Ərdağında
mərd izi
Yaxud soyuq səngərdə odlu lalə
Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmovun şəhidlik zirvəsinə çatdığı gündən 20 il ötür. Məzahiri cəbhə bölgəsinə heç kəs çağırmamış və heç kəs göndərməmişdi. O, mənfur qonşularımızın ələ keçirməyə can atdığı torpaqlarımızın, müdafiəyə ehtiyacı olan ellərimizin harayına öz qəlbinin çağırışı ilə getmişdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan, sərhəd bölgələrində ilk atəş səsləri eşidiləndən Məzahir rahatlığını itirmişdi. Dövlət Mətbuat Komitəsində (sonralar Mətbuat və İnformasiya Nazirliyi oldu) kitab ticarəti və xarici iqtisadi əlaqələr şöbəsinin aparıcı mütəxəssisi kimi işi-gücü çox olsa da, gecəli-gündüzlü fikrindəki onlar idi - düşmənlə üz-üzə dayanan ellər.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı kimi üzərində işlədiyi "İnsan psixikasının bütövlüyü" mövzusunda elmi işindən də sanki birdən-birə əli soyumuşdu. Halbuki bu mövzunu dərindən öyrənirdi. Hətta özünün düzəltdiyi kiçik cihaz vasitəsilə insan bədənində cərəyan edən bioprosesləri eksperiment olaraq tədqiq edirdi.
Lakin yaranmış məqamda Məzahir alim qələmini silahla əvəz etmək qərarında idi. Bu zaman o, artıq çılğın bir yeniyetmə də deyildi, hər şeyi ölçüb-biçir və bilirdi ki, döyüşlərə hazırlıqsız getmək olmaz. Gərək fiziki cəhətdən möhkəm olasan, silahı da yaxşı biləsən. Odur ki, müntəzəm olaraq karate məşqlərinə gedirdi. Mütaliəsinin mövzusu da dəyişmişdi. Artıq hərb elminə aid ədəbiyyat oxuyurdu.
Mənfurların Gədəbəyin sərhəd kəndlərini də narahat etməsi, oraya soxulmaq cəhdi Məzahiri hövsələdən lap çıxarmışdı. Doğrudur, o, 1960-cı il martın 2-də Bakı şəhərində anadan olmuşdu. Nizami rayonundakı 32 nömrəli orta məktəbin (indi Məzahir Rüstəmovun adını daşıyır) məzunu idi. Bir il zavodda çalışmış, sonra BDU-nun tarix fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdi. Bir müddət Memarlıq və İnşaat Universitetinin fəlsəfə kafedrasında baş laborant işləmişdi. Mətbuat Komitəsi sonuncu iş yeri oldu.
Dünyaya gözünü şəhərdə açsa da, Azərbaycanın hər guşəsini ürəkdən sevirdi. Məktəb illərində tətilləri, işlədiyi dövrdə isə məzuniyyəti kənddə-kəsəkdə keçərdi. Gədəbəy onun ata-baba yurdu idi. Valideynlərinin - İzzət müəllimin və Rəfiqə xanımın doğma Düz Rəsullu kəndini çox sevirdi.
Məzahirə o yerlərin hər ağacı,
hər daşı tanış və əziz idi. Odur ki, yurd darda olanda dözə
bilmədi. Üstəlik, qəlbindən bir səs də
baş qaldırmışdı: "Mən ziyalı ailəsində
böyümüşəm, professor oğluyam. Dayanmaq qeyrətdən
deyil! Mən orada olmalıyam! Nümunəni mən göstərməliyəm".
Qərarı o qədər qəti idi ki, beşikdə yatan
iki aylıq körpə Təhminəsinin şirin
mışıltıları da onu saxlaya bilmədi. Birbaşa
döyüşlərə yollandı.
Bu zaman Gədəbəyin
qədim zamanlardan Şınıx mahalı adlanan ərazisinin
kəndləri üçün ciddi təhlükə
yaranmışdı. Məzahir buraya gələn kimi rota
komandirinin müavini təyin olundu. Briqada komandiri, polkovnik
Cahangir Rüstəmovun hərbi
tapşırıqlarını layiqincə yerinə yetirməyə
başladı. Bundan əlavə əsgərlərin hərbi
hazırlığının
yaxşılaşdırılması və hərbi biliklərinin
artırılması üçün fəal iş
aparırdı.
