Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair hazırlanmış Dövlət Proqramının ümumi müzakirəsi keçirilmişdir

 

 Avqustun 8-9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ölkə Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli Sərəncamının icrasını həyata keçirmək məqsədilə yaradılan işçi qrupunun yekun iclası keçirilmişdir.

İşçi qrupunun rəhbəri AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçən iclasda Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun fəaliyyəti, dilçiliyin müasir dövrün aktual problemləri ilə əlaqələndirilməsi, ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması və digər məqsədlərlə nəzərdə tutulmuş dövlət proqramının hazırlanmış son variantının ümumi müzakirəsi keçirilmişdir. İclasda bloklar üzrə ümumiləşdirilmiş layihə hər bənd üzrə ayrılıqda təhlil edilərək tamamlama işlərini yekunlaşdırmaq üçün lazımi mütəxəssislərə təqdim edilmişdir.

Dövlət proqramı layihəsinin ən son variantı rəy üçün müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə göndəriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 10 avqust.- S. 1.