Yenidən görüşmək arzusuyla ayrıldılar...
Dördüncü yaydır ki, dünya musiqiçiləri yurdumuzun gözəl guşəsi olan Qəbələ şəhərində öz festivallarını keçirirlər. Təkcə paytaxtımızın deyil, bölgələrimizin də beynəlxalq tədbirlərə yüksək təşkilatçılıqla ev sahibliyi etməsi artıq sınaqdan çıxıb. Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalının ənənəvi hal alması yurdumuzun bu qədim guşəsini dünyanı musiqi mərkəzinə çevirdi.
İyulun 25-də Qəbələ şəhərindəki "Qafqaz Resorte" hotelinin qarşısındakı parkda Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı tarixə çevrilsə də, o an iştirakçıların keçirdiyi xoş hisslər, unudulmaz anlar hamımıza fərəh gətirdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan mərasimdə UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu. Həmin məktubda əminliklə bildirilirdi ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival ildən-ilə öz beynəlxalq nüfuzunu artıracaq. Həqiqətən də belə oldu. On gündən çox davam edən festival əsl musiqi bayramına çevrildi və mədəniyyət tariximizin mənalı səhifələrindən biri oldu.
Festivalın ilk günü dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi qeyd edildi. Bu tədbirdə iştirak edən məşhur musiqiçi Tamara Sinyavskaya minnətdarlıq etməyə söz tapa bilmirdi. Müslüm sənətinə göstərilən sevgi və ehtiramdan riqqətə gələrək tez-tez bu ifadələri işlədirdi: "Kaş ki Müslüm özü bu yubiley konsertini görəydi".
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının çıxışları maraqla qarşılandı. Festivalın ilk günündə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik musiqiləri səsləndirildi. Festivalın bədii rəhbərlərindən Fərhad Bədəlbəyli ilə Dmitri Yablonskinin fortepiano ilə violonçelin ünsiyyətindən yaratdıqları musiqi (Şuşa ilə əlaqədər) iştirakçıların alqışları ilə qarşılandı. Qəbələdə keçirilən musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən gələn onlarla görkəmli musiqiçi, solist, dirijor məharətlərini göstərdilər. Festivalda Böyük Britaniyadan, Rusiyadan, ABŞ-dan, İtaliyadan, Sloveniyadan, İsveçrədən, Fransadan, Polşadan və digər ölkələrdən təşrif buyuran məşhur ifaçılar və bədii kollektivlər iştirak edirdilər. Festivalın yaddaqalan günlərindən biri də bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı oldu. Azərbaycan Dövlət Simfonik Orkestri xanəndə, tar və kamançanın birgə ifasında bəstəkarın "Şur" simfonik muğamı səsləndirildi. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin layihəsi olan yeni sintez tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Xalq artisti Mənsum İbrahimov, tarzən Elçin Həşimov və kamança çalan Elnur Əhmədov ilk dəfə idi ki, belə bir orkestrin müşayiəti ilə birlikdə "Şur" simfonik muğamını ifa edirdilər. Hər zaman zənginliyi ilə seçilən, insanları heyrətləndirən Azərbaycan muğamı bu dəfə də tamaşaçıları heyran qoydu. Orkestrin dirijoru Yalçın Adıgözəlov idi.
Muğam axşamında isə gənc və istedadlı xanəndələrdən İlkin Əhmədov, Arzu Əliyeva, Ehtiram Hüseynov, tarzən Sahib Paşazadə və kaman ustası Xəyyam Məmmədov bir daha bu milli sərvətimizin gözəlliyini nümayiş etdirdilər. Bir tərəfdə muğam axşamı, digər bir zalda isə kamera musiqisi dinləyicilərə xoş təsir bağışladı. Müxtəlif festivalların iştirakçısı və müsabiqələr laureatları olan gənc pianoçular Nazxanım Dadaşova, Şəhla Süleymanlı, Jalə Rəsulova dünya bəstəkarlarının əsərlərini ifa etdilər.
Festivalın konsert proqramlarından biri də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına həsr olundu. Açıq səma altında keçirilən konsertdə həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri səsləndirildi. Əməkdar incəsənət xadimi Azad Əliyevin və əməkdar müəllim Tofiq Aslanovun dirijorluğu ilə keçirilən konsertdə pianoçular - xalq artistləri Murad Adıgözəlzadə, Murad Hüseynov, əməkdar artist Gülşən Ənnağıyeva, Yeganə Axundova, vokalçılardan - İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə, beynəlxalq müsabiqələr laureatı Afaq Abbasova və əməkdar artist, xanəndə Aygün Bəylərin böyük məharətlə ifa etdikləri musiqi əsərləri gecənin füsunkarlığını daha da artırdı.
Qəbələdə keçirilən konsertlər bir-birindən gözəl və maraqlı olduğundan tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. "Qafqaz Resorte" hotelinin kamera zalında keçirilən "Üç tenor" adlı vokal musiqi axşamı da mərasimin ən yaddaqalan proqramlarından biri oldu. Konsertdə dünya bəstəkarlarının operalarından ariyalar səsləndirildi və bir sıra mahnılar ifa edildi. Səhnədə İtaliyanın R.Leonkovallo adına Musiqi Festivalının və eyniadlı musiqi fondunun rəhbəri Ottavio Palmierinin, həmin ölkənin Musiqi Akademiyasında təhsil alan azərbaycanlı Azər Rzazadənin, beynəlxalq müsabiqələr iştirakçısı Adil Axundovun və digərlərinin iştirakı ilə Azərbaycan və İtaliya musiqiləri səsləndirildi.