1992-ci
ilin avqust ayında ermənilər Şınıxın Mutu-Dərə
kəndinə hücuma keçdilər. Məzahir və
döyüşçüləri Ərdağının ətəyində
yerləşmişdilər. Onun komandirliyi altında kiçik
qoşun dəstələri ermənilərə ciddi
müqavimət göstərirdi. Bununla da Mutu-Dərənin
dinc sakinlərinə kənddən təhlükəsiz yerə
çəkilmək üçün əlverişli imkan
yaranırdı.
Deyilənlərə
görə, bu, qeyri-bərabər bir döyüş olub.
Gözünü qan örtmüş düşmən kəndi
yandırıb. Məzahir son nəfəsinədək
vuruşub, həm də son anadək düşmənə zərbə
endirib.
Sonralar
döyüş dostları söyləyirdi ki, Məzahir bizə
həm hərb elmini, həm də Vətəni sevməyi
öyrədirdi. O, hərbi istehkamlar yaradılmasına ciddi
fikir verirdi. Başkənddə erməni silahlı qüvvələrinin
yerləşdirilməsini dəqiq müşahidə etmək
üçün həmin kəndə yaxın yerlərdə
xüsusi səngərlər qazdırırdı.
Qaradağın belində Məzahirin göstərişi və
iştirakı ilə Başkəndə nəzarət etmək
məqsədilə qazılmış səngər -
müşahidə məntəqəsi indi də bizi igidliklərə
səsləyir.
Məzahir
Rüstəmov ölkə Prezidentinin 5 fevral 1993-cü il
tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb. Xatirəsi
hamı üçün əzizdir. Məzahirin Qəhrəmanlıq
ulduzunu ulu öndər Heydər Əliyev onun anası Rəfiqə
xanıma təqdim etdi. Həyəcanlı anlar yaşandı,
çünki körpə Təhminə
də burada idi... Qəhrəmanların, şəhidlərin
xatirəsini həmişə uca tutan
ümummilli lider növbəti dəfə Şəhidlər
xiyabanında balaca Təhminəyə rast gələndə,
onu ata, baba məhəbbəti ilə qucağına
götürərək bağrına basdı. Beləcə,
tarixə həyatın özünün yaratdığı
bir sənət əsəri yadigar qaldı: ulu öndər,
qucağında da şəhid balası...
İndi Təhminə
21 yaşına çatır. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər
fakültəsində təhsil alır, əlaçı tələbədir.
Atasının vaxtilə yaşadığı evin
qarşısındakı xatirə lövhəsini, 32 nömrəli
orta məktəbdə hər il onun doğum gününün
təntənəli şəkildə qeyd olunduğunu görəndə,
adını daşıyan küçədən keçəndə
qəlbi dağa dönür. Amma ən böyük qürur
belə ata itkisinin acılarını unutdura bilməz...
Hər bahar qatara minib Bakıdan Ərdağının ətəyinə bir ana da gəlir. Oğlunun döyüşdüyü soyuq səngərdə yazağzı boy qaldıran tənha laləni göz yaşları ilə suvarmaq üçün...
Məzahirin Bakıda Şəhidlər xiyabanındakı məzarını, Gədəbəydə rayon mərkəzindəki tunc büstünü isə bütün el-oba, xalq ziyarət edir.
Ruhun şad olsun, qardaş! Səni yaşadan xatirələr və əməllər, büst və barelyeflər, şeirlər və kitablar da çoxdur. Ən böyük yadigarın isə Ərdağında qoyduğun mərdlik izidir. Bu iz bizlərə sənin müqəddəs ruhunun göylərə çəkildiyi anın şahidi olduğu üçün əzizdir. Ən başlıcası, bu iz düşmənə görkdür, göz dağıdır. Çünki meyli həmişə özgə torpağında, gözü özgə ocağında olan o yazıq millət sənin kimi igidlərin təkcə özündən yox, izindən də qorxur. Qaldı ki, sənin son səngərində bitən bağrı odlu laləyə... O da söyləyir ki, sən əbədiyaşarsan. Bu torpaq və onun üstündə bitən çiçəklər kimi!
Flora SADIQLI
Azərbaycan.- 2012.- 9 avqust.- S. 7.