Astaranın turizm potensialı genişdir
Azərbaycanın subtropik zonasında yerləşən Astara rayonu qədim tarixi, zəngin sərvətləri və əsrarəngiz təbiəti ilə seçilən bir bölgədir.
Şərq hissəsində mavi Xəzər dalğalanır, qərb hissəsi isə Talış dağları, həmişəyaşıl, relikt və endemik ağaclarla zəngin meşələrlə əhatə olunub. Zəngin flora və faunası ilə şöhrət tapmış Hirkan qoruğunun çox hissəsi də Astaranın ərazisindədir. Rayonun dağətəyi yerlərində çoxlu sayda mineral sulu, şəfaverici bulaqlar var və onlar daimi, bitib-tükənməyən axarlara malikdir.
Astaradakı qədim mədəni abidələr öz daş yaddaşında bu yerlərin çox önəmli qədim tarixini yaşadır. Abidələrin hamısı ciddi mühafizə olunur.
Rayonumuzda tarixi yerlər, el sənətkarlığı nümunələri, bölgənin özünəməxsus folkloru, adət-ənənələri burada turizmin inkişafı üçün böyük stimuldur. Astaranın mətbəx mədəniyyəti də rəngarəng və özünəməxsus olmaqla həmişə diqqəti cəlb etmişdir.
Bu gün Astara rayonunda fəaliyyət göstərən 4 ulduzlu "Şindan", "Savalan", "Xəzər", "Gömrük", "Abşeron", "Sahil" istirahət mərkəzləri turistləri qəbul edir. Bunlarla yanaşı, Ağ körpü, İstisu, Sım, Siyakü, Telman ərazilərində istirahət guşələri və gözəl çimərliyə malik olan Xəzər sahilində "Relax" firmasının təşəbbüsi ilə tikilmiş turizm istirahət mərkəzi, eləcə də rayonun Şahağac kəndində ailəvi istirahət üçün turizm mərkəzi fəaliyyət göstərir. Rayonda dağ turizminin inkişafı üçün də geniş perspektivlər var.
Astarada turistlərə yüksək xidmətin qöstərilməsi üçün zonalar üzrə 7 turizm marşrutu müəyyən edilmişdir. Bu marşrutlar tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı, eyni zamanda, rayonun nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Qrup halında istirahət edən turistlərə rayonun görkəmli yerlərinə, muzeylərə, tarixi abidə ərazilərinə gəzintilər təşkil olunur.
Rayonda turizmin müxtəlif növlərinin inkişafını təmin etməkdən ötrü lazım olan infrastrukturun yaradılması sahəsində işlərin gedişində müəyyən irəliləyişlər var. Həmçinin turizm marşrutlarına düşən kənd və qəsəbələrin göstəricilərini əks etdirən reklam xarakterli lövhələrin vurulması da həyata keçirilmişdir.
Yay dövründə Astaraya çoxlu sayda turistlər gəlir. Onlar rayonumuzun görməli yerlərinə, tarixi mədəni abidələrinə maraqla baxır, mənalı istirahət edir, bu yerlərdən xoş təəssüratla ayrılırlar.
Şadoğlan BAYRAMOV
Azərbaycan.- 2012.- 10 avqust.- S. 4.