Səsi ilə seçilənlər

 

Azərbaycan radio və televiziyasının ilk diktorları sırasında şuşalıların da öz yeri var. Mətbuatda Aydın Qaradağlı haqqında dəfələrlə yazılıb. Onun səsinin vurğunu olanlar çoxdur. Amma heç zaman fərqinə varmamışıq ki, Aydın Qaradağlı haralıdır? Bu yaxınlarda aparılan araşdırmalar nəticəsində rastlaşdığımız faktlar bizi həm heyrətləndirdi, həm də sevindirdi. Bu da təsadüfi deyil. Şuşanın təbiəti səs vergisi, səs ötürücüsü deməkdir. Həqiqətən də Azərbaycan mədəniyyətinin elə sahələri var ki, orada ilkinlik məhz şuşalılara məxsusdur. İlk diktorların sırasında da şuşalıların öndə olması bu fikri yenidən təsdiqlədi. Ənvər Həsənov (Şirinbəyov - repressiya ilə əlaqədar bu soyad dəyişilib) Azərbaycan radiosunun ilk diktorlarından biridir. 1926-1927-ci illərdə işləyib. Aydın Qaradağlı, Nailə Mehdibəyova, Rafiq Hüseynov, Şərqiyyə Hüseynova kimi diktorların isə teleradio tarixində silinməz izləri var.

 

Qaradağlılar

 

Azərbaycanda diktorluq məktəbinin yaradıcılarından, bu ağır və şərəfli sənətin birincilərindən olmuş Aydın Qaradağlı məhz səsi il sevilmiş, bu səsə görə də əbədi yaşamaq hüququ qazanmışdır. O səsin istiliyi çox adamın ürəyində həkk olunaraq Aydının xatirəsini, sevgisini elə möhkəm saxlayıb ki, ölümündən keçən uzun illər də bu şəxsiyyəti unutdura bilməyib.

Burada bir məsələni də xatırlatmağı vacib saydıq. Aydın Qaradağlı Şuşada ad-san qazanmış böyük bir nəslin övladıdır. Onun ulu babalarının hər biri haqqında saatlarla danışmaq və yazmaq olar. Bu nəsildə hansı sənət sahibləri olmayıb - şair, tərcüməçi, filoloq, hərbçi, maarif xadimləri. Atası Çingiz Qaradağlı 1903-cü ildə Şuşada anadan olub. Görkəmli maarif xadimi və aktyor idi. Əvvəlcə Şuşada təhsil alan Çingiz Qaradağlı Pedaqoji İnstitutu bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. Qarabağın bir çox məktəblərində dərs deyən, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışan Çingiz həm də professional səviyyəli həvəskar aktyor idi. O, Şuşa və Ağdam teatrlarında səhnəyə qoyulmuş bir neçə tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Əsas və epizodik rollarda çıxış edib. Xüsusilə də Cəfər Cabbarlının, Hüseyn Cavidin əsərlərində yaratdığı obrazlar dolğun və mükəmməl alınıb. İkinci dünya müharibəsi illərində Çingiz Qaradağlı Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb. Onun oğlu Aydın Qaradağlı isə həm atasının, həm də bədii qiraət sənətinin korifeyi sayılan Kazım Ziyanın ləyaqətli davamçısı oldu.

