Qriqori Karasin: Rusiya Azərbaycanla Ermənistanın mövqelərinin yaxınlaşması üçün nə mümkündürsə edir

 

Rusiya özünün Bakı və Yerevanla münasibətlərini yüksək qiymətləndirir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində tərəflərin mövqelərinin yaxınlaşması üçün mümkün olan hər işi ədalətlə və vicdanla yerinə yetirir.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin bu sözləri "Qolos Rossii" radiostansiyasına verdiyi müsahibədə söyləmişdir.

Onun fikrincə, hədsiz dərəcədə mürəkkəb və dolaşıq olan bu məsələnin öz tarixi kökləri vardır və danışıqların indiki mərhələsində bütün səyləri əvvəlki kimi ATƏT-in Minsk qrupu üzərində cəmləşdirmək lazımdır, çünki münaqişənin həllinə dair danışıqlar bu qrup çərçivəsində aparılır. Q.Karasin xüsusi vurğulamışdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri çox vicdanla, mütəmadi olaraq regiona səfərlər edir, həm Ermənistanın, həm də Azərbaycanın liderləri ilə görüşür, gələcək sənədlər üçün məqbul formullar tapmaqda onlara kömək edirlər.

Nazir müavinin fikrincə, Rusiyanın rəhbərliyi bu fəaliyyəti hərtərəfli dəstəkləyir, onun tezliklə konkret nəticə verəcəyinə inanır və ümid edir ki, 2012-2013-cü illərdə biz, hər halda, müəyyən irəliləyişə nail ola biləcəyik.

 

 

Asya Hacızadə

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 4.