirilmiş "Azərbaycan
ziyalılarının növbəti vəzifələri
haqqında" müşavirə əslində akademik Heydər
Hüseynovun məsələsinə həsr olunmuşdu. Bu
müşavirədə MK-nın birinci katibinin 8 qəzet səhifəsini
tutan məruzəsinin yarıdan çoxu onun kitabından bəhs
edirdi. Daha doğrusu, məruzənin ikinci bölməsi
"Tarix məsələlərinin
işıqlandırılmasında ciddi səhvlər
haqqında" adlanırdı. Məruzəçi birbaşa
mətləbə keçərək akademikin kitabını
misal gətirərək respublikada fəlsəfə sahəsində
vəziyyətin heç də yaxşı
olmadığını göstərdiyini deyir:
"H.Hüseynovun kitabı marksizm nöqteyi-nəzərindən
zərərlidir. Burada Azərbaycanda ictimai fikir tarixinin
işıqlandırılmasında kobud siyasi və nəzəri
səhvlərə yol verilmişdir. Hüseynov Azərbaycanın
ayrı-ayrı mütəfəkkirlərinin bu və ya digər
idealist, mürtəce fikirlərini öz kitabında verərkən
bunları marksizm-leninizm nöqteyi-nəzərindən təhlil
etmir, onları tənqid etmir, həmin fikrə şərik
olur və onları təbliğ edir".
Son məqsədin Heydər Hüseynovu sıradan çıxarmaq (əvvəlcə mənən, sonra da yəqin ki, fiziki cəhətdən) olduğunu daha aydın göstərmək üçün Mircəfər Bağırovun məruzəsindən bir parçaya da diqqət yetirək: "Bəzi tarixçilərin iddia etdiklərinə baxmayaraq, Şamil xalq tərəfindən imam seçilməmişdi. Şamilin katibi Hacı Əli öz xatirələrində yazır ki, Şamili "ağsaqqal üləmalar və mötəbər şəxslər məclisi", yəni mürtəce müsəlman nümayəndələri imam seçmişlər. Şamilin başçılıq etdiyi müridlər xalqdan ayrılmışdılar və xalqın əleyhinə idilər. Məhz buna görə də onlar xalq kütlələrinə qarşı zorakılıq və təcavüzkarlıq edirdilər. Müridizm imamın başçılığı ilə xırda bir qrup müridlərin Dağıstan kəndliləri kütləsi üzərində hökmranlığı idi".
Müridizmin bu "tərif"i ilə Bağırovu Heydər Hüseynovun düşmənləri tanış etmişdilər. Məruzə başdan-başa bir-birinə zidd fikirlərlə dolu idi.
Hamımız yaxşı bilirik ki, Böyük Sovet Ensiklopediyasında, bütün orta və ali məktəb dərsliklərində, tarixə aid digər ədəbiyyatlarda Şamil hərəkatı mütərəqqi hərəkat, xalq azadlıq hərəkatı kimi qiymətləndirilir. Kitabında bu barədə heç bir səhvə yol verməyən, ümumiyyətlə, sovet dövləti və kommunist partiyası qarşısında heç bir günahı olmayan (əksinə, xidmətləri olan) alimin ləkələnməsinin səbəbi şərhsiz də məlumdur. Vəziyyət getdikcə gərginləşir. "Məşhur" müşavirədən dərhal sonra respublikanın bütün elmi idarələrində, yaradıcılıq ittifaqlarında Mircəfər Bağırovun məruzəsinin müzakirəsi təşkil edilir. Dünənə qədər akademikin qarşısında milyon dəfə baş əyən, məddahlıq edən insanlar ona hücuma keçirlər. Şər, böhtan xarakterli, elmi cəhətdən araşdırılmamış faktlarla fəlsəfə elmləri doktorunu, akademiki marksizm-leninizm nəzəriyyəsini bilməməkdə, pantürkizm ideyalarını yaymaqda ittiham edirlər. Beləliklə, kitabının dördüncü fəslində Mirzə Kazımbəyin bir əsərini - "Şamil və müridizm" əsərinin adı çəkildiyi üçün görkəmli elm fədaisi Heydər Hüseynovun taleyi faciə ilə sona yetir.
Böyük alimə qarşı təklif olunan cəza həyata keçirilir. Özü də bu, ağlagəlməyən, misli görünməyən bir cəza olur. Heydər Hüseynovu aldığı Stalin mükafatından məhrum edirlər. Kitabını qüsurlu və zərərli sayaraq "damğalayır", belə sərt bir nəticə çıxarırlar. Artıq əsrin 50-ci illəri başlansa da, bu elə 37-nin bənzər forma və məzmunda davamı idi.
Bununla da sakitləşməyib H.Hüseynovu Marks-Engels-Lenin İnstitutundakı vəzifəsindən azad edirlər. Belə ki, "o, səhər iş otağına daxil olduqda direktor stolunun arxasında müavininin oturduğunu görür. Müavin dinib bu məsələnin "ora"dan, yəni MK-dan tapşırıldığını izah etməmişdən qabaq da Heydər Hüseynov mətləbi olduğu kimi anlayır. Oradan akademiyaya gəlir və ona göstərilən təzyiqlərə, gələcəkdə baş verəcək cəzalara bəri başdan etiraz olaraq intihar etmək qərarını verir, hər iki biləyində damarlarını kəsir...".
