Bürünc medallı
olimpiyaçılarımız
Bütün dünyanın böyük həyəcanla izlədiyi London Olimpiadasına sabah yekun vurulur. Hər Olimpiya Oyunlarında qazandığı yüksək nəticələrlə xalqımızı sevindirən idmançılarımız budəfəki yarışlarda da uğurla çıxış edərək Vətənə medallarla qayıdırlar. Hələ medal aktivimizdə qızıl əyarlı mükafat olmasa da, olimpiyaçılarımızın göstərdiyi nəticələr diqqətəlayiqdir. Ümid edirik ki, London-2012-nin son günündə olsa da, idmançılarımız qızıl medal qazanaraq xalqımızı sevindirəcəklər.
Məlum olduğu kimi, bürünc medal qazanmış idmançılarımızın arasında ağır atlet və güləşçilər də var. Bunlar Valentin Xristov (ağırlıqqaldırma), Emin Əhmədov (yunan-Roma) və Yuliya Ratkeviçdir (qadın güləşi).
Şübhəsiz, Olimpiadada qazanılan ilk uğur daha yaddaqalan olur. Olimpiyaçılarımız bu uğura idmanın ağırlıqqaldırma növündə imza atdılar. Medal bürünc oldu, sahibi isə 18 yaşlı Valentin Xristov idi. 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Valentin bu mükafatı 286 xalla əldə etdi.
Ağır atletimiz birdənqaldırmada 120 kiloqram, təkanlaqaldırmada isə 150 kiloqram sifariş etmişdi. İdmançımızın ilk cəhdi uğurlu oldu. O, 120 kiloqram çəkini 123 kiloqram çəkiyə dəyişdi və bunun öhdəsindən asanlıqla gəldi. Rəqiblərinin çıxışına uyğun olaraq, Valentin ikinci cəhdində 127 kiloqram çəki sifariş verdi və bu "yük"ü də qaldırmağı bacardı. Nəhayət, üçüncü cəhddə atletimiz 130 kiloqram sifariş versə də, buna nail ola bilmədi və 127 kiloqram çəki ilə kifayətlənməli oldu. Nəticədə idmançımız birdənqaldırmada dördüncü yeri tutdu.
Təkanlaqaldırmada idmançımız rəqiblərinin çıxışına uyğun olaraq, 154 kiloqram sifariş etdi və ağırlığı başı üzərinə qaldırdı. İkinci cəhddə 158 kiloqram sifariş etsə də, bunun öhdəsindən gələ bilmədi. Amma üçüncü cəhddə Valentin 159 kiloqram çəki sifariş etdi və bu dəfə ağırlığı qaldıra bildi.
Beləliklə, ümumi nəticədə 286 xal toplayan Valentin Xristov üçüncü pillədə qərarlaşdı və Olimpiadada Azərbaycanın ilk medalını qazandı.
Yarış başa
çatdıqdan sonra dövlət
başçısı İlham Əliyevin
ağır atletimizi və
yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə
təbrik etdi. Bu, Valentin üçün
ən unudulmaz anlardan biri idi...
Valentin Xristov 1994-cü il martın 30-da Bolqarıstanda
anadan olmuşdur. Yaşının az olmasına baxmayaraq, karyerası çox zəngindir. Ötən il Fransanın paytaxtı Parisdə keçirilmiş kişilər
və qadınlar arasında dünya çempionatında 3-cü yeri
tutmuş təmsilçimiz
elə həmin il Türkiyənin Antalya şəhərində qitə
birinciliyinin qızıl
medalına layiq görülmüşdür. Xristov
həm də gənclər arasında Avropa, yeniyetmələr arasında dünya rekordçusudur.
Təmsilçimiz London Olimpiadasına vəsiqəni
2011-ci və 2012-ci illərdə
Türkiyə və Fransada təşkil olunmuş lisenziya xarakterli yarışların yekunlarına
əsasən əldə
etmişdir.
Hər dəfə Olimpiya Oyunları kimi mötəbər idman turnirlərində Azərbaycan
komandasının heyətində
idmançılardan biri
nümayiş etdirdiyi
görüşlərlə diqqəti cəlb edir. Londonda yunan-Roma güləşi üzrə 74 kq çəki dərəcəsində
çıxış etmiş
Emin Əhmədov məhz belə bir idmançı oldu.