Şuşalı Çingizin sevimli oğlu Aydın isti bir yay günündə Azərbaycanın dilbər guşəsi Qubada doğulub. Hələ səsinin hansı möcüzəyə sahib olduğundan xəbəri yox idi. Bu səbəbdən də orta təhsilini başa çatdıran kimi gəmiçilik məktəbində oxudu. Amma ara-sıra yoldaşları üçün oxuduğu şeirlər, danışıq qabiliyyəti onu çoxundan fərqləndirirdi. İkinci dünya savaşı təzə başa çatmışdı. Azərbaycan radiosuna natiqlik qabiliyyəti və gözəl diksiyası ilə seçilən diktorlar lazım idi. Elə bu tələbatın nəticəsi olaraq onu dövlət radiosuna diktor vəzifəsinə işə qəbul edəndə Aydının cəmi 17 yaşı vardı. Gəmiçi olmaq istəyirdi. Amma səsinin avarları onu qeyri-adi bir sənətin ümmanına çəkdi. Adi "avar" çəkməkdən kapitan rütbəsinə qədər yüksəldi. İşləyə-işləyə əvvəl teatr məktəbində aktyor təhsili aldı, sonra Azərbaycan Dövlət Teatr İnstitutunda oxudu. Səsi ona ağlagəlməz bir şöhrət və sevgi gətirdi. Azərbaycan diktorları arasında ilk dəfə olaraq əməkdar artist adına layiq görüldü. O, adi diktor da deyildi. Uzun müddət dövlət radiosunda baş rejissor, Proqram baş redaksiyasında baş redaktor vəzifəsində çalışan Aydın Qaradağlı çoxcəhətli yaradıcılığa malik istedadlı sənətkar idi. Hətta onu bəzi filmlərdə baş rolu yaratmaq üçün sınaq çəkilişlərinə dəvət etsələr də, filmin nümayişi zamanı o, özünü görməyib. Bu da taleyin bir qəribəliyidir. Nə qədər istedadlı, sevilən sənətkar olsan da, sanki mütləqdir ki, bir ədalətsizliklə də üzləşəsən.

Yazının əvvəlində söylədik ki, Aydın Qaradağlı Azərbaycan radiosunda işə başlayanda cəmi 17 yaşı vardı. Səslə başlayan mənalı və maraqlı həyatının canlı ömrü 33 il çəkib. Biz onu səsindən tanıyırdıq. İfasında səslənən şeir, hansısa bir mətn çevrilib bir həyat olardı. Bu səsin ahəngindən gözlərimiz qarşısında qəribə mənzərələr açılırdı, ürəyimiz titrəyirdi.

Aydının diksiyası bambaşqa idi. Elə bil Tanrı səs adlı möcüzəni varlığa döndərib canlı yaratmasını ancaq və ancaq Aydın Qaradağlının simasında əks etdirmişdi. Aydından öncə də, ondan sonra da Azərbaycan radiosunun ustad diktorları olub. Soltan Nəcəfov, Fatma Cabbarova, Ramiz Mustafayev, Züleyxa Hacıyeva, Sabutay Quliyev... Bu şəxslərin də Azərbaycan diktorluq sənətinin təşəkkülündə müəyyən xidmətləri var. Amma etiraf edək ki, bu sırada birincilərdən olan Aydın Qaradağlı ulduzları sayrışan əngin səmada ay kimi yeganə idi. Onun yeri həmişə görünməkdədir. Oxuduğu materialların, demək olar ki, əksəriyyəti Azərbaycan radiosunun "Qızıl fond"unda qiymətli inci kimi saxlanılır.

Aydın Qaradağlının səsinin vurğunu olanlar çox idi. Ona el arasında "Azərbaycanın Levitanı" deyirdilər. Xalq şairi Səməd Vurğun isə Aydın Qaradağlını "qızıl səsli sənətkar" adlandırmışdı. Böyük şair həmişə şeir və poemalarını ancaq Aydın Qaradağlıya həvalə edirdi. Radioda işlədiyi illər ərzində müxtəlif yazıçı və şairlərin əsərləri əsasında tərtib olunmuş verilişlərin rejissoru məhz Aydın Qaradağlı olub. Yazıçı və şairlərimizin oxucular tərəfindən sevilməsində onun böyük əməyi var. Aydının səsi tamaşaçını, dinləyicini istər-istəməz oxucuya çevirirdi. Özü ədəbiyyat vurğunu idi. Poeziyanı çox sevirdi. Ona qulaq asanlar da Aydının bu sevgisini təzələyirdilər.

