Keyfiyyətsiz məhsulların muxtar respublikanın bazarına yol tapmasına imkan verilmir

 

Naxçıvan Muxtar Respublikasının gömrük orqanları altı ayın yekunlarını müzakirə ediblər. Bu məqsədlə muxtar respublikanın Dövlət Gömrük Komitəsində  görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda kollegiya iclası keçirilib. Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açıb. Komitə sədri ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da  ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davaminkişaf etdirilməsi nəticəsində bütün sahələrdə dinamik inkişaf tempinin qorunub saxlanıldığını deyib. Vurğulanıb ki, hərtərəfli inkişaf və tərəqqi ilə müşayiət olunan ötən yarım ildə muxtar respublikanın gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması istiqamətində səylər artırılıb. Dövlət qayğısından səmərəli istifadə, gömrük işinə dair qanunvericilik aktlarının mənimsənilməsi və tətbiqi, işdə məsuliyyət hissinin, nizam-intizamın artırılması yeni-yeni uğurların əldə olunması ilə nəticələnib. Muxtar respublika gömrük orqanları fiskal funksiyanın yerinə yetirilməsi, daxili bazarın qorunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi, yerli istehsal sahələrinin dəstəklənməsi, ixracın stimullaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəlib.

Komitənin maliyyə-tarif şöbəsinin rəisi, gömrük xidməti mayoru Pənah Pənahov 2012-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb. O qeyd edib ki, hesabat dövrü ərzində büdcənin formalaşdırılması üçün müəyyən olunmuş 1 milyon 657 min 350 manata qarşı 6 milyon 615 min 319 manat vəsait toplanılıb. Altı aylıq proqnoz-tapşırıq, demək olar ki, dördqat artıqlaması ilə (399,15 faiz) yerinə yetirilib. Gömrük orqanları tərəfindən bu müddət ərzində büdcəyə köçürülmüş vergirüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,17 faizini təşkil edib. Ümumilikdə toplanmış gömrük ödənişləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 207  min 071 manatya 94,1 faiz çox olub.  Ödənişlərin 50,7 faizi avtonəqliyyat vasitələrinin, 49,3 faizi isə digər malların rəsmiləşdirilməsindən əldə olunub.

Komitənin hüquq-mühafizə fəaliyyəti nəticəsində yarım il ərzində 3 cinayət xarakterli fakt, 173 inzibati xəta faktı aşkar edilib. Cinayət faktlarının üçünarkotik qaçaqmalçılığı ilə bağlı olub.

Daxili bazarın qorunması istiqamətində görülmüş işlər və bu sahədə gömrük orqanları qarşısına qoyulmuş vəzifələrin icra vəziyyətindən danışan komitənin gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru Zaur Bağırov vurğulayıb ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması, yerli istehsal məhsullarının istehsalının artırılması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib.

Hesabat dövründə insanların həyat və sağlamlığının qorunması, əhalinin keyfiyyətli məhsullarla təmin olunması, ərzaq təhlükəsizliyi məsələsinin həlli istiqamətində səylər artırılıb, keyfiyyətsiz qida məhsullarına qarşı mübarizə tədbirləri gücləndirilib. Ümumilikdə cari ilin birinci yarısında idxal istiqamətində gətirilən 90 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsulların muxtar respublika bazarına yol tapmasına imkan verilməyib. Malların 26,3 tonu üzərində istehlak tarixi olmadığından, 20,2 tonu istehlak müddəti bitdiyindən, 4,3 tonu keyfiyyəti müvafiq standartlara cavab vermədiyindən, 2,8 tonu mənşəyi məlum olmadığından, 2,6 tonu əmtəə görünüşü pozulduğundan gömrük sərhədindən keçirilməsinə icazə verilməyib. Altı ay ərzində muxtar respublikaya idxal olunan meyvə-tərəvəz məhsullarının 23,8 tonunda nitritlərin miqdarının normadan artıq olduğu müəyyən edilibgeri qaytarılması təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Cəlil Rüstəmov muxtar respublikada dövlət proqramlarından irəli gələn vəzifələrin bundan sonra da vaxtında və dəqiqliklə yerinə yetirilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, daxili bazarın qorunması, əhalinin keyfiyyətli məhsullarla təminatı istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kollegiya iclasına yekun vuran komitə sədri işdə yol verilmiş nöqsanlara da toxunub. Sonda nizam-intizamın gücləndirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin artırılması, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması ilə bağlı konkret tapşırıqlar verilib.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 10 avqust.- S. 2.