Londonda daha bir qələbə
Güləşçi
Mariya Stadnik ölkəmizə
ikinci gümüş
medalı qazandırdı
Bütün dünyanın böyük maraqla izlədiyi XXX Yay Olimpiya Oyunlarının başa çatmasına üç gün qalır. İdman həvəskarlarının həyəcanı isə artmaqdadır. Azərbaycanda da hamı Londondan xoş xəbər eşitmək ümidi ilə yarışları izləyir.
Nəhayət, Britaniya paytaxtından daha bir xoş xəbər gəldi. Rövşən Bayramovdan sonra daha bir idmançımız, güləşçi Mariya Stadnik gümüş medal qazanmaqla xalqımızı sevindirdi.
Dörd il əvvəl Pekin Olimpiadasında bürünc medal qazanmış Mariya builki Oyunlarda 48 kq çəki dərəcəsində qüvvəsini sınadı. Güləşçimiz ilk mərhələdən azad olduğuna görə mübarizəyə 1/8 finaldan başladı və burada Lonq Çunla (ABŞ) qarşılaşdı. Təmsilçimiz hər iki hissədə rəqibindən üstün oldu. Belə ki, Mariya ilk hissədə 2:0, ardınca isə 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı.
Sonra Stadnik yarımfinala gedən yolda polşalı İvona Matkovska ilə görüşdü. Qarşılaşmanın ilk saniyələrindən təşəbbüsə yiyələnən dünya və Avropa çempionumuz ilk iki dəqiqədə rəqibindən 2 xal aldı. Fiziki çəhətdən çox yaxşı formada olan Stadnik ikinci hissəni də əla keçirdi və 4:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi.
Stadnik bu dəfə Pekin Olimpiadasının bürünc mükafatçısı, ukraynalı İrina Merleni ilə üz-üzə gəldi. Güləşçimiz rəqibinə heç bir şans vermədi. İlk saniyələr kəşfiyyat xarakteri daşısa da, Mariya Merlininin zəif nöqtələrini tez tapdı. Birinci hissədə 1:0 hesabı ilə qələbə qazanan idmançımız növbəti hissədə 3 xal topladı və finala yüksəldi.
Həlledici mərhələdə isə Mariyanın rəqibi yaponiyalı Hitomi Obara oldu. Gərgin mübarizə şəraitində keçmiş görüşün ilk hissəsində təmsilçimiz rəqibinə şans vermədi - 4:0. Amma ikinci hissədə yapon idmançısı bir xal qazanaraq vəziyyəti öz xeyrinə dəyişdirə bildi. Üçüncü hissədə də Obara 2:0 hesabı ilə qələbə qazandı və qızıl medalın sahibi oldu.
Mariya Stadnik 1988-ci il iyunun 3-də Ukraynanın Lvov şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən güləşə maraq göstərən Mariyanı valideynləri idman məktəbinə yazdırmışdır. Yeniyetmə yaşlarından onda böyük potensial olduğunu görən məşqçiləri Mariyanı gələcəyin güləş ulduzu kimi görürdülər. Zaman onların yanılmadıqlarını göstərdi. Hazırda Stadnik dünyanın sayılıb-seçilən qadın güləşçilərindən biridir. Bir faktı da qeyd edək ki, o, həmçinin ilk Olimpiya medalı qazanmış qadın güləşçi kimi ölkəmizin idman tarixinə düşmüşdür.
Karyerası ərzində böyük nailiyyətlər qazanmış Stadnik 2008-ci ildən etibarən bir-birinin ardınca möhtəşəm uğurlara imza ataraq hamının diqqətini cəlb etmişdir. 22 yaşında gənclər arasında Avropa çempionatının qalibi olmuşdur. Bununla yanaşı, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində qitə birinciliyinin qızıl medalına layiq görülmüşdür.
Mariyanın karyerasında ən parlaq qələbə isə 2008-ci ildə Pekin Olimpiadasında qazandığı bürünc medal idi. Daha sonra bu uğurları 2009-cu və 2011-ci illərdə də təkrarlayaraq üçqat Avropa çempionu olmuşdur.
Karyerası ərzində iki dəfə - 2009-cu və 2011-ci illərdə dünya çempionatlarına qatılmışdır. Bunlardan birincisində çempion olmuş, digərində isə gümüş medalla kifayətlənmişdir. İndi isə London Olimpiadasında gözəl çıxış və bunun nəticəsində qazanılmış gümüş medal...
Ümid edirik ki, Mariyanın qazandığı bu uğur ölkəmiz üçün axarıncı olacaq. Bundan sonra digər idmançılarımız da qələbələr qazanaraq xalqımızı sevindirəcəklər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 10 avqust.- S. 1.