Qəbələ IV Beynəlxalq Musiqi Festivalının üçüncü yubiley konserti dahi dirijor və bəstəkar Niyazinin 100 illik yubileyinə həsr olundu. Azərbaycanda musiqi mədəniyyətinin təşəkkülü, inkişafı və təbliğində müstəsna rol oynamış bu böyük sənətkarın yubileyində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu. Məktubda deyilirdi: "ECəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etmiş və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdiE Qəbələdə Beynəlxalq musiqi festivalının keçirilməsi ilə ölkəmizdə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulmuşdur". Sonra London Royal Filarmonik Orkestrinin solistləri, eləcə də Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, beynəlxalq müsabiqə və festivallar iştirakçısı Fuad İbrahimovun və başqalarının iştirakı ilə tamaşaçılara maraqlı konsert proqramı təqdim olundu. Dünyada məşhur olan bu orkestrə bədii rəhbərliyi və baş dirijorluğu 40-dan çox beynəlxalq mükafatlar sahibi olan isveçrəli Şari Dütuadi edirdi.
Festivalın ayrı-ayrı günlərində müxtəlif bəstəkarların əsərlərindən ibarət konsert proqramı keçirildi. İtaliyadan gəlmiş vokalist Ottavio Palmieri mətbuata verdiyi müsahibələrinin birində öz təəssüratını belə dilə gətirdi: "Auditoriya bizi çox isti və açıq qəlblə qarşıladı. Dünya şöhrətli musiqiçilər öz ifaları ilə festivala xüsusi ovqat gətirdilər. Paytaxtdan xeyli uzaq əyalətdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsi məni valeh etdi. Mən bu musiqiçiləri bir araya gətirərək belə bir beynəlxalq bayram təşkil edənlərə razılığımı bildirirəm".
İyulun son günündə dünyanın ən məşhur musiqi kollektivlərindən sayılan London Royal Filarmonik Orkestrinin üçüncü konserti daha da möhtəşəm oldu. Açıq səhnədə təşkil edilən bu proqramda Avropanın tanınmış musiqiçiləri XIX əsrin dahi rus bəstəkarı Pyotr Çaykovskinin simfonik əsərlərini təqdim etdilər. Moskva Dövlət Konservatoriyasının təmsilçisi, rusiyalı pianoçu Andrey Yaroşinski ikinci dəfədir ki, bu festivalda iştirak etdiyini söylədi. Onu ən çox valeh edən azərbaycanlıların səmimiliyi və qonaqpərvərliyi idi. Beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirən qonaq bildirmişdir ki, füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində təmiz havada belə gözəl musiqi bayramının keçirilməsi həqiqətən çox möhtəşəmdir.
Avqustun ilk günlərində musiqi festivalı çərçivəsində Azərbaycan və dünya klassik musiqisini yüksək səviyyədə təbliğ etmək üçün "Moskva Solistləri" Kamera Orkestrinin çıxışları dinlənildi. Diqqətçəkən məqamlardan biri də budur ki, həmin Kamera Orkestri Rusiyanın xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün yazdığı "Xocalı" matəm musiqisini təqdim etdi. İlk dəfə səslənən və peşəkarcasına ifa edilən bu musiqi əsərini tamaşaçılar çox diqqətlə dinlədilər. Ermənilər tərəfindən millətimizə qarşı törədilən soyqırımın musiqi ilə ifası təsirli alınmışdı. Festivalın bədii rəhbərlərindən biri, xalq artisti Fərhad Bədəlbəyli bu əsərlə bağlı öz fikrini belə bildirdi: "Xocalı" matəm musiqisi gələcəkdə dünyanın bir çox ölkəsində səsləndiriləcəkdir. Vacib deyil ki, bu əsər bütöv bir orkestrlə ifa edilsin. Bunu məhdud musiqi alətləri ilə də istənilən yerdə ifa etmək mümkündür. Mən özüm qarabağlıyam. Şuşada anadan olmuşam. Lakin ermənilər həmin torpaqları işğal etdiyi üçün mən indi öz doğma şəhərimə gedə bilmirəm. Çox təəssüf ki, bəzi dövlətlər bölgədə sülhün bərqərar olunmasına deyil, hələ də milli ədavəti qızışdırmağa çalışırlar. Biz musiqiçilər bunun əleyhinəyik. Müharibəyə, göz yaşlarına son qoyulmasını istəyirik".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva bildirir ki, Azərbaycanda bütün janrlardan ibarət beynəlxalq musiqi şəbəkəsi yaranıb. Bu gün Azərbaycan beynəlxalq musiqi festivallarının keçirildiyi bir məkandır. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə bu cür tədbirlərin yüksək səviyyədə təşkili həyatın reallığına çevrilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı, nəhayət, başa çatdı. Bu festivalın təsiri o qədər yaddaqalan oldu ki, ondan ayrılmaq iştirakçılara çətin gəlirdi. Bir məsələ də vurğulandı ki, növbəti ildə Qəbələ festivalının beşillik yubileyi keçiriləcək. Həmin təntənəli günlərə yaxşı və mükəmməl hazırlaşmaq üçün ayrılığın olması labüd idi.
Festivalın uğurla başa çatması münasibətilə təşkil edilən ziyafətdə gənc istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi, əməkdar artist İsfar Sarabskinin ifası dinlənildi.
Bir məsələni də qeyd edək ki, Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları heç də bitib-tükənmir. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, bu ilin sentyabrında Bakıda Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi, oktyabrda Bakı Caz, dekabrda M.Rastropoviç adına Beynəlxalq musiqi festivalları, sonra isə vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi keçiriləcək. Növbəti ildə isə bizi yenidən Beynəlxalq muğam və Qara Qarayev adına Beynəlxalq müasir musiqi festivalları gözləyir.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 9 avqust.- S. 7.