Emin ilk dəfə idi ki, Yay Olimpiya
Oyunlarında iştirak
etmək imkanı qazanmışdı. Dünyanın
ən mötəbər
idman turnirində mübarizəyə 1/8 final mərhələsindən
başlayan gənc idmançı əvvəlcə
xorvatiyalı Neven Zuqaj ilə qarşılaşdı. Pəhləvanımız
Xorvatiya təmsilçisini
hər iki hissədə məğlub
edərək 1/4 final mərhələsinə
adladı. Növbəti
mərhələdə isə
Eminin rəqibi daha güclü idmançı idi. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı
Zurab Datunaşvilini də mübarizədən
kənarlaşdırdı. O, ilk hissədə rəqibinə
uduzsa da, sonrakı hissələrdə
qələbə qazandı
və yarımfinala çıxdı. Təəssüf
ki, pəhləvanımız
finala vəsiqə qazana bilmədi. Bununla belə, azərbaycanlı
güləşçi Olimpiya
Oyunlarını mükafatla
başa vurdu. Emin bürünc medal uğrunda görüşdə
belaruslu Aleksandr Kikinyov ilə qarşılaşdı. Gərgin
keçən görüşün
ilk hissəsində rəqib
irəlidə olsa da, Emin növbəti
hissələrdə ona
heç bir şans vermədi. Nəticədə dalbadal iki hissədə qalib gələn pəhləvanımız bürünc
medala yiyələndi.
Bu, olimpiyaçılarımızın Londonda qazandığı
üçüncü medal oldu.
Qeyd edək ki, Emin bir çox ölkədaxili və beynəlxalq turnirlərin qalibi olmuşdur. Ən böyük nailiyyətlərindən biri 2009-cu il "Qızıl Qran-pri" turnirində qazandığı
bürünc medaldır.
Pəhləvan London Yay
Olimpiya Oyunlarına lisenziyanı Çinin Tayuan şəhərində
keçirilən güləş
üzrə dünya təsnifat turnirində qazanmışdır. Londondan
isə sinəsində
bürünc medalla qayıdır...
Eminin idmançı karyerasında
parlaq gələcəyi
hələ qabaqdadır.
Ümid edirik ki, ilk iştirakındaca bürünc mükafat almış pəhləvanımız
növbəti Olimpiya Oyunlarında qızıl medalı da qazanacaq.
Olimpiadada
qadın güləşçilərimiz
ölkə idmanının
tarixinə yeni səhifə yazdılar desək, yanılmarıq.
Mariya Stadnikin gümüş
medal qazanmasından bir
gün sonra Yuliya Ratkeviçin daha bir uğura
imza ataraq bürünc əyarlı
mükafata sahib olması
qadın güləş
məktəbinin inkişafından
xəbər verir.
Yuliya Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən
qoşulmuşdu.
Burada yunanıstanlı
Mariya Prevolaraki ilə qarşılaşmış
təmsilçimiz ilk raundun
əvvəllərində çətinlik
yaşasa da, yekunda qalib gəlməyi
bacarmışdı. Birinci hissəni 2:0 hesabı ilə öz xeyrinə bitirən Yuliya ardınca 1:0 hesabı ilə rəqibini məğlub etmişdir. Lakin təmsilçimiz 1/4
finalda ciddi rəqabətlə üzləşmişdi.
Belə ki, Yuliya Yaponiya təmsilçisi Saori Yoşida ilə görüşdə istənilən
nəticəni əldə
edə bilməmişdi:
hər iki hissədə güclü
olan (1:0, 2:0) yaponiyalı
idmançı mərhələ
adlamışdı.
Buna baxmayaraq, Ratkeviç isə medal şansını
itirməmişdi. Saori
Yoşida finala çıxdığından
güləşçimiz 3-cü yer uğrunda təsəlliverici görüşlərə
qatılmışdı. Onun
burada ilk rəqibi amerikalı Kelsi Kampbell oldu. Təmsilçimiz üçün
asan keçən görüşdə rəqib
bir xal belə
qazana bilmədi və Yuliya hər iki hissəni
qələbə ilə
başa çatdırdı
- 4:0, 1:0.
İdmançımız bürünc
medal uğrunda həlledici
mərhələdə rusiyalı
Valeriya Jolobova ilə üz-üzə gəldi. 19 yaşlı rəqib Ratkeviçə heç bir müqavimət göstərə
bilmədi. O, ilk hissədə
0:6, növbəti 2 dəqiqədə
1:2 hesabı ilə uduzdu. Nəticədə,
Yuliya Azərbaycana
növbəti medalı
qazandırdı.
Yuliya Ratkeviç 1985-ci il iyulun 16-da Belarusda anadan olmuşdur. Uşaqlıq illərindən güləşə
maraq göstərmiş,
idmanın bu növündə uğur əldə etmək üçün səylə
çalışmış, nəticə etibarilə qələbələr bir-birinin
ardınca gəlmişdir.
Qadın güləşçimiz
2009-cu ildə dünya
çempionu ünvanına
sahib olmuşdur. Həmin
il Bakıda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş
üzrə "Qızıl
qran-pri" beynəlxalq
turnirinin gümüş
medalına sahib çıxmışdır.
Bir il sonra
dünya çempionatında
gümüş medal qazanmış
Yuliya 2011-ci ildə Avropa çempionu olmuşdur.
İdmançımız London Yay Olimpiya Oyunlarına
lisenziyanı Bolqarıstanın
paytaxtı Sofiya şəhərində keçirilmiş
Avropa təsnifat turnirində əldə etmişdir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 11 avqust.- S. 1.