Xalq şairi Məmməd Araz deyərdi ki, Aydının səsində vətən havası, torpaq ətri var. Bizi ilk dəfə sözə yox, səsə diqqət kəsdirən məhz Aydın Qaradağlı olub. Onun səsində nə sirr var idisə, eşidəndə adamın ruhu təzələnirdi, dünya öz rəngini sanki dəyişirdi.

Aydın Qaradağlı oxuduğu mətnə məsuliyyətlə yanaşan, hətta tanış olmadığı materialın ilk cümləsindən onun səsləndirmə tonunu təyin etməyi, dinləyicilərə necə çatdırmağı sövq-təbii duyan bir sənətkar idi. O, adi diktor deyildi, əsl söz xiridarı, daha dəqiq desək, bədii qiraət ustası idi. Bəlkə də buna görədir ki, Aydın Qaradağlının ifasında eşidilən şeirləri sonralar başqa nəfəsdə də dinlədik. Amma o dadı, o effekti duya bilmədik. Aydının səsində nə cazibə var idisə, onu dinləməkdən, eşitməkdən doymaq olmurdu. İndi də hərdən səsini yadigar saxlamış lent yazılarına qulaq asanda adamın ovqatı dəyişir. Mütləq ötənlərə boylanır, gələcək haqqında düşünürsən. C.Cabbarlının məşhur "Ana" şeirini Aydın necə təsirli söyləyərdi. O fəryadlar adamın iliyinə qədər işləyərdi:

 

 Ana! Ana!.. O adın qarşısında bir qul tək,

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əli ilə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi istirahətdir.

 

 Aydın Qaradağlı Azərbaycan mədəniyyətində, əslində, bir məktəb yaradıb. Onun səsini dinləyib yolunu davam etdirənlər hələ də bu cazibədən çıxmayıblar. Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov bu unudulmaz insan barədə belə söyləyir: "Azərbaycanda gözəl səsli diktor çoxdur. Amma Aydın Qaradağlını həmkarlarından fərqləndirən əsas xüsusiyyəti onun səsə bədiilik verməsi idi. Məlahətli səs çoxunda var, amma səsə ürəyin şirəsini qatmaq təkcə Aydında mümkünləşmişdi".

Səslə dərs demək, səslə təsir göstərmək, doğrudan da, böyük qüdrətdir. Şair Tofiq Bayramın belə bir misrası var:

 

Eşidim Aydının məğrur səsində:

 

- Sabah ölüm yoxdur Yer kürəsində.

 

Məğrur səs! Çox gözəl tapıntıdır. Aydın Qaradağlı həqiqətən Azərbaycan diktorluq məktəbinin bir əfsanəsi idi. Maraqlıdır ki, bu unudulmaz insanın ömür-gün dostu da Azərbaycan radiosunun sayılıb-seçilən diktorlarından olub - C.Cabbarlının qardaşı qızı Gültəkin Cabbarlı. Radionun yaşlı dinləyiciləri, yəqin ki, bu sözləri hələ də unutmayıblar: "Mətni oxudu Aydın Qaradağlı", "Verilişi aparırdı Gültəkin Cabbarlı". Hər iki diktor əməkdar artist fəxri adına layiq görülmüşdü. Onların qoşa ömründən yadigar qalmış övladları  - Xanım, Aygül, Vüqar valideynlərinin arzularını yerinə yetirərək bu gün Azərbaycan mədəniyyətinin inkişafında fəaliyyət göstərirlər. Cəmi 50 il ömür sürmüş Aydın Qaradağlı 1980-ci ildə dünyasını dəyişib. Böyük müğənnimiz Bülbülə məxsus qiymətli bir fikir var: "Öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər belə ləzzət alsınlar, sənin dilində oxumağı arzulasınlar".

