Lənkəranda
işlər yaxşı gedir
Lənkəranda böyük canlanma, bayram əhvali-ruhiyyəsi vardı. Rayon əhalisi, əslinə qalsa, bu günə çoxdan hazırlıq görürdü. Şəhərdə təmizlik işləri aparılır, səliqə-sahman yaradılırdı. Ölkə başçısını, ümumilikdə götürdükdə, qonağı qarşılamaq, yola salmaq baxımından burada müsbət təcrübə var. Bu barədə danışarkən "Cənub mirvarisi" kimi şöhrət tapmış diyara ümummilli lider Heydər Əliyevin səfərləri, əhali ilə apardığı səmimi görüşləri yada düşür.
Yaranmış ənənə indi də uğurla davam etdirilir. Son 8 ildə Prezident İlham Əliyev Lənkəranda 8 dəfə səfərdə olub. Hər bir səfər rayon üçün əlamətdar hadisələrlə zəngindir. Bu illər ərzində yeni-yeni müəssisələr inşa olunub, köhnələri yeniləşdirilərək fəaliyyətə başlayıb, neçə-neçə təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verilib, ictimai binalar, yaşayış evləri ucaldılıb, parklar, xiyabanlar, istirahət guşələri salınıb, küçələr asfaltlaşdırılıb, kəndlərə yol çəkilib. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli suya olan ehtiyacını ödəmək üçün tədbirlər həyata keçirilib.
Quruculuq işləri indi də davam etdirilir. 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Lənkəranda bir çox layihələr reallaşdırılıb. Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Hava limanı, Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiyası mərkəzləri, sənaye müəssisələri, istirahət mərkəzləri, mehmanxanalar istifadəyə verilib. İkinci Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə də ardıcıllıqla iş aparılır. Bütün bunların nəticəsi olaraq "Cənub mirvarisi" aydan-aya, ildən-ilə inkişaf edir, daha abad və gözəl olur. Görülən işlər isə hədsiz sevinc yaradır.
Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident İlham Əliyev demişdir ki, bu gün sizinlə yenidən görüşürəm. Mən buna çox şadam. Bu, mənim Prezident kimi Lənkərana səkkizinci səfərimdir. Səkkiz ildə səkkizinci dəfə səfər edirəm və çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl Mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiram əlamətidir.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, kompyuter kursları və virtual sinif vardır. Buradakı elektron kitabxana vasitəsilə dünyanın 45 ölkəsinin müvafiq kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.
Mərkəzdə Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı ulu öndərlə görüşən insanların xatirələri və səs yazıları da onların içərisindədir.
Səfəri çərçivəsində Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin, hotel kompleksinin təməlqoyma mərasimində iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir olunan Lənkəran Sərhəd Dəstəsi Qarnizonu və Bayraq meydanı ilə tanış olmuşdur. Bunlar ölkə başçısının Lənkərana göstərdiyi diqqət və qayğının yeni təzahürüdür. Prezident iyunun 8-də "Lənkəran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sənəddə əsasən 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi üçün ilkin olaraq 4 milyon manat həcmində vəsaitin ayrıldığı göstərilir. Sərəncam rayon əhalisi, xüsusilə adları çəkilən kəndlərin sakinləri tərəfindən böyük sevinclə qarşılanmışdır. Vilvan kənd sakini Musarza Əzimov öz sevinc hisslərini belə ifadə etdi:
- Uzun müddətdən bəri yolumuz bərbad vəziyyətdə idi. Bu yolun üstündə yerləşən üç kəndin əhalisi çox əziyyət çəkirdi. Çala-çuxurlu yolla rayon mərkəzinə gəlib-getmək problemə çevrilmişdi. Sürücülər də maşınlarını belə yolda sürmək istəmirdilər. Yol çəkmək, körpü salmaq dədə-babadan savab iş sayılıb.
Ağsaqqal M.Əzimovun bu sözlərini 20 yaşayış məntəqəsində yaşayan 40 min nəfərin ürək sözləri kimi başa düşmək olar.
Hazırda Lənkəran şəhərində iki mühüm layihə həyata keçirilir. Onlardan biri şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, digəri isə qazlaşdırma ilə bağlıdır. Keçən əsrin 70-ci illərində çəkilən dəmir su boruları istismar müddətini başa vurduğu üçün tez-tez sıradan çıxır. Digər tərəfdən, yerüstü xətt şəhər əhalisinin yalnız 20 faizini içməli su ilə təmin edir. Əhalinin 80 faizi isə özünün qazdığı quyuların suyundan istifadə edir. Yeni layihə başa çatdıqdan sonra Lənkəran şəhərinin, habelə xətt üstündəki yaşayış məntəqələrinin də su problemi həll ediləcəkdir.
Güclü yağışlar zamanı şəhərin əksər küçələrinin, həyətlərin su altında qalması da əhalinin işini çətinləşdirir. Odur ki, qrunt sularının dənizə axıdılması ilə bağlı tədbir görülməsi nəzərdə tutulub.
Şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident rayonun qazlaşdırılması məsələsindən ətraflı danışıb. Hazırda qazlaşdırma ilə bağlı qızğın iş gedir. İndiyə kimi rayonun mərkəzi, liman şəhəri, habelə 8 kənd təbii qaz alırdısa, gələn ilin sonuna kimi daha 93 yaşayış məntəqəsinin 44 min abonentinin evində mavi alov şölələnəcəkdir.
Ölkə başçısı regionlara səfəri zamanı mövcud çətinliklərin, problemlərin həlli ilə bağlı araşdırmalar, təhlillər aparır, onların aradan qaldırılması üçün yerli icra orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin təklif və rəylərini öyrənərək konkret qərar və göstərişlər verir. Prezidentin Lənkərana səfəri zamanı da belə oldu. Dövlət başçısı ictimaiyyət nümayəndələri qarşısında çıxışında belə demişdir: "İcra hakimiyyətinin başçısı və deputatlar yeni məsələlər qaldırdılar ki, əlavə kənd yollarının tikintisinə ehtiyac vardır. Biz bu məsələyə də baxacağıq. Mərkəzi rayon xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir... Əlbəttə ki, bu məsələ də öz həllini tapacaqdır.
Qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək.
Digər infrastruktur layihələri də Lənkəranda ardıcıllıqla icra edilir".
Prezident, həmçinin dövlət proqramları çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da sahibkarlığın inkişaf etdirildiyini, biznes mühitinin yaxşılaşdırıldığını, turizmin inkişafı üçün geniş imkanlar yaradıldığını, 2014-2023-cü illəri əhatə edəcək yeni dövlət proqramına əsasən iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiriləcəyini bildirmişdir.
Prezident Lənkərandan xoş təəssüratlarla ayrılmışdır. Bakıya qayıdan kimi "Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sənəddə həmin tədbirlərin icrası üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması göstərilir.
Son iki ayda Lənkəranın inkişafı üçün iki mühüm sərəncam imzalanıb. Bu, ölkə başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğısını bir daha aydın göstərir. Hər bir lənkəranlı buna hədsiz dərəcədə sevinir, fərəh hissi keçirir.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 10 avqust.- S. 1.