O zaman
alimi həyata qaytarmaq mümkün olur. Lakin təzyiqlər
bundan sonra da səngimək bilmir. Heydər Hüseynovun
özünə qəsd etməsini "yuxarılar"
özbaşınalıq, itaətsizlik, onlara qarşı
etiraz notu kimi qəbul edirlər. Buna görə də cəza
maşını hərəkətini dayandırmır.
Təsadüfi deyil ki, filarmoniyanın yay salonunda "şəhər ziyalılarının yığıncağı" adı altında keçirilən ifşa tədbirinə H.Hüseynova yaxın olan insanlar da dəvət edilir. "Yuxarı"nın tapşırığı ilə onlar bir-bir növbə ilə öz dost və həmkarlarının ardınca danışır, onun özünü və kitabını böhtanlayırlar. Bu, Bağırova çox xoş gəlir. O vaxt Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadəyə söz verilir. Natiq mətləbdən uzaqlaşmaq məqsədilə rəhbərlik etdiyi elmi müəssisənin iş-gücündən, problemlərindən danışmağa başlayır. Bağırov məsələni dərhal başa düşərək onun sözünü yarımçıq kəsir və deyir: "Sən Türkiyə casususan. Sən Heydər Hüseynovdan da pissən!..".
O dövrün "qanun"larına görə "Türkiyə casusu" kimi qələmə verilən şəxsi son dərəcə ağır cəza gözləyirdi. Amma xoşbəxtlikdən Məmməd Arifə bir qədər yüngül cəza tətbiq edilir: cəmi bir neçə gündən sonra onun partiya biletini əlindən alıb direktor vəzifəsindən azad edirlər.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü akademik Aleksandr Makovelski, yəni kitabın redaktoru Fəlsəfə İnstitutunun direktoru vəzifəsindən götürülür.
Əvəzində isə H.Hüseynovu pisləyənlər yeni vəzifələrlə mükafatlandırılırlar.
Heydər Hüseynov hələ çox perspektivlər vəd edən bir alim idi. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov "Fəlsəfi fikrimiz: ona laqeyd qalmaq olmaz" məqaləsində yazır: "Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi...".
Tədqiqatçı Adıgözəl Məmmədov isə belə yazır: "Yaradıcı şəxs o hala çata bilər ki, onda suisid (intihar) baş versin. Bu mənada Heydər Hüseynovun ölümü buna bariz nümunədir. Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi. Ancaq o, bu girovluqdan çıxmaq üçün cəhd edirdi. Geneoloji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi...
Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi. Nəticədə bir dəfə şah damarını kəsdi, akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapdılar. Dəfnini tez-tələsik həyata keçirdilər. Dəfnində cəmi bir neçə nəfər iştirak edirdi".
İntihar etmək dini baxımdan günah sayılır. Yaradanın verdiyi canı yalnız özü ala bilər, verdiyi ömrü nə vaxt istəsə özü kəsə bilər.
Elm, təbabət intiharı acizlik, gücsüzlük, mübarizə apara bilməmək, hətta xəstəlik kimi xarakterizə edir.
Böyük istedada malik insanların intiharı isə elmə, mədəniyyətə, incəsənətə, yəni bu sahələrin hansına mənsubdursa, məhz ona ağır zərbədir. Belə məntiqi nəticə çıxır ki, belələri intihar edərkən öz istedadlarını xalqdan əsirgəyir, Vətəni onların gələcək xidmətlərindən alacağı bəhrələrdən məhrum edirlər...
Heydər
Hüseynov da intihar etmişdi. Lakin onun intiharı söylənilən
motivlərin heç biri ilə səciyyələnmirdi. Əvvəla,
Heydər Hüseynov filosof idi, həyat qanunlarını yaxşı
bilirdi. Həm də "Allah adamları"nın ailəsində
böyümüşdü. Onun babası kərbalayi idi,
atası Həcc ziyarətinə getmiş, anası məşədi
xanım olmuşdu və o, bilməmiş deyildi ki, intihar
böyük günahdır.
Heydər
Hüseynovun özünə qəsd etməsi acizlik də
deyildi. Çünki bu qədər zəhmətə
qatlaşıb tədqiqatlar, araşdırmalar aparan, əziyyət
çəkib əsərlər yazan alim iradəcə zəif
ola bilməzdi.
Nəhayət,
Heydər Hüseynov hələ uzun illər öz xalqına və
Vətəninə xidmət etmək istəyində,
amalında idi. Lakin onu bu arzularını həyata keçirməyə
qoymadılar.
Odur ki, bu
intihar əslində bir üsyan idi, bir etiraz idi. Boyun əyməmək,
alçalmamaq, bəlkə də dünyadan namərd əli
ilə köçməmək qərarı idi!
...Vəzifədən
çıxarılandan, mükafatı əlindən
alınandan sonra doğmaları Heydər Hüseynovu bağa
aparıblarmış. Deyilənə görə, köhnə
tanışları, həmkarları onu görəndə
özlərini görməməzliyə vurar, yanından səssizcə,
salamsız ötüb keçərlərmiş. Ancaq tarix, qədirbilən Azərbaycan xalqı, elmimiz onun
adının üstündən keçməyib.
Doğrudur,
Heydər Hüseynov 42 yaşında yaradıcılıq
qüvvəsinin çiçəkləndiyi bir vaxtda həyatdan
köçdü. O, qısa ömrü ərzində
çox iş görmüşdü, ancaq daha böyük
işlər görə bilərdi. Bununla belə, amansız
rejimin, uğursuz taleyin ona macal verdiyi qədər
yazıb-yaratdıqları nəsillərə gərəkdir, əvəzsiz
bir yadigardır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2012.- 9 avqust.- S. 4.