Bu da taleyin yazısıdır. Cəmi 50 il yaşamış Aydın Qaradağlı əmək fəaliyyətinə çox erkən başlayaraq adını mədəniyyət tariximizə əbədi həkk etdi. O, əslində, Azərbaycan ədəbiyyatının çox yorulmaz təbliğatçılarından, təşviqatçılarından biri idi. Təkcə şeirləri, hekayələri deyil, ən rəsmi mövzuları belə dinləyicilərə böyük məharətlə çatdırırdı. Onun səsinə laqeyd qalmaq mümkün deyildi. Doğrudan da haqlı deyirlər ki, Aydın Qaradağlının ürəyi səsində döyünürdü. Bu səbəbdən də qəlblərə yol tapırdı, könüllərə təsir edirdi, unudulmurdu. Səsi ilə insanları inandırırdı. Səsi ilə təqdim etdiyi hər hansı bir əsəri sevdirirdi. Səsi ilə yaşadırdı və yaşayırdı. Klassiklərimizin şeirləri, xüsusilə də Nizami, Füzuli, Natəvan, Cabbarlı, Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif və digərlərinin şeirləri bu unudulmaz bədii qiraət ustasının nəfəsində yeni ömrünü yaşadı.

Aydın Qaradağlı Azərbaycan boyda məmləkətin sakinlərinin ürəyində Səs adlı bir abidə ucaltdı. O abidəyə həmişə sevgi və məhəbbətlə qəlbimizin bütün duyğularını ərməğan edirik. Aydın Qaradağlı da Səs adlı sərvətimizin ən qiymətli bir incisi idi.

 

Televiziyamızın ilk diktoru

 

Bəlkə də bu gün çox tamaşaçıya bəlli deyil ki, Nailə Mehdibəyova Azərbaycan televiziyasının pionerlərindəndir. Onun babası Mehdi Mehdibəyov dövrünün tanınmış müəllimlərindən sayılıb. Ötən əsrin əvvəllərində Şuşada və Azərbaycanın bir çox başqa bölgələrində ilk maarif çırağı yandıranlardan biri olub. Atası Baxış müəllim də ömrünü pedaqoji fəaliyyətə həsr edib.

O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin son kursunda oxuyurdu. Kimyaçı olmaq arzusunda idi. Lakin bir təsadüf müvəqqəti olsa da, onun peşə yolunun istiqamətini dəyişdirdi. 1956-cı ildə respublika televiziyası ilk fəaliyyətinə başladı. Mətbuatda televiziya üçün diktor müsabiqəsi elan olunmuşdu. Nailə hələ orta məktəbdə oxuduğu illərdə gözəl diksiyası, səlis və rəvan danışığı ilə diqqəti çəkirdi. Xüsusilə də ədəbiyyat müəllimləri onun bədii qiraətinə aşiq idilər. Tez-tez bu balaca qızcığaza şeir öyrədirdilər ki, tədbirlərdə söyləsin. Elə ali məktəbdə də müəllimləri onun səsindəki qeyri-adiliyi sezmişdilər. Bu səbəbdən də universitet müəllimlərindən biri Nailəyə məsləhət görüb ki, televiziyanın keçirdiyi müsabiqədə iştirak etsin. O zaman bu müsabiqə sadəcə sorğu-sualdan ibarət deyildi, əsl sənət imtahanı idi. O adamlar müsabiqənin qalibi olurdular ki, həm ana dilində, həm də rusca mükəmməl danışa bilsinlər, diksiyaları aydın olsun. Müsabiqədə 200-ə qədər gənc oğlan və qız iştirak edirdi. Müsabiqə zamanı hər iki dildə müxtəlif məzmunda və intonasiyada mətnlər oxuyan Nailə Mehdibəyovanın danışığı, səs ahəngi yüksək qiymətləndirildi. Beş turdan ibarət müsabiqənin nəticəsi elan olunanda Nailə Mehdibəyova qulaqlarına inanmayıb. Sənət yarışında 200 rəqibin arasında yalnız iki qız - Nailə Mehdibəyova və Tamara Gözəlova qalib çıxmışdı. İki ilə yaxın televiziyada işləyən Nailə xanım sonra Şamil Budaqov adlı bir gənclə ailə qurub. Həyat yoldaşının işi ilə əlaqədar Moskvaya köçüblər. Beləliklə, cəmi iki il Azərbaycan televiziyasında diktor işləyən Nailə Mehdibəyova öz adını ilkinlər sırasına yazmağa nail olub.

