İnfrastruktur layihələri uğurla
icra olunur
Ağsu rayonunda da infrastruktur layihələri uğurla icra olunur. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasının ilk üç ili ərzində rayonla bağlı nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması istiqamətində xeyli iş görülüb. Abadlıq-quruculuq, tikinti-bərpa işləri sayəsində Ağsunun siması tamamilə dəyişib.
Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulmasına və kanalizasiya sisteminin yaradılmasına başlanıb. Magistral su kəmərinin tikintisi üçün 10466 paqonmetr xəndək qazılıb, diametri 355 millimetr olan polietilen borularla 10466 paqonmetr magistral, 110-250 millimetrlik borularla 4676 paqonmetr paylayıcı su kəmərləri çəkilib. 1500 kubmetr su tutan anbarın qazma işləri sona çatdırılaraq drenaj sistemi qurulub və beton qatı döşənib. Digər işlər də uğurla davam edir.
Rayonda sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir ki, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin bir çox istehsal müəssisəsi tikilib istifadəyə verilib. Ağsu şəhəri Heydər Əliyev küçəsinin cənub hissəsinin və X.Natəvan, S.Vurğun küçələrinin tamamilə yenidən qurulması üçün işlər davam edir. Bütün şəhərdə fərdi evlərin, yardımçı tikililərin, xidmət obyektlərinin, ictimai və inzibati binaların ümumi görkəmi müasirləşdirilir, piyada səkiləri salınır. Mişar daşı ilə milli ornamentlə hasarlar tikilir. Müvafiq yerlərdə yaşıllıq zolaqları salınır, gül və bəzək kollarının əkilməsi üçün sahələr ayrılır.
Rayonun Padar kəndində saatda 30 kubmetr qum-çınqıl istehsal edən karxana, Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbar tikilir. Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, "Aqrolizinq" ASC-nin Ağsu rayon filialı üçün istehsalat bazasının, həmçinin onlarla ticarət, məişət və servis xidməti obyektlərinin inşası da davam edir. Rayonun 5 dağ kəndi ilə əlaqəni təmin edən Ağsuçay üzərindəki körpü də bərpa olunur.
Rayonda təhsil ocaqları üçün yeni binaların tikintisinə də diqqət artırılır. 180 yerlik Ləngəbiz, Qəşəd kənd tam orta, 80 şagirdlik Nəmirli ümumi orta məktəb binalarının tikinti işləri öz qaydasında davam edir. Rəhimli kənd tam orta məktəbi üçün 180 şagirdlik yeni binanın tikintisinə hazırlıq görülür - müvafiq torpaq sahəsi ayrılıb və layihələndirmə işləri aparılır.
Çaparlı tam orta və Sanqalan ümumi orta məktəb binalarında cari təmir işləri görülüb.
Rayonda yüksək tezlikli internet xidmətindən
istifadə üçün Qaraqoyunlu və Növcü
kəndlərində 24 portluq, Gəgəli
kəndində 8, Padar və Kalva kəndlərində 48 portluq
DSLAM avadanlığı quraşdırılıb. Pirhəsənli kənd
EATS-in montaj tutumu 24
port, Ərəbuşağı kənd EATS-in montaj tutumu isə 40 port artırılıb. Ümumilikdə rayon üzrə internet xidmətindən
istifadə edən abonentlərin sayı 493-ə
çatıb.
Rayonun peyk avadanlığı ilə
işləyən Rəhimli
və Göydəlləkli
kəndlərinin birləşdirici
xətti fiber-optik kabeli üzərinə keçirilib.
Ağsuda şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması işləri
də davam edir. Şübhəsiz, qazanılan uğurlar
nəzərdə tutulan
tədbirlərin icrasına
marağı daha da artırır. Ağsulular yaxşı bilirlər ki, dövlətin yüksək qayğısı
müqabilində işgüzarlığı
artırmalı və
daha fədakarlıqla
çalışmalıdırlar.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 10 avqust.- S. 4.