Onun Moskva həyatı da maraqlıdır. Bir müddət Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun bələdçisi olub. Yəni, Moskvaya gələn qonaqları, turistləri, eləcə də yerli sakinləri doğma vətəni ilə tanış edib. Sonra burada da çox tablaşa bilməyib. Nəhayət, uzun illərdən sonra öz sənətinin arxasınca gedib. Moskvadakı orta məktəblərdən birində kimya fənnindən dərs deyib. Sonralar direktor kimi fəaliyyət göstərib. Onun direktor olduğu beynəlmiləl məktəbdə müxtəlif ölkələrdən gələn şagirdlər təhsil alırdılar. Ömrü-günü bu şəhərə bağlansa da, fikri həmişə Azərbaycanda, Şuşada olan Nailə xanımın övladları da onun yolunu seçdilər.

 

 Sənətin ucalığında

 

 Azərbaycan televiziyasında, demək olar ki, öz məktəbini yaratmış bu görkəmli diktor səsinin ahəngi, diksiyası, gözəl natiqlik qabiliyyəti ilə seçilən bir sənət adamıdır. Ömrünün, demək olar ki, çox hissəsini Azərbaycan televiziyasına həsr edib. Şuşadan Bakıya gələn Rafiq Hüseynov həyatın çox ağrılı-acılı məqamlarını yaşayıb. Televiziya həmişə onu diqqət mərkəzində saxlayırdı. İlahi ona çox məziyyət bağışlayıb - uca boy, yaraşıqlı qamət, əfsunlu səs, cazibəli danışıq. Gözəl nitq mədəniyyətinə, təsiredici və geniş diapazonlu səsə, son dərəcə sərbəst, sadə, məlahətli danışığa malik olan Rafiq Hüseynov keçmiş SSRİ-nin ən məşhur diktorlarından sayılırdı. Bu sənətin zirvəsində dayanan Rafiq Hüseynov hər bir mətni məzmunundan asılı olaraq inandırıcı şəkildə çatdırmağı bacaran, danışıq texnikasından ustalıqla bəhrələnən, tamaşaçı yaddaşında qalan diktordur. Həyatın bir sıra sınaqları ilə də üzləşən Rafiq Hüseynov, əslində, abidələşən bir səsin şöhrətini də yaşayıb, iztirablarını da. Çox erkən sinəsinə övlad dağı çəkildi. Ailə deyilən o müqəddəs ocağın tez-tez yanıb-sönməsi həyatından izsiz keçmədi. Gah haqsız olaraq öz doğma işindən uzaqlaşdırıldı, bir ara tamaşaçılar onun üzünə həsrət qaldılar, sonda isə hər şey öz yoluna düşdü. Rafiq Hüseynov hazırda Azərbaycan televiziyasında çalışır. Bu gün onun çoxsaylı yetirmələri var.

Diktorluq sənətinin görkəmli nümayəndələrindən olan Rafiq Hüseynov bir sıra filmlərin də müəllifi kimi öz adını mədəniyyət tariximizə yazıb. 1991-ci ildə "Ölü zona" filminə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Azərbaycan efiri üçün Rafiq Hüseynov çox dəyərli bir şəxsiyyətdir. Göstərdiyi zəhmətə görə xalq artisti fəxri adına layiq görülən Rafiq Hüseynov bu gün Azərbaycan diktorlarının müəllimi sayılır. Ondan dərs alanlar, öyrənənlər isə bu sənətkarın ardıcılları olmaq missiyasını şərəflə yerinə yetirirlər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 10 avqust.- S. 5.